14 İyun 2022 01:23
3281
SİYASƏT
A- A+
Azərbaycan bölgədə təhlükəsizlik sisteminin ən mühüm tənzimləyici amilidir

Azərbaycan bölgədə təhlükəsizlik sisteminin ən mühüm tənzimləyici amilidir

 

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil USUBOV:

"Prezident İlham Əliyev Cənubi Qafqazın təhlükəsizlik sistemini yenidən qurur, onu sağlam əsaslarla formalaşdırır və bölgənin iqtisadi, sosial inkişafı üçün etibarlı zəmin yaradır"

 

 Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, respublikamızın, ümumilikdə isə Cənubi Qafqazın təhlükəsizliyinə təhdidləri aradan qaldırdı. Artıq bölgədə sabit təhlükəsizlik sistemi formalaşır və o, davamlı şəkildə möhkəmlənir.

Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, imzalanan sənədlər və sazişlər Azərbaycanın müəyyənləşdirdiyi yeni geosiyasi reallıqlarda respublikamızın mövqeyini və şəriksiz liderliyini daha dayanıqlı edir. Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsi isə bu kontekstdə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil USUBOV qəzetimizə müsahibəsində imzalanmasının birinci ildönümü tamam olan bəyannamənin ölkəmizin və bölgənin təhlükəsizlik sisteminə göstərdiyi təsirlər və digər aktual proseslərlə bağlı fikirlərini bölüşür.

- Ramil müəllim, tariximizin mühüm əlamətdar məqamlarından olan Qurtuluş gününü indi həm də Şuşa Bəyannaməsinin ildönümü ilə birgə qeyd edirik. Qurtuluşdan Zəfərə doğru gedilən yol və onun nəticələrindən olan bu bəyannamə Azərbaycanın təhlükəsizlik sistemində hansı həlledici rola malikdir?

- Öncə oxucularınızı Qurtuluş günü münasibətilə təbrik edirəm. Bu möhtəşəm gün özünün 29-cu ildönümündə də misilsiz əhəmiyyətini, böyük tarixi təsirini qoruyub saxlayır.

Xaosdan, başıpozuqluqdan sabitliyə, siyasi və iqtisadi böhrandan inkişafa, gerçək müstəqilliyə doğru keçidin başlanğıcı olan Qurtuluş günü Heydər Əliyev-Xalq vəhdətinin, birliyinin təcəssümü idi. İndi tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da məhz Qurtuluş missiyasının parlaq nəticəsidir.

Ulu Öndərin Qurtuluş missiyasının məntiqi davamı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü sərkərdəlik bacarığı sayəsində əldə olunan böyük Zəfərdir. Qurtuluşdan Zəfərə doğru xalqımız, Silahlı Qüvvələrimiz Heydər Əliyev irsinə sədaqətlə, Prezident İlham Əliyevin rəhbərliyi altında çətin, məsuliyyətli və şərəfli yolla irəlilədi, ikiəsrlik münaqişəyə, 30 illik işğala son qoydu, Ulu Öndərın tarixi vəsiyyətini ləyaqətlə icra etdi.

Sualınıza gəlincə isə, qeyd edim ki, Qurtuluş məhz milli təhlükəsizlik sisteminin tam miqyasda formalaşmadığından tarixi zərurət kimi meydana çıxdı. 1993-cü ilədək olan dövrdə təhlükəsizliyin bütün istiqamətləri üzrə - yəni hərbi, siyasi, iqtisadi, sosial, informasiya, ekologiya, qida və digər sahələrdə təhlükəsizliyə ciddi təhdidlər vardı, daha doğrusu, yeni müstəqillik qazanmış ölkədə möhkəm və sabit təhlükəsizlik sistemi, ümumiyyətlə, yox idi. Xalqımız Heydər Əliyevi Qurtuluş missiyası ilə hakimiyyətə ölkədə təhlükəsizliyi təmin etmək məqsədilə çağırmışdı. Çünki təhlükəsizliyin, sabitliyin olmadığı yerdə nə inkişafa nail oluna bilərdi, nə müstəqillik qorunardı, nə də dövlətçilik formalaşardı. Ulu Öndər də fəaliyyətinin əsas hədəfi kimi bu çətin vəzifəni böyük ustalıq və müdrikliklə həyata keçirdi.

Möhtərəm Prezident İlham Əliyev isə Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini mühüm hədəf kimi müəyyənləşdirmişdi. Cənab Prezident bu taleyüklü vəzifəni möhtəşəm liderlik məharətilə cəmi 44 gün ərzində reallaşdırdı.

Beləliklə, müstəqil Azərbaycanın milli təhlükəsizlik sisteminin yaranması prosesində Qurtuluş missiyası möhkəm bünövrə və uğurlu başlanğıc oldu. Tarixi Zəfər isə bu sistemin son hədəfini gerçəkləşdirərək, onun tamlığını təmin etdi.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə yaranan yeni hərbi-siyasi reallıq Azərbaycanın milli təhlükəsizlik sisteminin təməl hədəflərini həyata keçirməklə yanaşı, onu müasir dövrün çağırışlarına uyğun olaraq daha təkmil şəkildə möhkəmləndirmək mərhələsini başlatdı. Təcavüzə məruz qalan ölkədən qalib dövlətə keçidin məntiqi nəticəsi kimi möhtərəm Prezident tərəfindən təhlükəsizlik konsepsiyasında da yeni vəzifələr, istiqamətlər, hədəflər, məsuliyyətlər müəyyənləşdirilir. Şuşa Bəyannaməsi də bu kontekstdə xüsusilə fərqlənir və təhlükəsizlik sisteminin dayanıqlığının möhkəm təməllərindən biri kimi dəyərləndirilir.

- Ötən bir il ərzində Şuşa Bəyannaməsinin icrası prosesi necə həyata keçdi?

- Azərbaycanın müstəqilliyini beynəlxalq miqyasda ilk tanıyan dövlət olan Türkiyə ilə indiyədək istisnasız olaraq, bütün sahələr üzrə çoxsaylı əməkdaşlıq sənədləri imzalanıb və onlar uğurla icra olunur. Ulu Öndərin böyük səyləri ilə 1994-cü ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə" və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol" dövlətlərarası münasibətlərin sağlam əsaslarla inkişafına rəvac verdi. 2010-cu ildə imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın timsalında xalqlarımızın, dövlətlərimizin dünyada bənzəri olmayan dostluq və qardaşlıq münasibətlərinin inkişafının yeni parlaq göstəricisi oldu.

Şuşa Bəyannaməsi isə Azərbaycanın təhlükəsizlik sisteminin formalaşmasında uzun müddətdir mühüm qardaşlıq və strateji tərəfdaşlıq yardımı göstərən Türkiyə ilə imzalanan, təhlükəsizlik və hərbi sahədə əməkdaşlıgı daha üst səviyyəyə qaldıran, indiyədək həyata keçirilən müştərək tədbirlərin və ümumilikdə fəaliyyətin miqyasının daha da genişlənməsini vacib sayan əsas çərçivə sənədlərindən biridir. O, iki dövlətin, iki Prezidentin müxtəlif sahələr üzrə, xüsusən hərbi təhlükəsizlik sahəsində fəaliyyət istiqamətlərini, hədəflərini bəyan edən ali səviyyəli sənəddir.

Müharibəyə qədərki dövrdə Türkiyənin Azərbaycandakı hərbi-təhlükəsizlik sahəsində təmsilçiliyi yalnız birgə təlimlərdə iştirak, hərbi kadrların və müdafiə sənayesi potensialının, arsenalının təkmilləşməsinə yardım idi. Savaş müddətində isə qardaş ölkə haqq işimizə birmənalı mənəvi, siyasi, diplomatik dəstək göstərməklə yanaşı, öz hərbi sənayesinin modern qurğuları ilə də qələbəmizə töhfə verdi. Türkiyənin bölgədə daha fəal hərbi-təhlükəsizlik təmsilçiliyi artıq zərurətə çevrildi. Bu məqam Ermənistanın təslimçilik aktı kimi tarixə düşən üçtərəfli razılaşma sənədində "sülhməramlı mərkəz" statusunda xüsusi müddəa ilə təsdiq olundu.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti Şuşa Bəyannaməsində təqdir edilib, bu sahənin mütəxəssisləri, rəsmi qurumlar tərəfindən də razılıqla qarşılanıb. Həmçinin bəyannamə imzalanandan sonra ölkəmizdə Türkiyə Silahlı Qüvvələrini təmsil edən Xidmət Qrupu fəaliyyətə başlayıb.

İki dövlətin hərbi-təhlükəsizlik əlaqələrini fəaliyyət prioritetlərindən biri kimi elan edən Şuşa Bəyannaməsi həm də bu sahədəki əməkdaşlığın genişlənməsini konkret vəzifə kimi müəyyənləşdirib. Bu istiqamətdə ötən dövrdə səmərəli, qürurdoğurucu nəticələr əldə olunub. Ötən ayın sonunda Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı bu əməkdaşlığın bir qismini nümayiş etdirən mühüm tədbir idi. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan çıxışlarında bir daha vurğuladılar ki, gündən-günə daha da güclənən əlaqələr bir bölgə ilə məhdudlaşmır, ümumilikdə qlobal təhlükəsizlik sisteminin möhkəmlənməsinə iki dövlətin töhfəsidir.

- Şuşa Bəyannaməsində belə bir müddəa var: "Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir". Bu sahədə fəaliyyət necə gedir?

- Bu istiqamətdə fəaliyyət hər iki ölkə rəhbərinin koordinasiyası və müvafiq tapşırıq, göstərişləri əsasında uğurla həyata keçirilir. Davamlı məsləhətləşmələr, qərarların uyğunlaşdırılması, qarşılıqlı anlaşma kimi mühüm əhəmiyyət kəsb edən proseslər olduqca çevik və səmərəli mexanizm əsasında yürüdülür.

Azərbaycan və Türkiyə Təhlükəsizlik şuraları arasında əməkdaşlığa gəlincə isə, qeyd edim ki, bu münasibətlər ölkə başçılarının rəhbərliyi altında düzgün və məhsuldar məcrada davam edir. Şuşa Bəyannaməsi isə qurumlarımız qarşısında yeni vəzifələr müəyyənləşdirib. Biz hər iki Prezidentin bilavasitə əlaqələndirməsi ilə qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin artırılması üçün mütəmadi məsləhətləşmələr aparır, görüşlər təşkil edirik.

Ötən ilin sonlarında Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun dəvəti ilə Ankaraya səfərimiz oldu. Azərbaycan Prezidentinin tapşırığı ilə dövlətlərarası və regional təhlükəsizlik məsələlərinin ən aktual gündəm mövzularını həmkarımla müzakirə etdim. Səfər müddətində keçirilən bütün görüşlərdə dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğu, regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Dövlət başçılarının qardaşlıq, dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfələr verdiyi ortaq qənaətimiz idi.

Ötən ay isə Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlunun ölkəmizə səfəri baş tutdu. Görüşümüzdə Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr apardıq. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərin bu gün hər iki ölkənin prezidentlərinin liderlikləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlməsi qarşımızda daha məsuliyyətli vəzifələr müəyyənləşdirir. Səfərimiz zamanı "Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidməti və Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi arasında Anlaşma Memorandumu" imzalandı.

- Ramil müəllim, bu sahədə əməkdaşlıq, eləcə də Şuşa Bəyannaməsi qlobal təhlükəsizlik sisteminin möhkəmlənməsinə necə təsir edir?

- Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin - yeni çağırışlara uyğunlaşdırılan təhlükəsizlik konsepsiyasının ana xətlərindən birini təşkil edir. Yəni regional və qlobal təhlükəsizlik sistemində Azərbaycanın fəal iştirakını təmin edən konsepsiyasının icrasında rəsmi Ankara ilə birgə vahid mövqe, vahid fəaliyyət, vahid hədəflər müəyyənləşdirilir və prosesin icrasında effektiv nəticələr əldə olunur. Bu həm də Şuşa Bəyannaməsinin müddəalarından irəli gələn məsələdir.

Şuşa Bəyannaməsi regional, qlobal təhlükəsizliyin təminində birgə fəaliyyətin "yol xəritəsi"dir və daim yeni yanaşmalar tələb edir. Bu yöndə həyata keçirilən tədbirlər, müəyyənləşən hədəflər Azərbaycanla Türkiyənin daha da güclənən dövlətçilik qüdrətinə uyğun davamlı olaraq təkmilləşir.

Türkiyə indi Suriyadan Liviyayadək, Aralıq dənizindən okean körfəzlərinədək böyük coğrafi məkanda qlobal təhlükəsizliyin təmininə öz töhfələrini verir, hərbi-siyasi iştirakı ilə bu qaynar bölgələrdə sülhyaratma missiyası həyata keçirir. Azərbaycan Respublikası da beynəlxalq təhlükəsizliyin əsas təhdidləri olan qlobal terrorizmə, transmilli cinayətkarlığa qarşı səmərəli mübarizə aparır, müxtəlif münaqişə bölgələrində hərbi kontingenti ilə sülhməramlı fəaliyyət göstərir. Yəni hər iki dövlətin qlobal təhlükəsizliyin təminində müstəsna xidmətləri vardır.

Sadəcə bir fakta nəzər salmaq istərdim. ABŞ Prezidenti Cozef Bayden son üç ayda ölkə rəhbərimizə ünvanladığı hər üç məktubunda Azərbaycanın qlobal, xüsusən də Avropa məkanında təhlükəsizliyin sabitləşməsində həlledici rolunu vurgulayıb. Bu cür fikirlər, rəylər beynəlxalq miqyasda ən üst səviyyələrdə davamlı olaraq bəyan edilir. Bunlar, şübhəsiz ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə və müdrikliklə həyata keçirdiyi təhlükəsizlik konsepsiyasının nəticələridir.

- Yeri gəlmişkən, postmüharibə dövründəki diplomatik uğurlar son razılaşma sənədinin - sülh müqaviləsinin imzalanması və bölgədə təhlükəsizliyin tam təmini imkanlarını artırırmı?

- Ermənistanın təslimçilik aktını imzalamasından sonra Azərbaycan və Ermənistan rəhbərləri arasında Rusiya, Avropa İttifaqı Şurası və Fransa prezidentlərinin təşəbbüsü ilə real və onlayn formatda 7 görüş keçirilib. Fakt odur ki, danışıqların və sülh gündəliyinin məzmununu birmənalı olaraq cənab İlham Əliyev müəyyən edir. Müzəffər Komandan danışıqlar masasında da çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam ifadə edir. Hər görüşə Prezident İlham Əliyev konkret və dəyişməz şərti ilə gedir. Artıq müzakirələrdə cənab Prezidentin tələbi ilə "Dağlıq Qarabağ münaqişəsi", "status" kimi ifadələrdən istifadə edilmir, yəni onlar tarixin arxivinə gömülüb.

Vətən müharibəsindəki zəfəri postmüharibə dövründə diplomatik qələbələrlə davam etdirən Azərbaycan Prezidenti regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair təkliflərini təqdim edib. Bölgədə sülh və etimadın təşviqi, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin müəyyənləşməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiya-nəqliyyat xətlərinin açılması və müvafiq infrastrukturun yaradılması, gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı fəaliyyət əsasında təmin olunması, ərazidə reabilitasiya və rekonstruksiya işlərinin aparılması, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması və digər bu kimi məsələlər danışıqların mühüm mövzularıdır.

Ancaq indi ilkin hədəf sülh müqaviləsi üzrə danışıqlara başlamaq və sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı müzakirələri keçirməkdir. Artıq müvafiq dövlət komissiyasının tərkibi hər iki tərəfdə təsdiq olunub və sərhəd ərazisində ilk görüş keçirilib. Düzdür, Ermənistan bir neçə ay bu görüşü ləngitdi, danışıqlardan yayındı, ancaq nəticə etibarilə müzakirə masasına oturmağa məcbur oldu.

Növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır ki, artıq İrəvan burada da maneə yaratmaq imkanlarını itirir. Bu prosesdə də möhtərəm Prezidentin yüksək diplomatik məharəti əsas rol oynayır. Onun təşəbbüsü ilə İranla imzalanan anlaşma memorandumu əsasında, İran-Ermənistan sərhədindən 5 kilometr cənubdan keçərək Şərqi Zəngəzur ilə Naxçıvanı birləşdirən yeni nəqliyyat qovşağı çəkiləcək. Dəmiryol xəttindən, çoxzolaqlı avtomobil şosesindən, elektrik enerji ötürmə xətlərindən, rəqəmsal rabitə və başqa elementlərdən ibarət olacaq yeni nəqliyyat arteriyası Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın manevrlərini tam əhəmiyyətsiz edir. Ermənistan hakimiyyəti belə düşünür ki, yeni nəqliyyat qovşağı məsələsində guya üstün mövqedədir və şərtləri o diktə etməlidir. Ancaq möhtərəm Prezidentimiz cəmi 5 kilometr coğrafi fərqlə bu nəqliyyat qovşağının istifadəyə veriləcəyini bəyan etdi və Ermənistan növbəti dəfə hesablarında yanıldı.

Prezident İlham Əliyev Naxçıvana açılacaq birbaşa quru yol dəhlizinin alternativ variantı ilə sübut etdi ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır və heç bir maneə onu hədəflərindən çəkindirə bilməz. Ölkəmiz indi Ermənistanı qlobal layihələrdə iştirak imkanından növbəti dəfə təcrid edə bilər. Bu, İrəvanın son şansıdır və o, bu layihədən kənarda qalmaqla iqtisadi-sosial böhrandan xilas üçün yeganə imkanı da itirmiş olacaq.

Bölgədə formalaşan yeni təhlükəsizlik arxitekturasında cənab Prezident alternativ variantlar vasitəsilə sabitlik və inkişaf prosesini həm nə vaxtsa yaranacaq risklərdən qoruyur, həm də Azərbaycanın mürəkkəb situasiyalarda çoxgedişli manevr imkanlarını artırır.

Bu kontekstdə Azərbaycan Prezidentinin müdrik diplomatik bacarığının daha bir nümunəsi olan sənədə toxunmaq istərdim. Dövlət başçımızın cari ilin fevralında Rusiya Prezidenti ilə imzaladığı "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" dövlətlərarası münasibətləri regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırdı. Rusiyanın bölgəmizdə oynadığı rolu, tutduğu strateji mövqeyi nəzərə alsaq, bu fövqəldövlətin qlobal və regional miqyasda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycanla qarşılıqlı fəaliyyət göstərəcəyi öhdəliyini götürməsi böyük diplomatik nailiyyətdir.

- Bu prosesdə Ermənistanın özünü hələ ki kənarda saxlaması ona nə vəd edir? Həm də bu ölkənin əməkdaşlıqdan çəkinməsi ümumilikdə bölgənin sabit və davamlı inkişafına maneə yaradırmı?

- Elə son həftələrdə bu ölkə rəsmilərinin müxtəlif müzakirə masalarında və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlarda iştirakı göstərir ki, onlar güzəşt limitinin tükəndiyini anlayırlar.

Süni maneələr yaradan Ermənistanın əsassız iddialardan əl çəkməkdən, regional əməkdaşlıqdan başqa yolu yoxdur. Müharibədəki sarsıdıcı məğlubiyyət Ermənistanın iqtisadi-sosial durumunu tam iflasa sürükləyib, bu dövlətdə daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsi həddinə çatıb. Digər tərəfdən, sülh danışıqlarına etiraz məqsədilə aksiyalar təşkil edən müxalifətin öz məqsədinə çatmayacağı aydın olunca, onlara qoşulanların sayı getdikcə azalır. Həm də bu mitinqlərdə iştirak edənlərin əksəriyyəti yalnız ölkədəki acınacaqlı sosial duruma etirazlarını bildirirlər. Görünən odur ki, Ermənistan cəmiyyətində sülh danışıqlarına həm istək, həm də dəstək var.

Unudulmamalıdır ki, erməni xalqı ötənilki seçkilərdə "müharibə partiyası - hərbi xunta"nı təmsil edən müxalifətə yox, Azərbaycanla danışıqlara başlayacağını bəyan edən hakimiyyət partiyasına etimad göstərdi. Xalq Paşinyana mandatı məhz Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün verib, yəni erməni xalqı düşmənçilikdən bezib, çörək, iş və sabitlik istəyir.

Prezident İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin və xalqların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi, gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur. Qarabağın işğal altında olduğu 28 il ərzində orada olan bərəkətli torpaqlardan, zəngin təbii sərvətlərdən 20-30 hərbi cinayətkardan başqa, erməni xalqı nə xeyir gördü ki?! Qarabağda məskunlaşan, Ermənistanda yaşayan əhalinin sosial vəziyyəti bu illərdə günü-gündən pisləşdi, səfalətə sürükləndi.

Ancaq indi onların müqayisə imkanları vardır. 28 il talan edilən, daşı daş üstündə qalmayan ərazilər ötən ilyarımda Qafqazın ən nəhəng inşaat meydanına çevrilib, beynəlxalq hava limanları tikilir, müasir yollar, kilometrlərlə uzanan modern tunellər inşa olunur, "ağıllı kəndlər" salınır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi irs bərpa edilir, bölgənin mədəni-mənəvi inciləri yenidən həyata qayıdır, məktəblər, xəstəxanalar, sosial-humanitar infrastrukturlar inşa olunur. İşğalın amansız terroruna məruz qalan Şuşada məhz bu himayənin və qayğının nəticəsində indi elə bir həftə yoxdur ki, beynəlxalq tədbir, festival, görüş keçirilməsin.

Qarabağın və Şərqi Zəngəzurun hər qarışında quruculuq, intibah və təhlükəsizlik bərqərar olur. Orada insanların istifadə edəcəyi bütün infrastrukturların normativləri, əslində, zamanı qabaqlayır və sabahın texnologiyalarına uyğunlaşdırılır.

Bunları Azərbaycan dövləti edir və ermənilərə də deyilir ki, gəlin, bu inkişafın, təhlükəsiz həyatın bir parçasına çevrilin.

Cənab İlham Əliyev bölgədə ədaləti və təhlükəsizliyi təmin etdi. Onun qurucu, yaradıcı missiyası isə Cənubi Qafqazda tərəqqinin və sabitliyin yeganə təminatçısıdır.

Qərb ölkələrinin bölgədə həlledici amil kimi dəyərləndirdikləri Azərbaycan və onun qüdrətli Lideri öz uğurlu təşəbbüsləri ilə Avrasiya məkanının enerji, nəqliyyat, logistika təhlükəsizliyini yaradır, mühüm geostrateji əhəmiyyətə malik qlobal layihələrə müəlliflik edir.

İkiəsrlik münaqişəni 44 gündə həll edən Müzəffər Ali Baş Komandan indi Azərbaycanın inkişafının, təhlükəsizliyinin əsrlər boyu davam edəcək möhkəm təməlini formalaşdırır. 29-cu ildönümünü qeyd etdiyimiz Qurtuluşun ən böyük həqiqəti, təntənəsi də budur!

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!