2027-ci il üçün icmal büdcəsinin gəlirləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 2 milyard 649,8 milyon manat və yaxud 5,9 faiz çox olmaqla 47 milyard 619,2 milyon manat, ortamüddətli dövrün sonuna isə 7 milyard 735,6 milyon manat və yaxud 17,2 faiz çox olmaqla 52 milyard 705 milyon manat proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində (OMXÇ) deyilir.
Bildirilir ki, dövlət büdcəsinin gəlirləri əvvəlki illərin faktiki icra göstəriciləri 2027-ci il və sonrakı üç il üçün son makroiqtisadi proqnozlar (ÜDM və qeyri-neft-qaz ÜDM-in artım templəri, valyuta məzənnəsi, neft-qaz hasilatı, neft qiyməti və digər) əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması” Qaydasına uyğun olaraq hər bir tədiyə növü üzrə ayrı-ayrılıqda hesablanıb. Ortamüddətli dövr üzrə icmal və dövlət büdcəsinin neft-qaz gəlirlərinin hesablanmasında xam neftin 2027-2030-cu illər üzrə 65 ABŞ dolları/barel, habelə neft-qaz sektoru üzrə proqnozlaşdırılan hasilat həcmləri və Dövlət Neft Fondunun aktivlərinin gəlirlilik faizi kimi faktorlar nəzərə alınıb. Qeyri-neft sektoru üzrə ÜDM-də proqnozlaşdırılan artım, həmçinin kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların optimallaşdırılması, gəlirlərin leqallaşdırılması, elektron idarəetmənin iqtisadiyyatın əksər sahələrinə nüfuzunun artması nəticəsində şəffaflığın təmin edilməsi və nəzarətin güclənməsi növbəti illərdə büdcə gəlirlərinin tərkibində qeyri-neft-qaz gəlirlərinin payının genişlənməsinə səbəb olacaq. Belə ki, 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin dövlət büdcəsinin gəlirlərindəki payı 2027-ci ilin göstəricisi ilə müqayisədə 9,3 faiz bənd artaraq 69,8 faiz, mütləq ifadədə isə 19,2 faiz artaraq 28,3 milyard manat təşkil edəcək.
Proqnozlaşdırılan gəlir göstəriciləri, həmçinin büdcə qaydasına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti və dövlət borcunun ÜDM-ə nisbəti üzrə 2029-cu ilin sonuna hədəflənən yuxarı hədlər və bu hədlər çərçivəsində cəlb olunması mümkün olan dövlət borcunun həcmi və Dövlət Neft Fondundan dövlət büdcəsinə illik transfertlərin yuxarı hədləri nəzərə alınmaqla resurs zərfi müəyyən edilib. Proqnozlara əsasən resurs zərfi növbəti il 50,4 milyard manata, ortamüddətli dövrün sonunda isə 53,1 milyard manata bərabər olacaq.