02 Iyul 2024 16:53
154
SİYASƏT
A- A+

Artıq vasitəçiyə ehtiyac yoxdur

 

Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyevin qeyd etdiyi məsələlərdən biri də torpaqlarımızın işğalı dövründə münaqişənin həlli istiqamətində göstərilən səylərlə bağlı oldu. Dövlət başçısının haqlı olaraq bildirdiyi kimi BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilmədi, daha doğrusu olmaq istəmədi: «Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyirdi». 
 

Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanısa da, işğal dövründə ATƏT-in Minsk qrupu problemin həllinə nail olmaq, daha dəqiq desək, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəmədi.  1992-ci ildə yaradılan bu ATƏT mexanizmi öz fəaliyyətində guya beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanırdı. Əslində isə beynəlxalq hüququn bütün norma və prinsipləri Azərbaycanın haqlı mövqeyini ifadə edirdi. Bundan başqa 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edilmişdi. Göründüyü kimi Minsk qrupunun ona həvalə olunmuş vəzifəni ədalətli şəkildə yerinə yetirə bilməsi üçün kifayət qədər böyük əsaslar var və güclü beynəlxalq hüquqi baza var idi.


Lakin 30 ilə yaxın bir müddət ərzində Minsk qrupu problemin ədalətli həllinə nail olmaq üçün bir addım belə atmadı. Azərbaycan torpaqlarının faktiki olaraq işğal edilməsi, yüz minlərlə azərbaycanlının doğma torpağından məcburi köçkün salınması, onların yaşamaq və mülkiyyət hüquqlarının Ermənistan tərəfindən kobud şəkildə pozulması həmsədrləri qətiyyən narahat etmədi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsinin fonunda baş verən proseslər isə təsdiq etdi ki, əslində Minsk qrupunun məqsədi münaqişəni yoluna qoymaq olmayıb. Fransanın Vətən müharibəsinin başladığı günlərdən Ermənistanın müdafiəsinə qalxması və Azərbaycanla açıq şəkildə düşmənçilik aparması bunu təsdiq edir. Kanadanın səfiri ilə görüşdə 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü və Ermənistan tərəfi ilə dəfələrlə damışıqlar aparıldığını xatırladan Prezident İlham Əliyev bütün bunların heç bir nəticə vermədiyini, keçmiş Minsk qrupunun üzvləri və Ermənistan tərəfinin bunu istəmədiyini diqqətə çatdırdı.
Xatırladaq ki, hələ 2020-ci ilin dekabrında Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən Prezident İlham Əliyev vasitəçilərin 28 il ərzində problemin həllində heç bir rol oynamadığını birbaşa onların özlərinin diqqətinə çatdırmışdı. «ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik» - deyə Prezident İlham Əliyev bildirmişdi.
Minsk qrupunun həmsədrləri düşünüblər ki, zaman keçdikcə, illər ötdükcə Azərbaycan reallıqla barışmalı olacaq. Azərbaycan isə nəinki bununla barışdı, torpaqlarını güc yolu ilə azad etməklə elə Minsk qrupunun özünü tarixin arxivinə göndərdi.  Hazırda isə Azərbaycanla Ermənistan arasında sülh danışıqları və sərhədlərin delimititasiyası ilə bağlı proseslər ikitərəfli səviyyədə həyata keçirilir. Artıq hansısa tərəfin prosesə müdaxiləsi yoxdur, hansısa vasitəçiyə ehtiyac qalmayıb və Prezident İlham Əliyevin qeyd etdiyi kimi sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik.

Rəşad CƏFƏRLİ,
«Azərbaycan»

 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video