03 Noyabr 2026 15:52
209
SİYASƏT
A- A+
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı 

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı 


2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində Zəfər Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın, ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilmişdir. Azərbaycan milli maraqlarını müdafiə etmək üçün lazımi siyasi iradəyə, siyasi, iqtisadi, hərbi və diplomatik imkanlara malik olduğunu nümayiş etdirmişdir.

Silahlı Qüvvələrimiz yüksək döyüş məharəti nümayiş etdirərək dünya hərb tarixinə şanlı səhifələr yazmışlar. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri yarılmış, hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələri sıradan çıxarılmışdır. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi, ümumən 300-ə yaxın yaşayış məntəqəsi düşmən tapdağından azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün olmuşdur.

Azərbaycan şəhid və qazilərinin canı və qanı bahasına BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasını təmin edərək, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etmişdir.

Azərbaycan dövlətinin diplomatik səyləri Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə dinc yolla azad edilməsinə gətirib çıxarmışdır.

2020-ci ildə qazanılmış tarixi qələbə Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpası üçün möhkəm təməl yaratmışdır. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, separatçı rejim ləğv olunmuş və ölkənin bütün ərazisində Konstitusiya quruluşu bərqərar edilmişdir. Xankəndi şəhərində və azad edilmiş digər yaşayış məntəqələrində Dövlət Bayrağının ucaldılması milli iradəmizin təntənəsini və dövlətçiliyimizin sarsılmazlığını əyani təcəssüm etdirmişdir.

Döyüş meydanlarında hərbi qələbələr Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasının ardıcıl həyata keçirilməsinin qanunauyğun nəticəsi olmuşdur. İqtisadiyyatın inkişaf etdirilməsi, müasir ordunun qurulması, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi doğma torpaqlarımızın işğaldan azad edilməsi üçün lazımi şərait yaratmışdır. Bütün xalqın qüvvələrinin “dəmir yumruq” kimi birləşdirilməsi mövcud imkanları taleyüklü milli vəzifəni yerinə yetirməyə qadir olan qarşısıalınmaz qüvvəyə çevirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi liderliyi tarixi qələbənin qazanılmasında müstəsna rol oynamışdır. Onun strateji baxışı, siyasi iradəsi, sərkərdəlik məharəti və tarixin həlledici məqamlarında düzgün qərarlar qəbul etmək qabiliyyəti hərbi, diplomatik və informasiya istiqamətlərində fəaliyyəti vahid hədəfə yönəltməyə imkan vermişdir. Dövlət başçısının rəhbərliyi ilə ölkənin iqtisadi potensialı müdafiə qüdrətinə, ümumxalq dəstəyi sarsılmaz qətiyyətə, döyüş meydanında qələbələr isə uzunmüddətli siyasi nəticələrə çevrilmişdir.

Prezident İlham Əliyev xalqı vətən torpaqlarının azad edilməsi ideyası ətrafında birləşdirərək və bu amalı həyata keçirərək tarixi bir missiyanı yerinə yetirmişdir. Xalqımız öz müqəddəratını özü müəyyənləşdirməyə, hüquqlarını müdafiə etməyə və qarşıya qoyduğu məqsədləri əldə etməyə qüdrəti çatan yenilməz xalq olduğunu göstərmişdir.

Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası Cənubi Qafqazda uzunmüddətli sülh yaradılması üçün yeni imkanlar açmışdır. Müharibədən sonra sülh gündəliyinin təşəbbüsçüsü olan Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanaraq dövlətlərarası münasibətlərin normallaşdırılması üçün ardıcıl səylər göstərir. Bizim dövlətimiz dayanıqlı sülhü regionun bütün xalqlarının təhlükəsizliyinin və rifahının zəruri şərti hesab edir.

Bu baxımdan 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə əldə edilmiş Vaşinqton razılaşmaları xüsusi əhəmiyyətə malikdir. Azərbaycanla Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişin mətninin paraflanması uzun illər davam etmiş qarşıdurmanın aradan qaldırılması yolunda mühüm addım olmuşdur. Bu razılaşmalar sülh prosesinin irəli aparılmasına, kommunikasiyaların açılmasına, qarşılıqlı hörmətə və revanşizmdən imtinaya əsaslanan münasibətlər qurulmasına şərait yaratmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, uzunmüddətli sülh yaradılması qəbul olunmuş öhdəliklərin yerinə yetirilməsini, ərazi iddialarına bəhanə verə bilən şərtlərin aradan qaldırılmasını, etimadsızlığa və düşmənçiliyə meydan açan hərəkətlərə yol verilməməsini tələb edir. Beynəlxalq birlik region dövlətlərinin suveren seçiminə və təşəkkül tapmış yeni reallıqlara hörmətlə yanaşaraq, birbaşa dialoqa və əməli əməkdaşlığa kömək göstərməlidir.

Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. İşğal dövründə viran qoyulmuş torpaqlarda şəhər və kəndlər yenidən inşa olunur, müasir nəqliyyat və enerji şəbəkələri, təhsil və tibb müəssisələri, digər obyektlər yaradılır. Tarixi, mədəni və dini abidələr bərpa olunur, iqtisadi fəaliyyət və əhalinin layiqli yaşayışı üçün şərait təmin edilir. Həyata keçirilən “Böyük Qayıdış” proqramı Zəfərə konkret quruculuq məzmunu verir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması nəticəsində onların pozulmuş hüquqları və sabaha inamı bərpa olunur, soydaşlarımız əcdadlarının torpağına qovuşur, işğalçıların məhv etməyə çalışdıqları həyat yenidən dirçəldilir.

Azərbaycan Respublikasının Milli Məclisi əmin olduğunu bildirir ki, ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi dövlət müstəqilliyini və suverenliyi qorumağın vacib şərti olaraq qalır. Güclü Azərbaycan öz təhlükəsizliyinin etibarlı təminatçısı və regional sabitliyin mühüm amilidir.

Biz Prezident İlham Əliyevin həyata keçirdiyi dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi, azad edilmiş ərazilərin bərpası və uzunmüddətli sülhün bərqərar edilməsi xəttini qətiyyətlə dəstəklədiyimizi bildiririk. Parlament həmin vəzifələrin yerinə yetirilməsi üçün zəruri qanunvericilik bazasını bundan sonra da təmin edəcək, milli maraqların müdafiəsi üçün parlament diplomatiyasının imkanlarından səmərəli istifadə edəcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevi, Silahlı Qüvvələrimizin əsgər və zabitlərini, şəhid ailələrini və qaziləri, bütün xalqımızı Zəfər Günü münasibəti ilə təbrik edir.

Tarixi qələbəmizin nailiyyətlərini qorumaq, müstəqil Azərbaycanı daha da möhkəmləndirmək, gələcək nəsillərə güclü dövləti miras qoymaq hamımızın borcudur.


(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il 3 noyabr tarixli iclasında qəbul edilib).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST rəhbəri Efiopiyanın səhiyyə sistemi ilə bağlı xəbərdarlıq edib  

17:07
03 Noyabr

Çin valyuta ehtiyatı tələblərini artırır

16:54
03 Noyabr

Azərbaycançılıq həmrəyliyimizin və gücümüzün mənəvi sütunudur  

16:50
03 Noyabr

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik edəcək  

16:43
03 Noyabr

Neft yenidən bahalaşıb

16:38
03 Noyabr

Azərbaycan-Yunanıstan ticarətində 700 milyon dollarlıq hədd aşılıb

16:37
03 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş filmin təqdimatı olub  

16:33
03 Noyabr

Şəhidlərin anım günü məzarları ziyarət olunub  

16:13
03 Noyabr

Azərbaycanın hərbi pilotlarının peşəkarlığı artırılır

16:07
03 Noyabr

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı 

15:52
03 Noyabr

Əbu-Dabidə üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək

15:29
03 Noyabr

Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin xatirəsi anılıb  

15:18
03 Noyabr

Ekologiya və təbii sərvətlər naziri Hacıqabulda vətəndaş müraciətlərini dinləyib  

15:07
03 Noyabr

Amerikalı müəlliflərin “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı olub YENİLƏNİB  

15:01
03 Noyabr

Xəzər dənizinin Qazaxıstan sektorunda beynəlxalq narkotik qaçaqmalçılığı şəbəkəsi çökdürülüb  

14:36
03 Noyabr

Depressiyanın 7-ci növü aşkar oluna bilər  

14:17
03 Noyabr

Rusiyanın hücumu nəticəsində Xarkovda 73 nəfər yaralanıb

14:17
03 Noyabr

Con Spenser: Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir  

14:15
03 Noyabr

ABŞ İrana zərbə endirdi, neftin qiyməti artdı

14:13
03 Noyabr

Parlament “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklə bağlı qanun layihəsini təsdiqləyib  

14:12
03 Noyabr

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır  

14:08
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!