Qədim dünyanın
möcüzəsi sayılan bu tikili barədə əsrlər boyu heyrətlə, heyranlıqla söz açıblar.
Antik dövrün məşhur alimi, riyaziyyatçısı və fiziki Arximedin müasiri, İsgəndəriyyə
məktəbində Ktesibiosun rəhbərliyi altında fəaliyyət göstərmiş yunan mühəndisi və
ixtiraçısı, bizanslı Filon (miladdan əvvəl 280-220) yazırdı: "Babilin Asma Bağlarını,
Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir Piramidalarının qüdrətini
və Mausoleusun məzarını gördüm. Amma buludlara ucalan Efesdəki məbədi gördükdə digərlərinin
kölgədə qaldığını hiss etdim”.
Bərəkət və doğruluq tanrısı
Bu tikili
- Artemida məbədi antik dünyanın məşhur və sitayiş olunan ziyarət yerlərindən biri
idi. Efes şəhərini himayə edən ilahə Artemidanın şərəfinə mərmər məbəd tikməyi miladdan
əvvəl knosslu memar Xarsifron təklif etmişdi.
Mənbələrə
əsaslanan araşdırıcılar tanrı Artemis adına ilk türbənin miladdan əvvəl 800-cü illərdə
Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə inşa olduğunu bildiriblər. Məlumatlara
görə, bəzən Diana da adlandırılan Efes tanrısı Artemida yunan Artemidası ilə eyni
deyil. Belə ki, yunan Artemidası ov, Efes Artemidası bərəkət və doğruluq tanrısı
idi.
Artemida məbədində
Yupiterdən düşən meteorit olduğu güman edilən müqəddəs bir daş vardı.
Sonrakı əsrlərdə
tikili dəfələrlə dağıdıldı, yenidən inşa olundu. Miladdan əvvəl 600-ci illərdə Efes
böyük ticarət limanı şəhərinə çevrildi. Xarsifron adlı memar yüksək daş sütunları
olan yeni və böyük məbəd inşa etdi.
Lidya çarı
Krez miladdan əvvəl 550-ci ildə Efesi fəth etdi. Həmin döyüş zamanı məbəd dağıdıldı.
Krez memar Theodorusa əvvəlkiləri kölgədə qoyan məbəd inşa etdirdi. Əvvəlkindən
4 mərtəbə, 90 metr yüksəklikdə, 45 metr enlikdə böyük olan yeni məbədin damı yüzdən
çox daş sütunla dəstəklənirdi.
"Herostrat şöhrəti”
Məlumata görə,
miladdan əvvəl 356-cı ildə Efes şəhərinin gənc sakini Herostrat Artemida məbədini yandırdı. İşgəncə altında təqsirini
etiraf edən Herostrat məbədi şöhrət qazanmaq üçün yandırdığını, hər kəsin onun barəsində
bilməsini istədiyini söylədi. Onu edam etdilər. Məhkəmənin qərarı ilə Herostratın
adının tarixə yazılması qadağan olundu. Məhkəmə qərarının icraçıları ev-ev dolaşır,
"Herostratı xatırlamaq qadağandır!” deyə xəbərdarlıq edirdilər. Bununla Herostratın
adını unutdurmaq istəyən məhkəmə onu daha çox tanıtdı, məşhurlaşdırdı. Hamı məbədi
Herostratın yandırdığını öyrəndi. "Herostrat şöhrəti” ifadəsi belə yarandı. Həmin
ifadə indiyədək də mənfi mənada işlədilir.
Yanğın hadisəsinin
başqaları tərəfindən törədildiyini bildirənlər də olmuşdur. Belə ki, qədim yunan
tanrısı - Zevsin qızı, Apollonun bacısı olan ilahə Artemidanın şərəfinə tikilmiş
məbəd gətirilən ianələrin, qurbanların hesabına olduqca zəngin idi. Məbədin anbarında
xeyli qızıl, pul və başqa qiymətli əşyalar saxlanılırdı. Buna görə məbədin kahinləri bir gün qərara gəldilər ki,
qızılı və pulu saxlamaqdansa, tacirlərə faizlə borc versinlər. Kahinlərin planı
baş tutdu. Onlar xeyli gəlir əldə etdilər. Ancaq bir müddət sonra borcların qaytarılmasında
problemlər yarandı. Tacirlər borclarını ödəməkdən imtina etməyə başladılar. Onlar
yaxşı bilirdilər ki, kahinlər məhkəməyə, yaxud başqa yerə şikayət edə bilməzlər.
Çünki məbədin toxunulmaz olan sərvətlərindən şəxsi mənfəətləri üçün istifadə etdikləri
hamıya məlum olar.
Kahinlər qorxuya
düşdülər. Məbədin anbarında saxlanılan sərvətlər barədə onlar hər il xalq yığıncağında
hesabat verməli idilər. Xalq yığıncağı anbarda həmin sərvətləri yoxlaya bilərdi.
Kahinlərin məbədi yandırmaqdan başqa çarələri qalmadı. Təqsiri isə Herostratın boynuna
qoydular. Həqiqəti gizlətmək üçün hər yerdə elan etdilər ki, Herostratı xatırlamaq
qadağandır! Beləliklə, günahsız bir gəncin adı tarixə təqsirkar kimi düşdü.
Dəfələrlə yandırılan məbəd...
Yanğın nəticəsində
dağılmış məbəd qısa müddətdə dövrünün ən tanınmış heykəltəraşı Skopaslı Paros tərəfindən
yenidən inşa edildi. Romalı tarixçi Plin
yeni məbədin 130 metr uzunluqda, 68 metr enlikdə olduğunu yazırdı. Tavanını yüksəkliyi
18 metr olan 127 sütun dəstəkləyirdi. Tikinti işləri 120 il davam etdi. Miladdan
əvvəl 333-cü ildə Makedoniyalı İsgəndər Efesə gələndə məbədin inşası başa çatmamışdı.
Ovaxtadək tikilmiş yunan məbədləri içərisində belə böyük və möhtəşəmi olmamışdı.
Məbəd tamamilə mərmərdən inşa edildi.
Eramızın
57-ci ilində Müqəddəs Paul xristianlığı yaymaq üçün Efesə gəldi. O, elə uğur qazandı
ki, şəhərin dəmirçisi və məbəddəki heykəllərin bir hissəsinin sahibi Demetrius bundan
təlaşa düşdü. Çünki o, hər il məbədə ziyarətə gələnlərin hesabına yaxşı gəlir əldə
edirdi. İnsanların dinini dəyişdirməsi Demetriusu bu qazancdan məhrum edirdi.
Demetrius
həyəcanla "Yaşasın efeslilərin Artemisi” deyərək xalqı öz ətrafına topladı. Onlar
dərhal Müqəddəs Paulun yardımçılarından ikisini tutdular. Bundan sonra üsyan başladı.
Nəticədə Müqəddəs Paul tutulmuş köməkçiləri ilə birlikdə Makedoniyaya dönməli oldu.
Böyük Artemida
məbədi 262-ci ildə qotların basqınları zamanı da yandırıldı. Yüz il ötdü və Roma
imperatoru Konstantin şəhəri yenidən inşa etdirdi. Xristian olduğu üçün o, məbədi
bərpa etdirmədi. İmperatorun bütün səylərinə baxmayaraq, Efes keçmiş şöhrətinə qovuşa
bilmədi. Çünki gəmilərin lövbər saldığı liman yox olmuşdu. Sakinlər şəhəri tərk
edirdilər. Məbədin qalıqlarından başqa tikintilərdə, heykəllərin hazırlanmasında
istifadə olunurdu.
1863-cü ildə
memar Con Tertl məbədi araşdırmağa başladı və 1869-cu ildə 6 metr dərinlikdən məbədin
sütunlarını aşkara çıxardı. Palçığın içərisindən çıxardığı heykəlləri və bəzi qalıqları
Britaniya Muzeyinə apardı. Həmin muzeyin əməkdaşları 1904-cü ildə D.G.Hograthın
rəhbərliyi ilə işləri davam etdirdilər. Onlar qazıntılar apararaq ərazidə bir-birinin
üzərində tikilmiş 5 qalıq tapdılar.
...İndi Artemida
məbədinin yerini görmək üçün gələn turistlər bataqlıq vəziyyətində olan bölgəyə
baş çəkməli olurlar. Orada bir sütun basdırılıb. Bu, düz dayanaraq qollarını yanlara
açmış bir tanrının - yunan üslubuna bənzəməyən tərzdə tikilmiş məşhur Artemidanın
heykəlinin qalıqlarıdır.
Z.FƏRƏCOVA,
"Azərbaycan”