18 Sentyabr 2026 08:30
156
SİYASƏT
A- A+
Azərbaycan-Çili münasibətləri geniş perspektivlərə malikdir

Azərbaycan-Çili münasibətləri geniş perspektivlərə malikdir


Cənubi Amerikanın ucqar cənub-qərb hissəsində, And dağlarının nəhəng silsiləsi ilə Sakit okeanın sərin suları arasında ensiz bir zolaq kimi uzanan Çili, təbiətin və tarixin qovuşduğu nadir möcüzə diyarlar sırasındadır. 

Şimalında dünyanın quraqlığı ilə seçilən sirli Atakama səhrasının sərt landşaftları, cənubunda isə Pataqoniyanın nəhəng buzlaqları, əzəmətli vulkanları bir-birini əvəz edir. Zəngin flora və faunaya evsahibliyi edən bu ölkədə And kondorundan tutmuş okean sahillərində məskən salan Humbolt pinqvinlərinə qədər unikal canlı növlərinə rast gəlinir. Eyni zamanda Pasxa adasının sirli bütləri və qədim İnk mədəniyyətinin izlərini daşıyan tarixi abidələr Çilinin təbii gözəlliyinə əsrarəngiz mədəni dəyər qataraq onu bənzərsiz bir səyahət məkanına çevirir.

2025-2026-cı illərdə Çili iqtisadiyyatı bir müddət ləngimədən sonra tədricən bərpa olunmaqla orta artım nümayiş etdirib. İndi Latın Amerikasında ən sabit iqtisadiyyatı olan ölkələrdən birinə çevrilib. Belə ki, 2025-ci ildə Çilinin ümumi daxili məhsulunun həcmi orta hesabla 2,5 faiz artaraq 357 milyard dollar təşkil edib. Dağ-mədən sənayesi sahəsində Çili mis ixracı və litium ehtiyatları üzrə dünya lideridir ki, bu da ölkənin ticarət balansını dəstəkləyir. Çilinin valyuta ehtiyatlarının miqdarı 2026-cı ilin ortalarında 52,6 milyard dollar olmuşdur.

Xarici ticarət sahəsində ixrac və idxal müsbət dinamika göstərir, xüsusən də Asiya və Avropa tərəfdaşları ilə ticarət əlaqələri güclənir. Çili dünya bazarına əsasən mis, mis filizi, müxtəlif metallar, kimyəvi məhsullar, eləcə də kənd təsərrüfatı və dəniz məhsulları (xüsusilə gilas, albalı, balıq və şərab) çıxarır. Əsas xarici bazar kimi ümumi ixracın təxminən 35-39 faizi Çinin payına düşür. O, Çilinin ən böyük ticarət və ixrac tərəfdaşıdır (mis və kənd təsərrüfatı məhsulları, xüsusən də gilas idxalında liderdir). Ümumi ixracın təxminən 15 faizi isə ABŞ-nin payına düşür. Yaponiya xammal və dəniz məhsullarının mühüm alıcılarından (7 faiz) biridir. Onun Asiya qitəsindəki digər əsas ticarət tərəfdaşı (6 faiz) Cənubi Koreyadır. Cənubi Amerikadakı ən mühüm ixrac bazarı isə Braziliyadır.

Çili xaricdən əsasən yanacaq (neft və təbii qaz), mexaniki avadanlıqlar, nəqliyyat vasitələri, texnologiya və sənaye malları idxal edir. Onun idxal etdiyi mallar, əsasən, Çin, ABŞ, Braziliya, Argentina və Almaniyadan gəlir. 

Çilidə turizm sektoru pandemiya dövrünün yaratdığı böhrandan tamamilə xilas olaraq güclü bir dirçəliş və inkişaf mərhələsini yaşayır. Ölkəyə gələn xarici turistlərin sayı 6 milyon nəfəri keçib. Çili qlobal miqyasda təbiət və macəra turizminin əsas mərkəzlərindən biri kimi tanınır. Ölkə ərazisinin 40 faizdən çoxunun qorunan təbii zonalar olması, ekoturizmə marağın artdığı dövrdə səyahətçilərin diqqətini güclü şəkildə cəlb edir. Ümumilikdə, sabit turizm infrastrukturu, təhlükəsizlik və unikal coğrafi müxtəliflik Çilini həm qlobal səyahətçilər, həm də Cənubi Amerikanı kəşf etmək istəyənlər üçün ən cəlbedici istiqamətlərdən birinə çevirib. 

Çili Azərbaycanın dövlət müstəqilliyini 3 noyabr 1994-cü ildə tanımışdır. Həmin tarixdə hər iki ölkə arasında diplomatik əlaqələr təsis edilmişdir. Azərbaycan Respublikasının Çili Respublikasındakı diplomatik nümayəndəliyi 29 noyabr 2013-cü ildə təsis edilmişdir. Azərbaycan və Çili arasında rəsmi müqavilə-hüquq bazasını təşkil edən əsasən 2 sənəd imzalanmışdır. Bunlardan biri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu, digəri isə Azərbaycan Respublikası Hökuməti ilə Çili Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişdir.

Azərbaycan Respublikası ilə Çili Respublikası arasında siyasi-diplomatik münasibətlər qarşılıqlı hörmət, dialoq və beynəlxalq platformalarda əməkdaşlıq prinsipləri əsasında tədricən inkişaf edir. Hazırda xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur. Tərəflər arasında bu istiqamətdə mütəmadi olaraq görüşlər (o cümlədən son illərdə baş tutan ikitərəfli məsləhətləşmələr) həyata keçirilir, siyasi dialoqun dərinləşdirilməsi yolları müzakirə olunur. 

Hazırda Azərbaycan-Çili münasibətləri siyasi, iqtisadi, humanitar, mədəniyyət və digər sahələr üzrə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdədir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir ki, bu da ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan Milli Məclisində Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Çili Milli Konqresinin həm Senatında, həm də Deputatlar Palatasında Çili-Azərbaycan parlamentlərarası dostluq qrupları təsis olunub. Çili parlamentarilərinin Azərbaycana səfərləri, eləcə də qarşılıqlı təmaslar qanunverici orqanlar arasında körpü rolunu oynayır.

2025-ci ilin sentyabrında Çili Milli Konqresi Senatının İnsan Hüquqları Komitəsinin sədri, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan Azərbaycana səfəri zamanı Bakıda bir sıra məhsuldar görüşlər keçirib.

2026-cı il mayın 8-də Santyaqo şəhərində Azərbaycan və Çili Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib. Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə, ticarət, biznes və sərmayələrin təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Azərbaycan və Çili BMT başda olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də qlobal platformalarda əməkdaşlıq edirlər. Çili Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə fəal qarşılıqlı siyasi əlaqələndirmə həyata keçirmişdir. Ölkələr iqlim dəyişikliyi kimi qlobal çağırışlar kontekstində də (məsələn, COP29 tədbirləri və prosesləri çərçivəsində) əməkdaşlıq imkanlarını nəzərdən keçirmiş və ortaq platformalarda təmaslar qurmuşlar.

Siyasi münasibətlərin səviyyəsinə uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi aktual olaraq qalır. Hələlik mülayim həcmlərdə olan ticarət dövriyyəsində Çilidən Azərbaycana əsasən dondurulmuş dəniz məhsulları (balıq, xüsusilə qızıl balıq), meyvə konservləri və kimya sənayesi məhsulları idxal olunur. Azərbaycan isə öz növbəsində xalça, tekstil məmulatları və müəyyən sənaye avadanlıqları ixrac potensialına malikdir.

AZPROMO (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) qurumları ilə Çilinin müvafiq qurumları (PROCHILE) arasında işgüzar əlaqələrin genişləndirilməsi, həmçinin sərmayə qoyuluşu və ticarət missiyalarının təşkili istiqamətində addımlar atılır. Bu ilin avqustunda Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares AZPROMO-da bu qurumun rəhbərliyi ilə görüş keçirib. Tərəflər həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin reallaşdırılması imkanlarını müzakirə ediblər. Tərəflər arasında Çili şirkətlərinin və aidiyyəti qurumların bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakının təmin edilməsi ilə bağlı razılıq əldə olunub.

İki ölkənin aparıcı təhsil və diplomatiya qurumları (2026-cı ilin mayında Azərbaycanın ADA Universiteti ilə Çilinin Andres Bello Diplomatik Akademiyası arasında) arasında akademik əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanmışdır ki, bu da gənc diplomatların və tələbələrin mübadiləsinə şərait yaradır.

Ötən illərdə Çilidə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfindən humanitar yardımların göstərilməsi xalqlar arasındakı dostluq münasibətlərinin humanist tərəfini əks etdirir. Təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan hökuməti Çiliyə maliyyə yardım olaraq 100 min dollar məbləğində yardım göstərmişdir.

Ümumilikdə, Azərbaycan-Çili münasibətləri konstruktiv və qarşılıqlı maraqlara əsaslanan siyasi xətt üzrə inkişaf edir. Tərəflər siyasi dialoqu qoruyub saxlamaqla yanaşı, yaxın illərdə iqtisadi, ticarət və texnoloji sahələrdə əməkdaşlığın potensialını daha da reallaşdırmağa çalışırlar.  

Azərbaycan ilə Çili arasında mədəni-ədəbi əlaqələrin gücləndirilməsi istiqamətində də müxtəlif tədbirlər, tərcümə layihələri və qarşılıqlı kitab təqdimatları həyata keçirilir.  Çili yazıçı və şairlərinin əsərləri Azərbaycan dilinə tərcümə olunub. Çili ədəbiyyatının görkəmli nümayəndələri ölkəmizdə sevilir və onların əsərləri müxtəlif illərdə Azərbaycan dilidə çap olunub. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, məşhur Çili şairi Pablo Nerudanın əsərləri Azərbaycan oxucularına tanışdır. Şairin "Ümidsizlik nəğməsi" adlı şeirlər kitabı Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Həmçinin müxtəlif dövrlərdə ədəbi jurnal və antologiyalarda onun şeirlərinə yer ayrılıb. Latın Amerikası ədəbiyyatına və ümumilikdə magik realizm janrına olan maraq çərçivəsində Çili yazarlarının ayrı-ayrı hekayə və poetik nümunələri də dövri mətbuatda və tərcümə toplularında Azərbaycan dilinə çevrilib. Azərbaycan ədəbiyyatının ən görkəmli nümunələrindən biri hesab olunan Qurban Səidin "Əli və Nino" romanı ispan dilinə tərcümə olunaraq Çili media məkanında və kitabxanalarında geniş şəkildə yayılıb, eləcə də ölkənin ədəbi-mədəni platformalarında Azərbaycan ədəbiyyatının incisi kimi resenziya edilir.

Çili nümayəndə heyətinin 27 sentyabr 2025-ci ildə Şuşa və Xankəndiyə səfəri bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. 

Hazırda Azərbaycanın diplomatiyası yalnız region ölkələri və böyük dövlətlərlə deyil, həm də Latın Amerikası ölkələri ilə fəal əməkdaşlıq istiqamətində səylərini artırıb. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına sübutdur. Ümid edirik ki, qarşılıqlı əməkdaşlıq potensialının imkanlarını işə salmaqla Azərbaycan-Çili münasibətləri təkcə regionun deyil, eyni zamanda qlobal səviyyədə inteqrasiya proseslərinə sanballı töhfə verəcəkdir.  


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qan yaddaşımızın Quba ünvanı

09:20
18 Sentyabr

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib  

09:11
18 Sentyabr

"Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər"

09:10
18 Sentyabr

Neft-kimya sənayemizin böyük dayağı

09:00
18 Sentyabr

Sınaqlardan qalib çıxan kəmər

08:50
18 Sentyabr

İldə 200 milyon kilovat-saatlıq günəş işığı

08:40
18 Sentyabr

Azərbaycan-Çili münasibətləri geniş perspektivlərə malikdir

08:30
18 Sentyabr

Diplomatların Qarabağa səfəri erməni revanşizminə sərt şillədir

08:20
18 Sentyabr

Qafqaz Albaniyası irsi Azərbaycan xalqının mənəvi sərvətidir

08:10
18 Sentyabr

Milli Məclisin komitə iclaslarında

08:00
18 Sentyabr

F.F.Mustafayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:47
18 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
18 Sentyabr

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 379-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:45
18 Sentyabr

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 54 nömrəli Qərarının ləğv edilməsi barədə 

01:44
18 Sentyabr

Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında

01:44
18 Sentyabr

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında

01:43
18 Sentyabr

Mərkəzi Seçki Komissiyasının 2026-cı il 26 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə

01:42
18 Sentyabr

Dairə seçki komissiyalarının yenidən təşkil edilməsi barədə  

01:40
18 Sentyabr

BİLDİRİŞ

01:40
18 Sentyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı müsabiqə keçirir

01:39
18 Sentyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxı rayonuna səfərinə dair videoçarx paylaşılıb VİDEO  

21:50
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!