04 Aprel 2024 08:35
969
SİYASƏT
A- A+

4 günlük müharibə, 44 günlük Zəfər və 4-cü bəndin icrası

 

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrü xalqımızın çoxəsrlik dövlətçilik tarixini zənginləşdirən zirvə hadisələri ilə əlamətdardır. İstər daxili, istərsə də xarici siyasətdə əldə olunan nəticələr Azərbaycan dövlətinin qüdrətinin artmasında, siyasi, iqtisadi, mədəni, diplomatik və hərbi müstəvidə mühüm uğurların - strateji nailiyyətlərin qazanılmasında öz ifadəsini tapır. Bunların sırasında Azərbaycan Ordusunun gücünü və xalqımızın sarsılmaz həmrəyliyini - milli mübarizə ruhunu əks etdirən qələbələri isə xüsusi vurğulamaq gərəkdir. Aprel döyüşləri də bu kontekstdə mühüm yer tutur. 

 

Azərbaycan məkrli planları iflasa uğratdı

 

2016-cı ildə baş verən Aprel döyüşləri Azərbaycanın siyasi iradəsini - Ermənistanın işğalçı və bəzi güc mərkəzlərinin ikili standartlar siyasəti ilə heç vaxt barışmayacağını göstərən tarixi hadisə idi. 
Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq müstəvidə münaqişənin ədalətli həlli ilə bağlı mövqeləri neytrallaşdırmağa çalışırdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin çoxsaylı canlı qüvvə, texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsi Ermənistanın və onun havadarlarının çirkin niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri o zaman status-kvonun qəbuledilməzliyini qətiyyətlə ifadə edən Azərbaycanın düşmənə layiqli cavab vermək əzmində və iqtidarında olduğunu bir daha göstərdi. 

 

Siyasi mif darmadağın edildi

 

Aprel döyüşləri erməni təbliğat maşınının "Ermənistan ordusunun gücü" haqqında formalaşdırdığı mifi də dağıtdı. Bundan sonra elə Ermənistanın hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri öz ölkələrinin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərməyə başladılar. Yəni Aprel döyüşlərinin nəticələri Ermənistanda "ideoloji əsasları" dağıtmaqla yanaşı, bu ölkənin təcavüzkar siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Bu, eyni zamanda sarsıdıcı zərbə kimi Ermənistanda hərbi xunta rejiminin çökməsində də önəmli rol oynadı.

 

4 günlük müharibədən 4 il sonra...

 

Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, Azərbaycanın şanlı hərb salnaməsinə düşən tarixi zəfərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir".
Təsadüfi deyil ki, Aprel döyüşlərindən 4 il sonra - 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi: 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpası təmin olundu.
Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğalçılar torpaqlarımızı tərk etməsələr, Azərbaycan Ordusu onların başını əzəcək. Cənab İlham Əliyev sözünün imzası qədər dəyərli - keçərli olduğunu növbəti dəfə sübuta yetirdi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, Liderimizin qalib dövlətin başçısı kimi imza atdığı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistan üçün faktiki kapitulyasiya aktı oldu. 
Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası baxımından əlamətdar deyil. Bu, həm Azərbaycan, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər yaradan əhəmiyyətli geosiyasi amildir. Yeni reallıqlar fonunda isə hazırda Cənubi Qafqazın geosiyasi gündəliyi ikivektorludur: birincisi, sülh və etimad quruculuğu, ikincisi isə yeni əməkdaşlıq platformasının yaradılması. 
Yeni reallıqlara əsaslanan mütərəqqi ideya və konstruktiv təşəbbüslərin gerçəkləşdirilməsi Cənubi Qafqazda sülhyaratma məsələsinin öz həllini tapmasından asılıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, "bizim mövqeyimiz birmənalıdır, açıqdır". Postmüharibə dönəmində Azərbaycan ilə Ermənistan məhz rəsmi Bakının beynəlxalq hüquq normalarına əsasən təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Başqa yol və "yol xəritəsi", yaxud Ermənistanın əlavə şansı və alternativ imkanları yoxdur. 

 

Üçtərəfli Bəyanatdan üç il sonra...

 

Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və konstitusiya quruluşunu tam bərpa etməklə bir sıra ilklərə imza atıb. 
Məlumdur ki, postsovet məkanında separatizmin əsası məhz Qarabağ problemi ilə qoyuldu. Daha sonra "domino effekti" ilə yayılan və təbii ki, kənardan idarə olunan mərkəzdanqaçma prosesi siyasi idarəetmə formasından, sosial-iqtisadi inkişaf səviyyəsindən, ərazisi və əhalisindən asılı olmayaraq bir çox ölkəni ağuşuna aldı, xalqlara ciddi zərər verdi - dövlətlərə zərbə vurdu. Bu geostrateji arealda separatizmin zərərsizləşdirildiyi, başının əzildiyi - belinin qırıldığı ilk məkan da məhz Azərbaycan oldu. Şanlı qələbədən bir müddət sonra Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması, ardınca əzəli və əbədi Qarabağımızda lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə geniş geosiyasi müstəvidə - Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Belə ki, Azərbaycan 3 il sonra isə üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasını təmin etməyə nail oldu. Yəni qanunsuz silahlı birləşmələrin, təxribat-terror qruplarının ərazilərimizdən çıxarılmasına, separatizmin məhvinə müvəffəq olduq. Bu reallıq təsdiqləyir ki, Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir.

 

Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur

 

Əlbəttə, olduqca mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışanların planlarını pozaraq - niyyətlərini iflasa uğradaraq separatizmi aradan qaldırmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir. Hərbi müstəvidə qazanılmış qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, siyasi üstünlüyümüzü və beynəlxalq mövqeyimizi gücləndirmək üçün görülən işlər həm Azərbaycan, həm də bütövlükdə region üçün yeni perspektivlər açır.
Azərbaycan kimi uzun müddət işğal, bölücülük və ikili standartlardan əziyyət çəkən bir çox dövlət, o cümlədən postsovet ölkələri mövcuddur. Hər birinin özünəməxsus iqtisadi, hərbi-strateji potensialı, demoqrafik və geosiyasi resursları var. Amma qeyd etdiyimiz kimi, mürəkkəb beynəlxalq vəziyyətdə, çətin şərtlər və şərait fonunda haqq işini qələbə ilə yekunlaşdıran, separatizm kimi "geopolitik xərçəng daşıyıcısı olan hüceyrələrin metastazı"nın qarşısını alaraq dövlətin vahid siyasi orqanizm olaraq bütöv sağlamlığını təmin edən məhz Azərbaycandır. Bu isə sırf lider amili, yaxud liderlik fenomeni ilə əlaqədardır. 
Dünya azərbaycanlılarının Lideri - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji oyun qaydalarını 4 qızıl qayda əsasında müəyyənləşdirməsi sayəsində bu reallıqları yarada, uğura çata - strateji zirvələri fəth edə bilmişik: vaxtı düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq. 
Cənab İlham Əliyev müdrik dövlət xadimi, təcrübəli siyasətçi, qətiyyətli lider kimi vaxtı düzgün seçdi: Azərbaycan nə tələsdi, nə gecikdi - hər şey vaxtında! Təxribatlara, sabotajlara, prosesləri pozmaq cəhdlərinə, süni müdaxilələrə, ikili standartlara baxmayaraq, Prezident İlham Əliyev heç vaxt avantüraya getmədi, vaxtında və məqamında müvafiq addım atdı və hədəfə nail oldu. 
Artıq Cənubi Qafqazda saatlar Bakı vaxtı ilə qurulur. Azərbaycan istənilən təhdidin qarşısını almağa və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir. Yeni reallıqlardan narahat olan bir sıra qüvvələrin bu gün Azərbaycana və bütövlükdə regiona yönəlik provokasiya cəhdləri - konfrontasiya ssenariləri, sadəcə olaraq, iflasa məhkumdur.

Nurlan QƏLƏNDƏRLİ,
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video