Bu gün ADA Universitetində keçirilən “Tələbələrin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin 20 illiyinə həsr olunmuş simpoziumu çərçivəsində 46-cı ICPC dünya finalı iştitakçıları olan ADA komandasının mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “ICPC Azərbaycan - 20 il” simpoziumu çərçivəsində öncə “ICPC hərəkatı və onun İT sənayəsinə, ölkənin rəqəmsallaşmasına təsiri” mövzusunda panel keçirilib.
Panelin moderatoru Azərbaycan Mərkəzi Bankının müşaviri Vüsal Xəlilov, Qazaxstanın “mFactorial School” təsisçisi və baş direktoru Arman Suleimenov, “Alem School”un təsisçisi və baş direktoru Danabek Kaliazhdarov, “Harbour Space University”nin Baş direktorunun müavini Alexey Alexeyev, Beynəlxalq İnformatika Olimpiadası - IOI beynəlxalq komitənin üzvü Araz Yusubov və “Constructor University”nin nümayəndəsi Olga Kornienko Azətbaycanda son illərdə həyata keçirilən rəqəmsallaşma, tələbələrin ümumilikdə gənclərin proqlamlaşdırma və İT sahəsinə marağının artırılması istiqamətində müzakirələr aparıblar. İllər öncə Bakıda məhz ADA Universitetində tələbəlik illərini xatırlayan Danabek Kaliazhdarov ölkəmizdə gənclərin idmana və təhsilə daim təşviq olunmasını yüksək qiymətləndirib.
Araz Yusubov Azərbaycanda təhsil və İT sahəsində müxtəlif müsabiqələrin, yarışların və olimpiadaların keçirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə həyata keçirilən hər bir tədbirin ölkəmizi təmsil edən tələbələrin beynəlxalq tədbirlərdə birinci olmaq şansının artmasına səbəb olduğunu qeyd edib.
Panel iştirakçıları İT sahəsində qızların sayının artması istiqamətində də fikir mübadiləsi aparıblar.
Sonra “ICPC Azərbaycan” çərçivəsində 5 ildən çox aktiv fəaliyyət göstərən komanda məşqçilərinin mükafatlandırılması baş tutub.
Həmçinin “ICPC Azərbaycan” təşkilat komitəsi üzvlərinin ölkədə ICPC hərəkatının inkişafında xüsusi xidmətlərinə görə mükafatlandırılması keçirilib.