Müasir dünyanın qarşılaşdığı problemlərdən biri də ərzaq təhlükəsizliyidir. Dünya əhalisinin sürətlə artması, qlobal iqlim dəyişikliyindən qaynaqlanan proseslər insanların yaşam tərzinə mənfi təsir göstərməklə yanaşı, ərzaqla təminatını da çətinləşdirir. İnsanların bu problemlə üz-üzə qalması həm də dünyada baş verən digər proseslərlə bağlıdır. Yaxın Şərq və Rusiya-Ukrayna müharibəsi qlobal yanacaq və gübrə təchizatı zəncirinin qırılmasına səbəb olub. Bu üzdən aqrar sahədə məhsuldarlıq xeyli aşağı düşüb. Digər tərəfdən, dünyanın ən böyük taxıl ixracatçısı olan Rusiya savaş səbəbindən dünya bazarına məhsul çıxara bilmir.
Ölkəmizdə ərzaq idxalından asılılığı azaltmaq üçün aqrar islahatlar aparılır, dövlət kəndliyə dəstəyini əsirgəmir. Ötən illərlə müqayisədə Azərbaycanda aqrar məhsulların istehsalı xeyli artıb. Bunun nəticəsidir ki, bir çox məhsullarla özümüzü təmin etməklə yanaşı, ixrac da edirik. Ancaq bir sıra strateji kənd təsərrüfatı məhsulları ilə təminatda problemlərimiz hələ qalmaqdadır. Xüsusilə taxıl istehsalında istəyimizə nail ola bilməmişik.
Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinə xüsusi önəm verir və bunun daxili siyasətin əsas prioritetlərdən biri olduğunu bildirir. Dövlətimizin başçısı ərzaq təhlükəsizliyi ilə bağlı Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda demişdir: "Yerli ehtiyacların ödənilməsi çərçivəsində daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Qlobal iqlim dəyişikliyinin kəskin fəsadları və su ehtiyatlarının azalması kimi faktorlar kənd təsərrüfatı sektorunda yeni yanaşmaların tətbiqini zəruri edir. Mövcud çağırışlara cavab olaraq, ölkədə Ərzaq Təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib. Sektor üzrə müəyyən məhdudiyyətlər və təbii çətinliklər olsa da, görülən tədbirlər kənd təsərrüfatının potensialını artırmağa yönəlib. Ekspertlərin qiymətləndirməsinə görə, həyata keçirilən islahatlar və yaradılan şərait bu sahəni həm daxili, həm də xarici investorlar üçün cəlbedici biznes mühitinə çevirir".
Ölkədə icra edilən aqrar islahatların hədəfi sahənin inkişafı üçün müasir inkişaf modellərindən və yeni texnologiyalardan istifadə olunmasıdır. Belə ki, indi dünyada kənd təsərrüfatında az əkin sahələrindən səmərəli istifadə etməklə daha yüksək məhsuldarlığa nail olmağa üstünlük verilir.
Məlum olduğu kimi, aqrar sektorda məhsuldarlığın artırılmasında suvarma önəmli rol oynayır. Azərbaycan dünyada su resurslarının məhdud olduğu ölkələrdəndir. Bu üzdən sudan səmərəli istifadə etmək kənd təsərrüfatında vacib məsələdir. Hazırda ölkəmizdə təxminən 130 min hektar sahədə müasir suvarma sistemlərindən istifadə olunur, hədəf isə 2030-cu ilədək bu rəqəmi 300 min hektara çatdırmaqdır. Görünən odur ki, hələ uzun illər bu sahədə olan problemlərin həlli üçün müəyyən tədbirlərin həyata keçirilməsi lazım gələcək.
Dövlət tərəfindən indiyədək aqrar sektora göstərilən dəstək öz nəticəsini verib. Belə ki, son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı real istifadədə 37,8 faiz, bağçılıq məhsullarının istehsalında isə 2,7 dəfə artıb. Aqrar sektorda məhsul istehsalının artması ixracın dinamikasının yüksəlməsinə müsbət təsir göstərir. Hazırda ölkədən dünya bazarına çıxarılan qeyri-neft-qaz sektoruna aid malların siyahısında kənd təsərrüfatı məhsullarının çəkisi yüksəkdir. Bir sözlə, aqrar sektorun gəlirliyi ildən-ilə artır.
Aqrar sektorda məhsul istehsalının yüksəlməsində su ilə yanaşı, daha məhsuldar sortlardan istifadə edilməsi önəmli rol oynayır. Aqrar sektorun qarşısında duran əsas məsələlərdən biri də iqlim dəyişikliyinə davamlı və yüksək reproduksiyalı toxumların istehsal edilməsidir. Bu sahədə olan problemləri aradan qaldırmaq üçün "Toxumçuluq haqqında" qanun qəbul edilib. Yeni qanun toxum və tinglərin sertifikatlaşdırılmasına, həmçinin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan yaradacaq. Bu qanun həmçinin özəl sektorun toxumçuluğa cəlb edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Subsidiyalaşdırma ilə fermerlərin toxumçuluğa olan marağını artırmaq mümkündür.
Ölkəmiz məhsul istehsalında önəmli rolu olan toxumçuluğun inkişafı üçün beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə uzun illərdir ki, sıx əlaqə saxlayır. Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, baş direktorun köməkçisi Viorel Gutu deyir: "Azərbaycanla tərəfdaşlıq həm texniki yardım göstərilməsi, həm kənd təsərrüfatı siyasətinin formalaşması, həm də həmin siyasətin uğurla həyata keçirilməsi sahələrini əhatə edir. Yeni tərəfdaşlıq sazişi FAO ilə Azərbaycan arasında artıq yekunlaşmaq üzrədir. Onun növbəti mərhələsi toxumçuluq sahəsini əhatə edəcək. Biz bu məqsədlə Azərbaycan hökuməti ilə yaxından əməkdaşlıq edəcəyik".
Son dövrlər dövlət tərəfindən aqrar sektora göstərilən diqqətin daha da artması qlobal səviyyədə baş verən geosiyasi proseslərlə sıx bağlıdır. Belə ki, dünyadakı mövcud müharibələrin, siyasi qarşıdurmaların mənfi təsir göstərdiyi sahələrdən biri də kənd təsərrüfatıdır. Qeyd etdiyimiz kimi, dünya ticarətində və təchizat zəncirində böyük qırılmalar baş verir. Qarşıdakı illərdə dünya böyük ərzaq böhranı ilə üzləşə bilər. Buna indidən hazır olmaq və lazımi tədbirlərin görülməsi vacibdir.
Rüstəm KAMAL,
"Azərbaycan"