23 Noyabr 2022 15:03
240
Elm və texnika
A- A+

AMEA-nın prezidenti: Böyük Qayıdışa dair I Dövlət Proqramı mükəmməl yol xəritəsidir

 

Azərbaycan Vətən müharibəsində tarixi Zəfərə Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, davamlı peşəkar siyasəti, qətiyyəti nəticəsində və qəhrəman ordumuzun şücaəti sayəsində nail oldu. Bu, müstəqil Azərbaycan tarixinin ən parlaq dövrlərindən biridir və Prezident İlham Əliyevin adı ilə bağlı olan möhtəşəm tarixi hadisədir.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 16 noyabr tarixli Sərəncamının icrası barədə məsələnin müzakirəsi zamanı deyib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının rəhbərliyi ilə geniş quruculuq işlərinə başlanıldığını deyən akademik İsa Həbibbəyli qısa müddət ərzində Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının açıldığını, yüksək standartlara cavab verən “Zəfər yolu”nun, tunellərin çəkildiyini, şəhərlərin, rayon mərkəzlərinin baş planlarının təsdiqləndiyini, Ağalı kəndinin sakinlərinin öz dədə-baba yurdlarına köçürüldüyünü, sosial obyektlərin istifadəyə verildiyini, sənaye parklarının salındığını bildirib. Qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir. Azərbaycanda bir çox dövlət proqramlarının uğurla icra olunduğunu deyən AMEA rəhbəri Böyük Qayıdışa dair I Dövlət Proqramının da Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçiriləcəyini söyləyib.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, elmi cəhətdən də əsaslandırılmış mükəmməl sənəd olan Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Qeyd edib ki, Dövlət Proqramının “Nüfuzlu xarici təhsil müəssisəsinin filialının yaradılması istiqamətində təşviqedici tədbirlərin görülməsi” üzrə bəndində AMEA-ya Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi ilə birgə müvafiq tapşırıqlar verilib. Onun sözlərinə görə, tapşırıqda regionun sosial-iqtisadi ehtiyaclarının və kadr potensialının təhlil olunması və müvafiq təkliflər hazırlanması, filialı yaradılacaq ali təhsil müəssisəsinin müəyyənləşdirilməsi, filialın yaradılması və fəaliyyətinin təmin edilməsi əksini tapıb.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsinin də qarşıda duran əsas vəzifələrdən olduğunu deyən akademik İsa Həbibbəyli sözügedən sənədin, həmçinin 2.7.4-cü bəndində Akademiyaya “Tarix və mədəniyyət abidələrində, eləcə də daşınmaz tarix-mədəniyyət abidələrində bərpa, konservasiya, rekonstruksiya və regenerasiya işlərinin aparılması”nın da tapşırıldığını bildirib. Diqqətə çatdırıb ki, bu istiqamətdə işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dövlət Turizm Agentliyi ilə birgə həyata keçiriləcək. Birgə işlər abidələrin ilkin inventarlaşdırılması, cari vəziyyətinin təhlili, foto, video və 3D formatında qeydə alınması və məlumat bazasının yaradılması, abidələrin tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi, eləcə də abidələrin bərpa edilməsi və elektron məlumat bazasının yaradılması istiqamətində aparılacaq.

AMEA rəhbəri, o cümlədən seysmologiya istiqamətində də müvafiq addımların atılacağını deyib, Dövlət Proqramından irəli gələrək institutların baş direktorlarına elmi və iqtisadi cəhətdən əsaslandırılmış təkliflərin hazırlanması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli strateji əhəmiyyət daşıyan və milli maraqlarımızın qorunmasına xidmət edən Dövlət Proqramının həyata keçirilməsində AMEA-nın çoxminlik kollektivinin öz səylərini əsirgəməyəcəyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərinə alimlərimizin töhfə verəcəklərinə əminliyini bildirib.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə Böyük Qayıdışa dair I Dövlət Proqramında AMEA-nın üzərinə düşən vəzifələrdən irəli gələrək tədbirlər planının hazırlanması məqsədilə akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video