2026-2030-cu illər üçün dövlət proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində Salyan rayonunda zona müşavirəsində irəli sürülmüş təşəbbüslər və ya həyata keçirilən digər tədbirlərlə bağlı görülmüş işlər barədə iclas keçirilib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri Tariel Atamalıyev və rayonda kənd təsərrüfatı sahəsi ilə məşğul olan qabaqcıl sahibkarlar və fermerlər kənd təsərrüfatının inkişafına dair dövlət proqramı çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədilə rayonun 3 iri fermer təsərrüfatına baş çəkiblər.
Daha sonra Salyan RİH inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və qərargah üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, habelə əldə edilmiş nəticələr, mövcud problemlər və onların həlli yolları müzakirə edilib.
Salyan RİH başçısı Rüstəm Xəlilov dövlət proqramının aqrar sektorun inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, proqram çərçivəsində qarşıya qoyulan vəzifələrin ardıcıl və səmərəli icrası kənd təsərrüfatı istehsalının artırılmasına, fermerlərin fəaliyyətinin dəstəklənməsinə və rayonda aqrar sahənin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. İcra başçısı rayonda mövcud imkanlardan geniş istifadə olunmasının, innovativ yanaşmaların tətbiqinin və fermerlərə dövlət dəstəyi mexanizmlərindən səmərəli surətdə yararlanmağın vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov çıxışında dövlət proqramının əsas istiqamətləri barədə məlumat verərək qeyd edib ki, aqrar sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatı istehsalçılarının bilik və bacarıqlarının artırılması prioritet məsələlərdəndir.
Daha sonra fermerlərin fikirləri dinlənilib, onların qarşılaşdıqları problemlər, təklif və təşəbbüsləri nəzərdən keçirilib. Aidiyyəti qurumların nümayəndələri tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib.
Sonda dövlət proqramının Salyan rayonunda icrasının daha səmərəli təşkili, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, qarşıya qoyulmuş hədəflərə nail olunması məqsədilə aidiyyəti qurumlar qarşısında müvafiq vəzifələr müəyyənləşdirilib.
S.CAVADOV,
"Azərbaycan"