27 Iyul 2024 08:32
129
CƏMİYYƏT
A- A+

“29 İqlim Söhbəti: COP29-a gedən yol"da  hər kəs “dəyişməlidir"

 

Dünyanın başı üzərində dolanan kabusa - iqlim dəyişmələrinə səbəb olan əsas amilin  qlobal istiləşmə və sənayenin  sürətli inkişafı olduğu artıq hər kəsə bəllidir. İqlim dəyişmələri Yer kürəsində orta temperaturlar və hava şəraitinin uzunmüddətli dəyişməsidir. Mütəxəssislərin rəyinə görə, yaxın onilliklərdə vəziyyətin daha da pisləşməsi gözlənilir. Ona görə də bəşəriyyət bu bəlanı tam aradan qaldıra bilməsə də, daha  qorxunc nəticələri məhdudlaşdırmağa çalışır.

Əslində, Yer kürəsinin tarixi boyunca iqlim dəyişmələri baş verib - təbii və süni səbəblərdən. Təbii səbəblərdən baş verən iqlim dəyişmələri son yüzillikdə antropogen amildən dolayı daha çox  fəlakətə yol açıb. Məlumat üçün bildirək ki, antropogen amillər insanın ətraf mühitə təsiri nəticəsində baş verən dəyişmədir. Bu,  landşaft, iqlim, atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi, hidrosfer, torpaq və s. dəyişməsi yolu ilə baş verir. Son zamanlarda iqlim dəyişmələrinə məhz bu amil səbəb olub. Bu da əsasən qazıntı yanacağının - kömür, neft və qazın evlərdə, sənayedə və nəqliyyatda geniş istifadə edilməsinə görə baş verir. Qazıntı yanacağı yanan zaman istixana qazlarını, əsasən də karbon qazını (CO2) atmosferə buraxır ki, bu da planetdə normadan artıq istilik yaradır.  Sənaye inqilabının əvvəlindən bəri insanlar böyük miqdarda qazıntı yanacağı yandırmağa başladılar, bununla da karbon qazının atmosferdə miqdarı təxminən 50 faiz artdı.

İqlim dəyişdikcə insanların həyatı da dəyişir. Məsələn, bir neçə il əvvəl Şərqi Afrikanın bəzi rayonları son 40 ilin ən güclü quraqlığını yaşamışdı. Nəticədə 20 milyondan çox insan aclıq təhlükəsi ilə üz-üzə gəlmişdi. 2022-ci ildə Avropada istilik dalğaları ölüm hallarının anormal artmasına səbəb olmuşdu. Baş verən bu cür anomal halların aradan qaldırılması üçün  dünya mübarizə aparır. 2015-ci ildə Parisdə imzalanan sazişdə 200-ə yaxın ölkə qlobal istiləşməni Selsi üzrə 1,5 dərəcə səviyyəsində saxlamağa çalışacaqlarını öhdəsinə götürüb. Bu məqsədə çatmaq üçün 2050-ci ilə qədər sıfır CO2 emissiyasına nail olmaq lazımdır. Əksər ölkələr xalis sıfır hədəflərə nail olmağı düşünürlər. Bununla belə istixana qazlarının səviyyəsi hələ də sürətlə yüksəlir və dünyanın 1,5 dərəcədən yuxarı istiləşməsi  ehtimal olunur - mütəxəssislər belə deyir.

 İqlim dəyişmələri planetin bir parçası olan ölkəmizi də təhdid edir. Azərbaycan bu qorxunc kabusla mübarizədə  öndə gedən ölkələrdəndir. Ona görə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi təsadüfi deyil. Təxminən dörd ay sonra baş tutacaq COP29-a hazırlıqlar çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir, əlaqədar qurumlar konfransla bağlı niyyətlərini ortaya qoyurlar. İyulun əvvəlində Bakıda  Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Sammiti keçirildi. BMT-nin Azərbaycan nümayəndəliyi və "PwC Azərbaycan" şirkətinin birgə təşkilatçılığı ilə keçirilən sammit ölkəmizin 2024-cü ilin noyabrında evsahibliyi edəcəyi COP29-a həsr olunmuşdu. İlk dəfə həmin tədbirdə "29 İqlim söhbəti: COP29-a gedən yol" çərçivəsində təşəbbüs qaldırılmış və "Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları" mövzusunda fikir mübadiləsi aparılmışdı. 

Qeyd edək ki,  "29 İqlim Söhbəti: COP29-a gedən yol" silsilə proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır və proqram çərçivəsində vaxtaşırı  tədbirlər keçirilir.  "29 İqlim Söhbəti: COP29-a gedən yol" silsiləsindən növbəti tədbir  iyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə baş tutub. İki gün davam edən seminarda  "Azərbaycan Respublikasında ətraf mühitin dayanıqlığına doğru genderə həssas ədalətli keçidin təşviqi" mövzusunda müzakirələr aparılıb. Tədbirdə hökumət rəsmiləri ilə yanaşı, beynəlxalq qurumların, sahibkarlar və  həmkarlar təşkilatlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər  iştirak ediblər.

Seminarda COP29-a hazırlıq prosesində ölkələrə dəstək olmaq üçün BƏT-in bilik və təcrübə mübadiləsi vasitəsilə genderə həssas ədalətli keçidin təşviqinə yönələn layihəsinin önəmi diqqətə çatdırılıb. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin müəssisələrin İnkişafı və "yaşıl iş yerləri"  üzrə baş mütəxəssisi Kristina Martinez çıxış edərək seminarın əhatə etdiyi mövzunun vacibliyini, bu mövzuda bilik və təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə  COP29-a hazırlıq prosesində sosial tərəfdaşlarla birgə fəaliyyət, həmçinin əmək bazarı ilə bağlı birgə mövqe sənədinin hazırlanması, iqlim dəyişikliyi ilə əlaqədar fəaliyyətlərdə gender bərabərliyi, inklüzivliyin təminatına xüsusi önəm verilməsi, ən yaxşı beynəlxalq təcrübələrin paylaşılması, bilik və təcrübə mübadilələrinin həyata keçirilməsi ilə bağlı panel müzakirələr də aparılıb.

"29 İqlim Söhbəti: COP29-a gedən yol" təşəbbüsünə söykənərək deyə bilərik ki, doğrudur, böyük dəyişmələr hökumətlərdən və biznes dairələrindən irəli gəlməlidir, amma fərdlərdən olan kiçik dəyişmələr də böyük rol oynayar. Bu, daha az uçmaq, daha az enerji sərf etmək, ev izolyasiyasını və enerji səmərəliliyini artırmaq, elektrik avtomobillərinə keçmək və ya avtomobilsiz yaşamaq, qaz mərkəzi isitmə sistemini istilik nasosları kimi elektrik sistemləri ilə əvəz etmək kimi vacib və həyati əhəmiyyətli hərəkətlərdir.

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video