26 Iyul 2024 09:17
181
CƏMİYYƏT
A- A+

Adı qürurla anılan igid

 

O, hələ  uşaq ikən hərbçi olmaq istəyirdi, oldu da...
Cavid Hilal oğlu Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar (o zamanlar Puşkin adlanırdı) rayonunun Aşağı Cürəli kəndində dünyaya gəldi. 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində oxudu. Ali hərbi təhsil almaq arzusu ilə paytaxta üz tutdu. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil oldu. 2010-cu ildə həmin məktəbi bitirdi. 

Cavid Mahmudov xidmət etdiyi bütün hərbi hissələrdə - 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində nümunəvi hərbçi oldu. O, 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", 2013-cü ildə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", 2018-ci ildə isə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edildi.
2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətdə idi. Yenə də peşəsinə böyük sevgisi və məsuliyyəti ilə başqalarına nümunə göstərilirdi. 
Bu ərəfədə işğalçı Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndi. Azərbaycan Ordusunun kapitanı Cavid Mahmudov da qəsbkar düşmənə qarşı döyüşlərdə iştirak etdi. 
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində - Qarabağda və Şərqi Zəngəzurda on illər ərzində qurduğu, alınmaz saydığı istehkamları, səngərlərı rəşadətli ordumuz dağıdır, qətiyyətlə irəliləyirdi. Ermənistan silahlı qüvvələri igid azərbaycanlı döyüşçülərin qarşısında aciz qalır, məğlubiyyətləri ilə barışmalı olur, geri çəkilirdilər.
Cavid Mahmudovun komandiri olduğu həmlə taboru da düşmənə ağır zərbələr endirirdi. İgid kapitan əsgərlərinə "Yalnız irəli!" əmrini verir, komandanlığın qarşıya qoyduğu tapşırığı böyük əzmlə, rəşadətlə yerinə yetirirdi. Aldıqları yüksəkliklərdə bayrağımızı dalğalandırmağı Cavid Mahmudov özünə ən böyük qürur, mükafat hesab edirdi. 
Böyük Zəfər qazanacaqlarına əmin olduğunu oktyabrın 2-də qardaşı ilə telefon danışığında da söylədi... 
O, azad etdikləri sayca 5-ci yüksəkliyə bayrağımızı sancarkən düşmən snayperi tərəfindən vuruldu. Oktyabrın 5-də Füzulinin azadlığı uğrunda döyüşdə şəhid olan Cavid Mahmudov Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edildi.
Qəhrəman kapitanın şəhid olduğu gün anasının peşə bayramı idi. Cavidin anası, həm də sinif müəllimi olan Nəsibə xanım illərdir sevinclə qeyd etdiyi gündə - 2020-ci il oktyabrın 5-də həyatının ən ağır gününü yaşadı. O, vətənpərvər, qəhrəman hərbçi oğlunun toyuna hazırlaşırdı. Cavid nişanlı idi. Nişanlısı yolunu gözləyirdi. Toy günləri də təyin olunmuşdu...
İndi dərdli anasının və digər doğmalarının ən böyük təsəllisi budur - Cavid Vətən torpaqlarını azad etmək uğrunda, işğalçı düşmənə qarşı cəsarətlə, şücaətlə döyüşərək şəhid oldu.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik, mərdlik nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cavid Mahmudov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Biləsuvar Rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudovun adı verildi.
Cavid Mahmudovun uğrunda şəhid olduğu torpaqlarımız bu gün azaddır. İndi o yerlərdən mənfur düşmənin izləri də silinir. Tarix isə silinməyəcək. İkinci Qarabağ müharibəsi də unudulmayacaq. Azərbaycan xalqı Böyük Zəfərin qürurunu ona yaşadan Cavid kimi qəhrəmanları hər zaman minnətdarlıqla anacaq.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video