Yaxın Şərqdəki gərginlikdən əvvəl bir bareli təxminən 70 dollara satılan “Brent” markalı xam nefti münaqişənin 9-cu həftəsində 50 faizdən çox bahalaşıb, “Light” markalı xam neftin qiyməti isə təxminən 40 faizdən çox dəyər qazanıb.
AZƏRTAC xəbər verir ki, ABŞ-İran danışıqlarında davam edən qeyri-müəyyənliklər qiymətlərin artmasına təsir göstərir.
Neft qiymətləri ABŞ və İran arasında atəşkəs razılaşmasından əvvəlki səviyyələri də keçərək ən yüksək həddə çatıb. Hazırda “Brent”in bir bareli 114 dollardan, “Light” markalı xam neftin bir bareli isə 102 dollardan baha satılır. Hörmüz boğazında davam edən qeyri-müəyyənliyin qlobal tədarükü daha da sıxışdıra biləcəyi ilə bağlı gözləntilər qiymətlərin artmasına təsirsiz ötüşmür. Eyni zamanda, Hörmüz boğazının 9 həftədən çox müddətə nəqliyyata bağlanması, bazarlarda təklif narahatlıqlarını və böhranın davam edəcəyi gözləntilərini artırmaqla qiymətlərin yüksəlməsinə səbəb olur.
BMT Yaxın Şərqdəki müharibəsinin başlanğıcından bəri tətbiq edilən məhdudiyyətlər səbəbindən Hörmüz boğazında gəmi daşımalarının 95,3 faiz azaldığını açıqlayıb. Hörmüz boğazında gərginlik davam etsə də, son 72 saat ərzində ABŞ-nin blokada xəttindən 52 İran gəmisinin keçdiyi bildirilib.
Ekspertlərin fikrincə, ABŞ və İran tərəfindən Hörmüz boğazında tətbiq edilən qarşılıqlı blokadalar xam neft, təbii qaz və neft məhsullarının axınını ciddi şəkildə məhdudlaşdırıb, enerji qiymətlərinin və yüksək inflyasiya göstəricisi ilə bağlı narahatlıqların artmasına səbəb olub.
Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin mayın 1-dən etibarən OPEC üzvlüyündən və OPEC+ koalisiyasından çıxmaq barədə qərarı “qara qızıl”ın qiymətlərində artıma səbəb olub. İnvestorlar bu addımı ölkənin münaqişə bitdikdən sonra sərbəst şəkildə neft hasilatını artıracağına dair siqnal kimi qəbul ediblər. Birləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC+ alyansından çıxması qrupu daha da parçalaya və bu, qlobal neft bazarında əhəmiyyətli dalğalanmalara səbəb ola bilər. Səudiyyə Ərəbistanı və Rusiya kimi böyük istehsalçılar istehsalı artırsalar da, bu təsirlərin daha da güclənməsi nəzərdə tutulur.
Hazırda enerji bazarı rəsmi Tehran və Vaşinqton arasında mümkün danışıqlara fokuslanıb. Lakin müharibənin tezliklə bitmə ehtimalının az olduğu bildirilir. Mənbələrin məlumatına görə, yaxın bir neçə gün ərzində Pakistandakı vasitəçilərin münaqişəyə son qoymaq üçün tərəflərdən yeni təkliflər alması gözlənilir.