2016-cı ilin aprel ayı...
Düz 24 il idi ki, hər gün cəbhə xəttində silah səsləri eşidilirdi. 24 il idi ki, cəbhə bölgəsində yaşayan insanlarımız səhərlərini güllə səsi ilə açırdılar. Torpaqlarımızı işğal edib, yurdumuzu talayıb azğınlaşan düşmən hər gün mütəmadi olaraq atəşkəsi pozurdu… Daha çox qan tökmək məqsədilə xain düşmən hər il aprel ayına daha ciddi hazırlaşırdı. Aprel haylar üçün qisas ayı idi.
İllər idi ki, Vətən sevdalı igidlərimizin sinəsi qisas atəşi, qələbə həsrəti ilə alışıb-yanırdı. Silahlarını sinələrinə inamla, bərk-bərk sıxaraq düşmənə dərs vermək üçün əmr gözləyirdilər...
2016-cı il aprelin əvvəllərində ön xətdəki mövqelərimiz və yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələrinin növbəti intensiv artilleriya atəşinə məruz qaldı.
Aprelin 1-dən 2-nə keçən gecə idi. Sakit, qaranlıq yaz gecəsi… Qəfildən bir topa qara bulud gəlib ayın qabağını kəsdi. Göy guruldadı, ildırım çaxdı. Qəfil çaxan ildırım anidən ətrafa işıq saçdı. Dağların döşünü süd kimi ağ işıq aldı. Qəfil gələn qara buluda, göyün guruldamasına qarşı tərəfdən atılan atəş səslərinin səsi qarışdı. Düşmən bütün cəbhəboyu atəşkəsi pozub hücuma keçmişdi…
Cəbhə xətdindəki bu vəziyyət, ermənilərin qəfil hücumu haqqında operativ məlumat dərhal müdafiə naziri, genral-polkovnik Zakir Həsənova çatdırıldı… Cəbhə bölgəsindəki vəziyyət Ali Baş Komandana məruzə edildi. Anındaca ordumuza qəti olaraq düşmən təxribatının qarşısını almaq, əks-hücum əmri verildi… Qorxu bilməz Azərbaycan əsgərinin çoxdan gözlədiyi məqam gəldi…
Qəhrəman oğullarımız aprelin 1-dən 2-nə keçən gecə addım-addım yaxınlaşdılar Lələtəpəyə. Səssiz-səmirsiz... Ehtiyatla. Bir-birinin izinə iz qoymaqla…
Cəbrayılın Lələtəpə yüksəkliyi…
Döyüş gedirdi. Qara niyyətlə torpaqsevərliyin döyüşü idi bu döyüş. Düşmən can vermək istəmirdi. İrəliyə doğru can atmaq, daha bir bəd niyyətini həyata keçirmək istəyirdi. Yanılırdı. Qarşısındakı nizami Azərbaycan Ordusu, yüksək təlim görmüş Azərbaycan əsgəri idi. Qətiyyətlə irəliləyirdi. Düşməndən öc almağa, Xocalıda törətdiklərinin hesabını sormaq üçün irəliləyirdi Azərbaycan əsgəri.
Aprelin 2-si dan yeri sökülər-sökülməz Azərbaycan əsgəri ən üca, müqəddəs zirvədə mövqe tutmuşdu. Azərbaycan əsgərinin qətiyyətini, cəsarətini, vətən sevgisini bağrına basan zirvə. Azərbaycan əsgərinin cəsarət rəmzi - Lələtəpə!
Düşmən təlaş içində idi. Azərbaycan əsgərinin qətiyyətini, gücünü görüb, mövqeləri qoyub canını götürüb qaçmağa çalışırdı! Atılan hər güllə, partlayan hər mərmi "vətən" deyirdi. Azərbaycan əsgəri vətən eşqi ilə inamla irəliləyirdi. Yaxşı bilirdi ki, onun arxasında güclü Ali Baş Komandanı, qətiyyətli Prezidenti var… "Vətən" deyib hayqırırdı Azərbaycan əsgəri. Ayağının altındakı torpaq da, dağ da, daş da "ayağını yerə möhkəm bas, sən vətənin oğlusan, vətən sənə oğul deyir, Azərbaycan əsgəri" - deyirdi!
Ermənistan ordusu və hakimiyyəti təlaş içində vurnuxurdu. İtirilmiş mövqeləri geri almaq üçün edəcəyi cəhd, hiylə yaxşı məlum idi. Odur ki, Ali Baş Komandan bütün orduya döyüş hazırlığı əmri vermişdi… Ordu tam olaraq düşmənə layiq olduğu cavab vermək iqtidarında idi...
Qələbə müjdəsini alan, döyüş təcrübəsi olan oğullarımız dərhal çağırış məntəqələrinə gələrək ordumuzla həmrəy olduqlarını, lazım gələrsə, vətən üçün canlarından keçməyə hazır olduqlarını deyib döyüşə yollanmaq istəyirdilər. Lələtəpə zirvəsində qürurumuzun, zəfərimizin rəmzi Azərbaycan bayrağı dalğalanırdı.
Məmləkətin ürəyinin bir döyündüyü anlar
Umu-küsünün qayğıya, mərhəmətə çevrildiyi, xalqın yumruq tək birləşdiyi zaman idi. Üçrəngli bayrağımızın daha əzəmətlə, qürurla dalğalandığı, ordumuzun, xalqımızın tarixinə zəfər yazıldığı şanlı günlər yaşanılırdı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini göstərirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinə xüsusi önəm verərək onu şanlı tariximiz adlandırdı: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar".
Apreldə dördgünlük döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis isteh-kam qurğuları məhv edildi. Düşmənin 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralandı.
Aprel döyüşləri tarix oldu
2016-cı ilin aprelində Azərbaycan əsgəri təsdiqlədi ki, torpaqlarını işğaldan azad etməyə qadirdir. Sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşməndən döyüşlə azad edəcəyik!
Dörd gün çəkən bu zəfər savaşında Azərbaycanın 88 qəhrəman oğlu canını bu yurdun, vətənin bu günü və gələcəyi üçün qurban verdi. Son dəfə qollarını yana açıb bu müqəddəs torpağı qucaqlayıb gözlərini əbədi yumarkən "Vətən sağ olsun", - dedi.
İndi aprel ayı bizim üçün adi təqvim ayı deyil. Həm də bir qəhrəmanlıq, Zəfər tarixidir. Oğullarımızın bu vətən üçün canlarını fəda etməyə hər zaman hazır olduqlarına şəhadət verən tarixdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"