21 Avqust 2024 09:35
211
Mədəniyyət
A- A+

Arxivlər - milli kimliyimizin sənədlərlə özünütəsdiqi

 

Azərbaycanın tarixi, ictimai-siyasi gündəmi, iqtisadiyyatı, elmi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, ayrı-ayrı şəxslərin həyatı və əmək fəaliyyətinə dair çox qiymətli, mötəbər sənədlərin qorunub saxlanıldığı arxivlər xalqımızın milli sərvətidir. 
Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə, strateji imkan və potensiallara, qədim dövlətçilik tarixinə malik Vətənimiz daim xarici müdaxiləçilərin diqqətini çəkmiş, yerləşdiyi region geosiyasi maraqların toqquşduğu məkana çevrilmişdir. Məhz bu və digər səbəblərdən məmləkətimiz və onun əhalisi haqqında doğru-dürüst materialların toplanması, obyektiv tarixin yazılması və xüsusən də həmin sənədlərin qorunub saxlanılması çox böyük çətinliklər və qurbanlar hesabına başa gəlib. Yaxın və uzaq keçmişdə baş verən taleyüklü proseslərin, aparılan iki və çoxtərəfli danışıqların, imzalanmış sazişlərin arxivləşdirilərək zamanın ağır sınaqlarından çıxması, eləcə də etibarlı təsdiqi, əslinin dəyişdirilməməsi üçün vətənpərvər ziyalılarımız tərəfindən irimiqyaslı işlər görülüb, zəngin məxəzlər bu günümüzə qədər gəlib çatıb. 
Ötən əsrin əvvəllərinə qədər ölkəmizdə dövlət idarəçiliyinin əsas atributlarından birini - xalqın milli-mənəvi sərvətini ehtiva edən arxiv yox idi. Çarizmin süqutu və 1917-1918-ci illərdə cərəyan edən qarışıq ictimai-siyasi proseslər dövlət idarələrinin, həmçinin sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanılması işini xeyli müşkülə salmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmaqda olan dövlət hakimiyyəti orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində müəyyən problemlər yaranmışdı. 1918-ci ilin oktyabrında sığorta qurumlarından birinin binası dəyişdirilərkən keçmiş hərbi-sənaye kompleksinin atılmış arxiv məlumatları aşkarlandı. Və bu, Cümhuriyyət hökumətinin diqqətindən yayınmadı. Noyabrın 3-də Dövlət Nəzarəti İdarəsi ölkə hüdudlarında bütün qeydiyyat işlərinin müharibə və inqilabi şəraitlə əlaqədar bərbad vəziyyətə düşdüyünü, sənədlərin təcili qaydaya salınmasının vacibliyini bildirdi. Mövcud durum nəzarətə götürüldü, dərhal bütün sənədlərin siyahısı hazırlandı, pərakəndə materiallar rəflərə yığıldı, gündəlik lazım olmayanlar bağlanıb ayrıca otaqda yerləşdirildi. Cümhuriyyət Xarici İşlər Nazirliyinin dəftərxanasının 9 iyul 1919-cu il tarixli təlimatında deyilirdi ki, arxiv arxivariusa etibar edilir. O da öz növbəsində Zaqafqaziyaya, əsasən də Azərbaycana aid bütün akt və sənədlərin, kağızların toplanması, sistemə salınması ilə məşğul olacaq. Arxivdə siyasi həyatın ən vacib hadisələrinə dair aktlar, işlənilərək başa çatdırılmayan işlər, qaytanlanmamış kitablar və nazirliyin qərarları saxlanılırdı. Həmin təlimatdan milli-demokratik ruhlu sələflərimizin arxiv məsələlərinə böyük əhəmiyyət verdiyi aydın nəzərə çarpır. Deməli, respublikada sözügedən sahənin nəzəri hissəsi və bəzi layihələrin icrası Xalq Cümhuriyyəti dövründə artıq vardı.
Arxiv işi üzrə praktiki fəaliyyətə isə bolşeviklərin hakimiyyəti ələ keçirmələrindən sonra başlanıldı.  1920-ci il dekabrın 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı "Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında" dekretlə arxivçiliyin rəsmi təməli qoyuldu, tədricən qanunvericilik bazası yaradıldı. Beləliklə, 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi kimi tarixə düşdü.
Sovetlərin ilk illərində arxivçilərimiz çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrinin, xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda mərkəzi dövlət arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Rəyasət Heyətinə həvalə olundu ki, bu da arxiv orqanlarının nüfuz və rolunu xeyli artırdı. Yerlərdə də adıçəkilən qurumlar yaradıldı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında mərkəzi arxiv, 1928-ci ildə isə bölgələrimizdə qəza arxiv bürolarının yaradılmasına start verildi. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirildi və onların işlərinin canlandırılması üçün Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edildi, əsasnamə təsdiqləndi. 1938-ci ildə arxiv təşkilatları Xalq Daxili İşlər Komissarlığının, 1960-cı ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin tabeliyinə verildi. Bir məqamı xüsusi vurğulamaq gərəkdir ki, xalqımız sənədlərdə özünütəsdiqi sayılan arxivlərinə yalnız 1991-ci ildə - keçmiş SSRİ dağıldıqdan sonra sahib oldu. Tam müstəqilliyini əldə etmiş respublikamızdakı bütün arxivlər həqiqi mənəvi sərvətimizə çevrildi. Yetmiş ildə yeddi qıfıl arxasında gizlədilmiş faktlar tariximizin tədqiqi üçün mütəxəssislərin üzünə açıldı. 
1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, 1968-1969-cu illərdə Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm, Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzində Mərkəzi Dövlət Arxivinin filialları yaradıldı, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrildi.
Hazırda arxiv fondlarında ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri sübut edən xeyli sənəd saxlanılır. Hələ Bakı kommunası dövründə erməni silahlı dəstələrinin və bolşeviklərin Bakıda, Şamaxıda, Qubada və s. yerlərdə törətdikləri vəhşiliklər haqqında Fövqəladə Təhqiqat Komissiyası üzvlərinin məruzələri, şahidlərin dindirilməsi haqqında protokollar, məhv edilmiş müsəlman kəndlərinin siyahısı, erməni silahlı dəstələri tərəfindən müsəlman əhalisinin məhv edilməsi barədə İrəvan quberniyası Vedibasar rayonu müvəkkilinin Cümhuriyyət hökumətinin başçısı F.Xoyskiyə ərizəsi, Ararat Respublikası ordusunun, yerli ermənilərin və daşnak quldur dəstələrinin müsəlman əhalisi üzərində zorakılığı barədə Yeni Bayazid qəzasının 26 müsəlman kənd əhalisinin Azərbaycan hökumətinə müraciəti və başqa sənədlər böyük maraq doğurur. Eyni zamanda fondda 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlının Ermənistan ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilməsi barədə çoxlu materiallar və sənədlər toplanmışdır. Həmin sənədlər arasında deportasiyanın həyata keçirilməsinə dair başlıca sənəd olan SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarı və digər sənədlər mövcuddur.

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video