Şəhid Allahverdi Səfiyevin yarımçıq qalmış arzularını indi ailəsi gerçəkləşdirir
2013-cü ilin sentabr ayı idi...
Bakıda, Pedaqoji Kollecin birinci kursunda oxuyurdum. Dərsə gedəndə avtobusda hərbi formada olan bir oğlan durub yerini mənə verdi. İlk tanışlığımız belə başladı...
Ard-arda mənə hər gün yerini verən bu hərbçi diqqətimi çəkdi. Elə olurdu ki, bəzən avtobusda olmurdu. Özümdən asılı olmayaraq, gözüm onu gəzirdi. İlk dəfə üzünə baxanda qəmli gözləri, qızaran üzü, alnının qırışı diqqətimi çəkdi...
Yaşadığı bütün çətinliklər gözlərindən oxunurdu. Mən ona baxan günü sanki qəmli gözlərinə işiq gəldi... Üzündən nur tökülürdü. Sanki dünya onun idi. Elə bil quş kimi qanad açıb uçmaq istəyirdi...
İlk tanışlıq
Tanışlığımızın ilk bir ili belə keçdi. Mənə yaxınlaşıb hec nə deyə bilmədi... Növbəti tədris ilində ikinci kursa başladığım gün dərsə gedəndə yenidən rastlaşdıq. Üzündəki sevinc, təbəssüm, xoşbəxtlik hissi sanki avtobusa sığmırdı. Mənə yaxınlaşıb "hardaydın mələyim" soruşdu. Bu utancaq oğlanın cəsarətinə, aramızda olan ilk söhbət zamanı işlətdiyi "mələyim" kəlməsinə çox təəccübləndim. Sən demə, həmin gün daha "irəli gedərək" mənə hiss etdirmədən kitabıma telefon nömrəsini də yapışdıra bilmişdi...
Məktəbdə qızlar kitabıma yapışdırılmış telefon nömrəsini görüb kimin nomrəsi olduğunu soruşanda anladım ki, bu adını bilmədiyim qəhrəmanımın nömrəsidir... Nömrəni telefonuma yazdım...
İki gün onu görmədim... Hər yerdə gözüm onu gəzirdi. Nəhayət, telefonda yazdığı "status" qarşıma çıxdı. Yazılmışdı ki, "mələyimi iki gündür görmürəm "...
Tanımadığım bir adamın məni bu cür sevməsi, diqqəti, qayğısı artıq öz işini görmüşdü. Ürəyim sanki od tutub yanırdı. Hara baxırdım onun mənə tuşlanan mənalı gözlərini görürdüm. Qəribədir, ilk dəfə üz-üzə, göz-gözə söhbətimiz dindən, namazdan, müqəddəs kitabımız "Quran"dan oldu. Hər ikimiz namazqılan idik. Özünü mənə təqdim edəndə "Adım da Allahverdidir", - dedi.
...Sevinc xanım onun əbədi qəhrəmanı, şəhid həyat yoldaşı - 2023-cü il sentyabrın 23-də Qarabağda antiterror əməliyyatı zamanı şəhid olmuş Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatli bölməsinin miçmanı Allahverdi Səfi oğlu Səfiyevdən danışır...
Gözlərində böyük qüssə ilə yanaşı, əbədi sevginin sonsuz hərarətini aydın hiss edirik...
Allahverdinin doğulduğu Ucar rayonunun Bağman kəndində, ata ocağında doğmaları ilə yarımçıq qalmış ömür kitabını səhifələyirik...
Səfiyev Allahverdi 1993-cü il sentyabrın 15-də Ucar rayonunun Bağman kəndində anadan olub. Kiçik yaşlarından atasını itirən Haqverdi ilə Allahverdini min bir əziyyətlə anası Rəfiqə xanım böyüdüb.
2011-ci ildə şəhid Sehran Salmanov adına orta məktəbi bitirən Allahverdi biliyi, bacarığı, davranışı ilə məktəbdə nümunəvi şagirdlərdən olub. Elə orta məktəbi bitirdiyi il oktyabrın 3-də hərbi xidmətə yola düşüb.
Onun kimi qardaş hanı?
Qardaşı Haqverdi Səfiyev xatirələrini bölüşür:
- Uşaqlıqdan arzusu hərbçi olmaq idi. Çox danışmağı heç sevmirdi. Həmişə oturub nə isə fikirləşərdi. Nə fikirləşdiyini də deməzdi. Ancaq "şükür" edərdi. Vətənə, torpağa çox bağlı idi. Bir sözü vardı: "Görən bunun sonu necə olacaq, görəsən, biz o günü görəcəyik". Nəyi görmək istədiyini soruşanda, adamın üzünə baxıb deyərdi ki, "nəyi deyəcəyəm? Torpaqlarımızın işğalda olmasını..." Deyəndə ki, bunu özünə niyə dərd edirsən? Cavab verirdi ki, "bundan da böyük dərd olar?.."
Hərbi xidmətini başa vurub gəldi, amma heç üç gün də evdə oturmadı. Dedi ki, mən orduda xidmət edəcəyəm. Çox yerdən iş təklif edildi. Hamısına yox dedi... Məndən kiçik olsa da, onunla məsləhətləşməmiş bir iş görməzdim. Adama ürəkdən can yandırar, tikəsini yeməyib bölüşərdi. Bir yaxşı işimi, bir xoş xəbərimi eşidəndə özünü dünyanın xoşbəxti hesab edərdi. Onun kimi dost, onun kimi qardaş heç görmədim. Torpaq yaxşıları tez alır əlimizdən. Allahverdi də canını müqəddəs bildiyi torpaqların azad olunması üçün qurban verdi.
2013-cü il aprelin 16-sı daxili qoşunlarin xüsusi təyinatli bölməsində baş atıcı vəzifəsində fəaliyyətə başlayan Allahverdi Səfiyev 2019-cu ilin yanvar ayında "Qoşun xidməti və hərbi intizamın yekunu üzrə xidməti vəzifə borcunun icrasına layiqincə yanaşdığına, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiyinə görə" komandanlıq tərəfindən mükafatlandırılır. 2018-ci ildə ailə quran A.Səfiyevin 2019-cu ildə qizi Məryəm, 2020-ci ildə oğlu Ömər dünyaya gəlir.
Xüsusi təyinatlı qüvvələrin baş əsgəri və baş atıcısı Allahverdi Səfiyev 2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Hadrutun, Xocavəndin Tuğ kəndinin və Şuşanın alınmasında qəhrəmancasına döyüşüb.
O, 2022-ci il aprelin 19-da Daxili Qoşunlarda 10 il qüsursuz xidməti başa vursa da, vətənə olan sevgisi onu bir an rahat buraxmır. "Hələ qarşıda görüləsi işlər var. Mən hərbçi olmaq, dövlətimə xidmət üçün bu dünyaya gəlmişəm" deyərək, 2022-ci ilin noyabrında Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölməsində xidmətə başlayır. 2022-ci ilin may ayından 2023-cü il iyulun 4-dək 641 nömrəli hərbi hissədə təşkil olunan 5-ci buraxılış "Dəniz Komando Təməl Kursu"nda iştirak edərək oranı müvəffəqiyyətlə bitirir və baş snayperçi kimi xidməti davam etdirir.
Allahverdi Səfiyev 2023-cü il sentyabrın 19-da Fərrux yüksəkliyi və Ağdərə rayonunun Sirxavənd, Canyataq, Gülyataq kəndləri ərazisində erməni separatçılarına qarşı antiterror əməliyyatlarında iştirak edir. Antiterror əməliyyatları zamanı döyüş yoldaşlarını erməni qəsbkarlarından qoruyaraq 10-dək separatçını məhv edir və qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli qərarı ilə baş əsgər Səfiyev Allahverdi Səfi oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilir.
Vətənə yadigar iki övladı qalıb. Məryəm 6 yaşında, Ömər isə 5 yaşındadır..
Çətin uşaqlıq illəri
Anası Rəfiqə xanımın Allahverdi haqqında xatirələri:
- Allahverdi uşaqlıqdan çox sakit idi. Hamı onu sözəbaxan, başıaşağı uşaq kimi tanıyırdı. Oğlum qətiyyən xəbərçilik etməzdi. Ən nifrət etdiyi şey xəbərçilik idi. Yanında baş kəssəydin, özünü oda verərdi, amma sirr verməzdi. Yetimçiliklə, min əziyyətlə böyütmüşdüm onu. Birini tapanda, birini tapmazdıq. Məni çox gözəl anlayırdı. Evdə bir şey olmayanda, əlacsız qalanda boynuma sarılıb mənə təsəlli verərdi: "Böyüyüm hər şey yaxşı olacaq, səni korluq çəkməyə qoymayacağam" - deyərdi. Balam böyüyənə kimi yaxşı heç nə görmədi. Çox vətənpərvər idi. Qarabağ dilindən düşməzdi. 44 gün müharibədə oldu. Odun, alovun içində olasan, burnun qanamaya, gəlib bir günün - 23 saatlıq bir döyüşün qurbanı olasan... Axırda canını da Qarabağa qurban verdi... Dünyam boşalıb. Allahverdi adı çəkildəndə od tutub yanıram...
Göz yaşı içində boğulan ömür-gün yoldaşı Sevinc xanım söhbətə qoşulur:
- Allahverdi ilə münasibətimizi bilən ailəm, qohumlarım bu izdivaca etiraz etdilər. Birlikdə namaz qılıb Allaha yalvarardıq ki, ya ikimizin canını birlikdə al, ya da valideynlərimin ürəyinə insaf sal bizi ayırmasınlar. Çox şükür. Dualarımız qəbul olundi. Allahverdinin gözəl ürəyini, mədəniyyətini, alicənablığını, vətənə necə ürəklə xidmət etdiyini görən valideynlərim axır ki, izdivaca razı oldular. 2016-cı ildə nişanlandıq...
Biz 2018-ci ildə ailə həyatı qurduq. 2019-cu ildə qızımız Məryəm dünyaya gəldi. Məryəm anadan olanda Allahverdi işdə olduğu üçün gələ bilməmişdi. Quş kimi çırpınırdı. Ürəyi bizimlə idi.
Məryəmin adını da özu qoymusdu. Çox qəribə idi. Deyirdi ki, inana bilmirəm mənim ailəm, qızım var. Qəti düşünə bilməzdim ki, o qədər çətin uşaqlıq keçirib belə xoşbəxt olacağam. Məryəmi çox istəyirdi...
Deyirdim ki, sənin bu sevgini qısqanıram... 2020-ci ildə müharibədə olanda Ömərimiz dünyaya gəldi. Elə deyirdi ki, usaqlar anadan olanda da, 1 yasını tamam edəndə də yanınızda olmamışam. Deyirdim canın sağ olsun, belə şeyləri fikirləşmə. İlk dəfə Öməri 3 aylığında gördü...
Müharibədən söz düşəndə deyirdi ki, uğurum Ömərə aiddir. Onun işıqlı, qayğısız, sakit həyatı üçün döyüşmüşəm. Vətən müharibəsində şəhid olan qardaşlarımızın qisası Allahverdinin yadından çıxmırdi. Tez-tez təkrar edirdi ki, yenidən müharibə olsa, ən qabaqda döyüşüb qardaşlarımın qisasını alacağam. 10 illik qüsursuz xidmətdən sonra Allahverdi 2022-ci ilin aprel ayında Daxili Qoşunlardan ayrıldı...
7 ay ərzində görmədiyimiz yerlərə apardı bizi. Elə bil bütün işlərini tamamlamağa tələsirdi.
Bir dəstə gül...
Gülləri çox sevirdi. Nişanlı olanda da mənə tez-tez gül alırdı. Bir gün evə bir dəstə gül ilə gəlmişdi. Bu, fərqli gül idi. Dedi ki, uşaqları xəstəxanadan çıxaranda heç birində yanında ola bilməmişəm, ürəyimdə qalıb. Bu gülü də ona görə almışam. Həm sevindim, həm də urəyinə saldığına görə kövrəldim...
Kasıb adamların ürəyi böyük olur, mərd olurlar... Allahverdinin ürəyi də dağ boyda idi. Mərd və fədakar idi. Özü yeməzdi balalarına yedizdirərdi. "Mən korluq çəkib böyümüşəm, övladlarımın mən çəkən əzabı çəkməsinə imkan vermərəm" - söyləyirdi. Uşaqlara çox qayğı göstərərdi. Ata olduğu üçün fəxr edirdi. Onun bütün dünyası Məryəmlə, Ömər idi...
Şəhidliyini öncədən duydu
Hərbçi olmağı ilə qürurlanardı. Deyərdi ki, hər oğulun işi deyil hərbçi olub ölümün üstünə yeriyə. Sanki əsgər olmaq üçün doğulmuşdu. Qisas deyib dad edirdi... Noyabrda yenidən Hərbi Dəniz Qüvvələrinin komando kursuna qatıldı və kursu müvəffəqiyyətlə bitirdi. 61 kursantın içində göstəricilərinə görə 9-cu olmuşdu. Elə hey deyirdi ki, mənim yaşım çox oldu. Yaşım az olsaydı, 1-ci yerdə olardım. 4 ay idi Hərbi Dəniz Qüvvələrində işləyirdi. Sevinci yerə-göyə sığmırdı. Dedi ki, 44 günluk Vətən müharibəsində qayıdacağıma söz verdim, qayıtdım da... Bu dəfə məni sağ gözləmə".
Nə deyəcəyimi bilmirdim. Sanki canım çıxıb, quruyub yerimdə qalmışdım...
5 illik evlilik həyatımızda Allahverdidən güldən ağır söz eşitməmişdim. Bir dəfə də olsun qəlbimi qırmayan, sevdiyim, yolunda canımı qurban verə biləcəyim insanın bu sözü məni sanki yerə çırpdı. Ayaqüstə uçalandım.
Allahverdi ilə 5 illik xoşbəxt həyatımı 5 ömrə dəyişmərəm. Məni bu vəziyyətdə görüb qəfildən güldü. "Narahat olma, mələyim, hər şey yaxsı olacaq, inşallah", - deyib getdi. Heç nə söyləyə bilmədim. Özümü toparlayıb bircə "Allaha əmanət ol" - deyə bildim.
Allahverdi qapıdan çıxanda dizimi yerə atıb əlimi Allaha açdım. Dedim, ya Rəbbim alacağın bir can varsa, mənim canımı Allahverdinin qurbanı kimi qəbul et. Ona qıyma... Axsamüstü mənə zəng etdi. Dedi ki, yır-yığış et, qardaşına demişəm sizi atangilə aparsın. Biz gec gələcəyik. Usaqlar üçün paltar götür. Cavab verdim ki, heç bir yerə getməyəcəm...
Son zəng
Allahverdi məni dilə tutub israr edirdi ki, atamgilə gedim. Mən isə "səni bu evdən yola salmışam, bu evdə də sağ-salamat qarşılayacağam", - deyirdim. Müharibəyə getdiyini, fikrinin bizdə qalacağını bilib dedim ki, bir şərtlə gedirəm, söz ver ki, sağ-salamat qayıdacaqsan. "Mələyim, söz", - deyə ucadan səsləndi. İlk dəfə idi ki, kəndə getmək istəmirdim. Fikrim, düşüncəm Allahverdinin sözündə qalmışdı. Biz kəndə çatana kimi sanki yol da uzanır, bitmək bilmirdi...
Sentyabrın 15-i ad günü idi. Təbrik yazdım cavab vermədi. Çox narahat oldum. Səhəri zəng vurub dedi ki, "narahat olma, her şey yaxsıdır". Sentyabrın 19-u səhər 09:15 idi. Heç nə olmamış kimi, mehriban, gülümsər səslə mənimlə danışdı. Telefonu Məryəmə verməyimi istədi. Məryəm uzaqda idi. Dedim gələndə danışarsan. "Yox, çağır səsini eşidim", - israr etdi. Mənimlə gülə-gülə danışan Allahverdi Məryəmin səsini eşidən kimi donuq səslə danışdı. Bircə onu dedi ki, Məryəmim, ata səni çox istəyir. Səsi tutuldu. Udqundu... Elə bil hər şey ürəyinə danmışdı...
Gücümü toplayıb soruşa bilmədim ki, nə olub, niyə elə danışırsan. Sağollaşdıq. 09:46-da yenidən zəng vurdu. "Sizi cox sevirəm", - dedi. Yenə Məryəmlə danışdı: "Ata sənə nə alsın", - dedi. Məryəm də şokolat, çöplü sok al, daha nələrsə sifariş etdi. Son sözü "Ömər də, sən də, ana da mənim hər şeyimsiniz", - deyib sağollaşdı. Bu, bizim son danışığımız oldu...
Bizimlə danışandan sonra atama zəng vurub "uşaqları sizə əmanət edirəm" - deyib. Biz ailə qurandan sonra xüsusi vurğulayardı ki, mən atasız deyiləm, atan mənim də atamdır. Valideynlərim də onu öz balası kimi cox sevirdilər. Nəinki ailəmin, qohumların, dostların, demək olar ki, hamının böyük hörmətini qazanmışdı Allahverdi...
Sentyabrın 19-u saat 12-də antiterror əməliyyatı başladı. Çox həyəcanlı idim. 44 günlük Vətən müharibəsində heç bu qədər narahat olmamışdım. Zəng çatmırdı ona. Nəhayət, 20-si günü yaxın iş yoldaşına atam zəng vurdu. Allahverdidən narahat olduğumuzu söylədi. İş yoldaşı bizi sakitləşdirmək üçün "Mən indi danışmışam, narahat olmayın", - dedi.
Bu sözün özü bizi daha da gərginləşdirdi. Bütün ailə bilirdi ki, Allahverdi nə olursa olsun, birinci bizə zəng vurardı. Mənimlə danışa bilməsəydi, atamla, qardaşımla danışardı...
Məryəmin yuxuları
Nəfəsim çatmırdı. Boğulurdum. Əlimi Allaha açıb yalvarırdım. Məryəmin saçını açıb dizi üstə otuzdurdum. Dedim, Məryəm, Allah qız uşaqlarının səsini tez eşidir. Atanın həyatı təhlükədədir. Məryəm Allaha yalvarırdı. Atamı sağ qaytar, mənim canımı al deyirdi...
Sonra o xəbər gəldi... İnanmaq istəmirdim. "Yalandır bu xəbər. Allahverdiyə heç nə olmaz. Allahverdi güclü, möhkəmdir", - deyirdim ona güllə dəysə də, yenə həyatda qalar... Beləcə, 8 gün yolunu gözlədim, gəlmədi...
Gah dedilər yaralıdır, gah dedilər sağdır, gah da şəhid olduğunu söylədilər. Mən şəhid olmağından başqa bütün xəbərlərə inanmaq istəyirdim. Deyirdim iki qolu, iki qıçı sağ olmasa da gəlsin. Ona gözüm kimi baxaram. Bir o mənalı gözəl gözlərini görək bəsimizdir. Sentyabrın 28-i günu yaralı olduğunu dedilər. Bilmirdim sevinim, ya ağlayım? Sadəcə, donub qalmışdım. Heç nə fikirləşə bilmirdim. Birdən qulağıma bir səs gəldi: "Tabutu qoymağa yer açın". Mən onun sağ gəlməyini gözləyirdim, amma tabutunu qucaqladım.
Tabutu gətirmişdilər, amma mən hələ də inanmırdım. Deyirdim açın tabutu, Allahverdi yatan tabutda özüm yatacağam. Tabutu açmadılar. Gücüm ona çatdı ki, var gücümlə qışqırıb dedim ki, mən də qəbiristanlığa dəfnə gedəcəyəm. Fikirləşirdim ki, məzara tabutda qoymayacaqlar. Özümü məzara atıb Allahverdini görərəm. Bəlkə Allah səsimi eşidib canımı alar, məni də onunla bir qəbirdə dəfn edərlər.
Özümə qıymaq istəyirdim. Allahverdinin üzü gəldi gözlərim önünə. Sanki "Başını dik tut", - deyib mənə təsəlli verirdi...
Mənim üçün Allahverdi əbədiyaşardır. Yanımda olmayanda düşünürəm ki, hərbçidir, kişidir, təlimə gedib... Axirətdə birləşəcəyimizə əminəm.
Məryəm hər səhər yuxudan duranda "ata yenə gəlmişdi. Birlikdə oynadıq, o, yenə cənnətə getdi, mənə dedi ki, sən ananın yanına get, axşam yenə gələcəyəm. Bir çətinə düşəndə, bir müşkülüm olanda hiss edirəm ki, tək deyiləm, Allahverdi yanımdadır. Hələ yaxşı danışa bilməyən Ömərimizin belə "ata yuxuma gəlmisdi" deməsi məni inandırır ki, özü yanımızda olmasa da, ruhu bizimlə birgədir.
Ömərin xasiyyəti, gülüşu, ele bil atasıdı. Hər güləndə elə bilirəm Allahverdi də mənə baxıb gülür. Arzusu övladlarımızı həkim görmək idi. Çalışacağam ki, onun yarımçıq qalmış bütün arzularını, xəyallarını gerçəkləşdirim. Çox istəyirdim ki, mən də ali təhsil alım. Bu il Mingəçevir Dövlət Universitetinə qəbul oldum. Sənin arzun idi deyə, etdim bunu. Sənə görə təhsilimi başa vuracağam...
Qəhrəmanım, biz səninlə fəxr edirik. Sən yalnız qəhrəman döyüsçü yox, gözəl ailə başçısı, yaxsı oğul, gözəl qardaş, bənzərsiz ata, dost kimi ürəyimizdə, yaddaşımızda yaşayacaqsan.
Atamın şəklini sinəmə sıxmasam, yata bilmirəm
Mən bir qəhrəman əsgərin qızıyam. Atamın cənnətə getdiyini başa düşürəm. Atam ayrılığını mənə hiss etdirmir. Onun şəkli sinəmin üstə olmayanda yuxum gəlmir, darıxıram. Atam da məni heç tək qoymur...
Balaca Məryəmin gözündə muncuq kimi yaş gilələnib yanağına süzülür...
Əlinin arxası ilə göz yaşını silib nə isə deməyə çalışır. Amma onu qəhər boğur... Özünü toparlayıb, sakit səslə, güclə anlaşılacaq bir tonda: "Mən atamı istəyirəm. Niyə hamının atası var, mənim yoxdur. Axı mənim, Ömərin günahı nə idi ki, biz atasız qaldıq?.."
Elşən QƏNİYEV,
"Azərbaycan"