Qlobal xam neft və neft məhsullarının təxminən beşdəbirinin daşındığı Hörmüz boğazının bağlı qalması Asiyanın ən böyük neft alıcılarını müxtəlif həll yolları axtarmağa vadar edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Asiyanın əsas neft idxalçıları 7 həftədən çox davam edən Yaxın Şərqdəki münaqişənin təsirlərini azaltmaq üçün müvəqqəti üsullara əl atırlar.
Çin və Hindistan kimi ölkələr Hörmüz böhranının öz iqtisadiyyatlarına təsirini məhdudlaşdırmaq və təchizat vəziyyətini müəyyən dərəcədə qorumaq üçün müvəqqəti həllərdən istifadə edirlər. Lakin bu həllər də tədricən tükənir. Belə ki, bu müddətdə Çin və Hindistan İranla ikitərəfli müqavilələrdən tutmuş Rusiya və İran neftini daşıyan gəmilərdəki yüklərin istifadəsinə kimi bir çox üsula əl atıblar. Sanksiya siyahısında olan Çinin özəl neft emalı zavodlarına gedən gəmilər isə hazırda ABŞ-nin blokadasını sınamaqda tərəddüd edirlər. Lakin Çin enerji təhlükəsizliyinə qoyulan investisiyalar və 1 milyard bareli aşan neft ehtiyatları sayəsində daha güclü mövqedədir. Dünyanın ən böyük neft istehlakçısı olmasına baxmayaraq, Çin də qiymət artımlarından təsirlənir. Dövlətə məxsus neft emalı zavodları istehsalı azaltmağa başlayıblar. Çindəki özəl neft emalı zavodları daha yüksək qiymətlər və daha az tədarüklə üzləşirlər.
Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan isə daha həssas vəziyyətdədir. Çünki bu ölkə təkcə xam neft üçün deyil, həm də məişətdə istifadə olunan mayeləşdirilmiş neft qazı (LPG) üçün də Körfəzdən asılıdır. Hindistan İranla ikitərəfli müqavilə sayəsində LPG və digər gəmilər üçün Hörmüz boğazından keçidi təmin edə bilmişdi. Lakin son dövrlərdə bu mümkün olmur. Buna görə də, Hindistanda təchizat çatışmazlığı daha çox özünü göstərir. Hindistan bu boşluğu aradan qaldırmaq üçün Rusiyadan neft idxalının həcmini artırıb.
Digər istehlakçı ölkələr isə qlobal neft tədarükündəki boşluğu aradan qaldırmaq üçün strateji ehtiyatlarını istifadə edirlər. Çin, Yaponiya və Koreya Respublikası, həmçinin neft-kimya komplekslərinin fəaliyyətlərini məhdudlaşdırıblar. Regionda butulkalardan tutmuş elektrik cihazlarına qədər hər şeydə istifadə olunan plastik məhsullarının istehsalı azalıb. Vyetnamda aviaşirkətlər uçuşları ləğv edir və ya ehtiyat planları hazırlayırlar. Cənub-Şərqi Asiyada məhsul yığımına hazır olan düyü tarlaları yanacaq və gübrə qiymətlərinin artması səbəbindən boş qalıb.
Qitədəki əsas neft emalı zavodları isə gələn ay üçün kifayət qədər ehtiyata sahib olduqlarını bildirirlər. Lakin hazırda qiymətlər Rusiya-Ukrayna müharibəsindən bəri müşahidə olunan səviyyələrdən xeyli yüksəkdir və tankerlərdəki neftin miqdarı da sürətlə azalır. Belə ki, fevralın ortalarında açıq dənizdəki tankerlərdə 20 milyon barel Rusiya nefti gözləyirdi. Bu miqdar hazırda 5 milyon bareldən aşağı düşüb, bəzi hesablamalara görə isə təxminən 3 milyon bareldir.
Qeyd edək ki, neft qiymətləri Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda kəskin dalğalanmalarla üzləşib. Bu dəyişkənlik tələbatın kəskin azaldığı COVID-19 dövründən bəri ən yüksək səviyyəyə çatıb.