25 Noyabr 2022 03:16
1179
SİYASƏT
A- A+

Avropa bəyan etdi: İlham Əliyevə ehtiyacımız var

 

Azərbaycan Prezidentinin qlobal liderliyi, etibarlı tərəfdaşlığı və yüksək nüfuzu Avropada növbəti dəfə etiraf olundu

 

Prezident İlham Əliyevin Serbiyada yüksək səviyyədə qarşılanması hələ bu ölkənin hava məkanından başladı. Səmaya qaldırılan qırıcılar Azərbaycan Prezidentinin təyyarəsini yüksək ehtiramın əlaməti olaraq Belqrad hava limanına qədər müşayiət etdilər. Bəzən qonaq prezidentə ehtiram nümunəsi kimi onu motosikletçilər dəstəsi, atlılar müşayiət edirlər. Lakin qırıcıların havalandırılması qarşılanma protokolunda çox nadir hadisədir.

 

Qırıcıları havalandıran Aleksandar Vuçiç İlham Əliyevi hava limanında özü qarşıladı

 

Rəsmi protokol qaydalarında daha geniş yayılmış təcrübəyə əsasən, rəsmi və ya işgüzar səfərləri zamanı dövlətin başçısını bəzən baş nazirlər, çox vaxt isə nazirlər və ya müavinləri qarşılayır. Azərbaycanda da ölkəmizə səfər edən dövlət rəhbərlərinin qarşılanmasında bu praktikadan istifadə edilir.
Serbiyada isə Azərbaycan Prezidenti, qeyd etdiyimiz kimi, ilk andan ən yüksək ehtiram formatında qarşılandı. Qırıcı təyyarələri İlham Əliyev üçün havalandıran bu ölkənin Prezidenti Aleksandar Vuçiç həm də Belqrad şəhərinin "Nikola Tesla" hava limanında Azərbaycan Prezidentini şəxsən özü qarşıladı….
Beləliklə, İlham Əliyevin Serbiya ərazisinə daxil olduğu ilk andan xüsusi hörmətlə qarşılanması göz önündə idi və təbii ki, bu, Azərbaycan Prezidentinin yüksək beynəlxalq nüfuzunun ən bariz göstəricilərindən biridir.
Xatırladaq ki, ötən ay Qırğız Respublikasına dövlət səfəri zamanı Prezident İlham Əliyevi hava limanında bu ölkənin Prezidenti Sadır Japarov qarşılamışdı. İyun ayında Özbəkistan Respublikasına dövlət səfəri zamanı isə Prezident İlham Əliyevi hava limanından Prezident Şavkat Mirziyoyev yola salmışdı. 

 

İlham ƏLİYEV: "Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq"

 

Azərbaycanın keçmiş Yuqoslaviya ölkələrinin hər biri ilə sıx əlaqələri var. Bu sırada Serbiya ilə münasibətlər xüsusilə qeyd olunmalıdır. Bu ölkə hər zaman Azərbaycanla əməkdaşlıq əlaqələrinə xüsusi diqqətlə yanaşıb.  Xüsusən son onillikdə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın təməli qoyulub. 
Təbii ki, bu məsələdə dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli hüquqi bazanın gücləndirilməsi əhəmiyyətli rol oynayıb. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib. Bunlar bir daha göstərir ki, Serbiya prezidentləri Azərbaycanla əlaqələrin inkişafına hər zaman xüsusi diqqət yetiriblər.
"Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı" da bu iki ölkə arasındakı əlaqələrin mahiyyətini, strateji və həm də səmimi ruhunu tam göstərir. Prezident İlham Əliyevin səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat", "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum" və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi" isə strateji tərəfdaşlığı yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar: "Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir".

 

Aleksandar VUÇİÇ: "Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq"

 

Bütövlükdə İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı ikitərəfli gündəliyin bütün məsələləri müzakirə edildi, yeni tərəfdaşlıq imkanları nəzərdən keçirildi, qarşılıqlı münasibətlərin hüquqi bazası daha da möhkəmləndirildi. Əlbəttə ki, bu səfər iki dövlət arasındakı münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəldilməsini təmin edəcək.
Bununla yanaşı,  bu səfər əvvəldən sona kimi Prezident İlham Əliyevə beynəlxalq səviyyədə olan yüksək ehtiramın ən gözəl nümunəsi oldu. Təyyarələri havaya qaldıran, şəxsən hava limanına gələn Prezident Aleksandar Vuçiç həm təkbətək, həm geniştərkibli görüşlərdə, həm də mətbuata bəyanatında İlham Əliyevin ünvanına söylədiyi "Sizin fəaliyyətiniz daha məhsuldardır", "Bilirəm ki, ölkəmizə səfərinizi öz gündəliyinizə salmaq nə dərəcədə çətin idi", "Bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik", "Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır", "Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir" kimi ifadələr Azərbaycan Prezidentinin şəxsiyyətinə, fəaliyyətinə, etibarlı tərəfdaş olmasına verilən ali qiymətlər və yüksək ehtiramın təcəssümü idi. 
"İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər". Bu sözlərlə Aleksandar Vuçiç İlham Əliyevin prezidentliyinin, liderliyinin, qlobal məsələlərə baxışlarının ən mükəmməl siyasi portretini yaratdı. 
Serbiya Prezidenti Aleksandar Vuçiç Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində də Prezident İlham Əliyev haqqında yüksək fikirlər söyləmişdi. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev Avropada qəbul edilən nüfuzlu liderdir. Bunu şərtləndirən əsas amil isə Prezident İlham Əliyevin yürütdüyü siyasətdir.  Beynəlxalq münasibətlərdə Azərbaycanın güclü və aparıcı mövqeyini təmin edən bu siyasətin nəticəsi olaraq Prezident İlham Əliyevin şəxsiyyəti və fəaliyyəti qlobal miqyasda ehtiramla qarşılanır.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video