18 Sentyabr 2026 09:20
441
CƏMİYYƏT
A- A+
Qan yaddaşımızın Quba ünvanı

Qan yaddaşımızın Quba ünvanı


Quba Soyqırımı Memorial Kompleksinin açılışından 13 il ötür


Tarix yalnız baş verən hadisələrin xronologiyası deyil, həm də xalqın yaddaşı, yaşadığı ağrı-acıların, keçdiyi sınaqların gələcək nəsillərə ötürülən izidir. Bu mənada 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğınlar tariximizin ən faciəli səhifələrindən biri, milli yaddaşımızın sağalmayan yarasıdır. Həmin hadisələrin maddi sübutlarını qoruyan, qurbanların xatirəsini yaşadan və tarixi həqiqətləri gələcək nəsillərə çatdıran ən mühüm məkanlardan biri isə Quba Soyqırımı Memorial Kompleksidir. 2013-cü il sentyabrın 18-də istifadəyə verilən kompleksin açılışından bu gün 13 il ötür.

1918-ci ilin martından başlayaraq, Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı qırğınlar törədildi. Hadisələr Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Göyçə və digər əraziləri də əhatə etdi. Yaşayış məntəqələri dağıdıldı, evlər, dini və mədəni abidələr yandırıldı, minlərlə dinc sakin həyatını itirdi. Bakıda İsmailiyyə binası, mətbuat orqanlarının redaksiyaları dağıntılara məruz qaldı. Təzəpir məscidi zədələndi, Şamaxıdakı qədim Cümə məscidi yandırıldı. Quba qəzasında isə 167 kənd dağıdıldı.

Uzun illər bu faciələrin miqyası və mahiyyəti haqqında həqiqətlərin sistemli şəkildə araşdırılması və ictimaiyyətə çatdırılması mümkün olmadı. Müstəqilliyin bərpasından sonra tarixi yaddaşın qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman bu baxımdan mühüm mərhələ oldu, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi.

Ancaq illər sonra 2007-ci ilin aprelində Quba şəhərində aparılan qazıntılar zamanı aşkar edilən məzarlıq həmin faciənin dəhşətini bütün gerçəkliyi ilə gözlər önünə sərdi. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri ərazidə tədqiqatlara başladılar. 2008-ci ilin sentyabrında başa çatan araşdırmalar nəticəsində məzarlığın 1918-ci ildə qətlə yetirilmiş yerli dinc əhali ilə bağlı olduğu müəyyənləşdirildi. Araşdırmalar zamanı müxtəlif yaş qruplarına aid yüzlərlə insan qalığı aşkarlandı. Mənbələrdə burada azərbaycanlılarla yanaşı, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələrinin də qalıqlarının olduğu bildirilir.

Torpaq yüz ilə yaxın öz qoynunda saxladığı həqiqəti üzə çıxarmışdı. Qubada aşkarlanan kütləvi məzarlıq artıq yalnız tarixi sənədlərdə və şahid ifadələrində yaşayan faciənin deyil, onun maddi izlərinin də günümüzə çatdığını göstərirdi. Məhz bu səbəbdən həmin ərazinin sadəcə arxeoloji tədqiqat məkanı kimi deyil, tarixi yaddaş ünvanı kimi qorunması zərurəti yarandı. Prezident İlham Əliyev 2009-cu il dekabrın 30-da Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılması haqqında sərəncam imzaladı. Məqsəd 1918-ci ildə baş vermiş hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və faciə qurbanlarının xatirəsini əbədiləşdirmək idi. Sərəncama uyğun olaraq, 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Qubada memorial kompleks inşa edildi. 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin və Mehriban Əliyevanın iştirakı ilə kompleksin açılışı keçirildi.

Ümumi sahəsi 3,5 hektar olan kompleks beş hissədən - xatirə abidəsi, simvolik məzarlıq, Soyqırımı muzeyi, Bayraq meydanı və İnformasiya mərkəzindən ibarətdir. Burada memarlıq həlli ilə tarixi məzmun bir-birini tamamlayır. Kompleksin müəllifi memar Vahid Kasımoğlu faciənin ağırlığını sadə və sərt memarlıq dili ilə ifadə edib. Yerin altından üzə çıxan iti uclu konstruksiyalar bir tərəfdən şiddəti və ağrını, digər tərəfdən isə nə qədər gizlədilsə də, tarixi həqiqətin gec-tez üzə çıxacağını simvolizə edir.

Kompleksin ərazisində yaradılmış alma bağı da rəmzi məna daşıyır. Qubanın qədim rəmzlərindən və həyat nişanələrindən olan alma ağaclarının arasında faciə qurbanlarının xatirəsinə müxtəlif ölçülü simvolik mərmər daşlar yerləşdirilib. Uşaqları, gəncləri və yaşlıları ifadə edən bu daşlar faciənin yaş və sosial sərhəd tanımadığını xatırladır. Beləliklə, kompleksdə həyatın rəmzi olan bağla ölümün yaddaşını yaşadan daşlar üz-üzə dayanır.

Muzeyə daxil olan ziyarətçini isə əvvəlcə faciə deyil, faciədən əvvəlki həyat qarşılayır. "Dinc Quba" ekspozisiyasında XX əsrin əvvəllərində Quba şəhərinin və qəzanın sakinlərinin fotoları təqdim olunur. Dövlət qulluqçuları, din xadimləri, məktəblilər, qadınlar, kənd sakinləri iş başında, ailədə və gündəlik həyatlarında görünürlər. Bu fotolar Qubanın müxtəlif xalqların və dini icmaların əsrlər boyu yanaşı yaşadığı bir məkan olduğunu nümayiş etdirir. Məhz dinc həyatın görüntülərindən sonra faciənin sənədlərinə keçid baş verənlərin miqyasını daha aydın hiss etdirir.

Muzeyin əsas zalında 1918-ci il hadisələri ilə bağlı sənədlər, fotoşəkillər və digər materiallar nümayiş etdirilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar əsasında Bakı, Şamaxı, Quba, Cavad, Göyçay və başqa ərazilərdə baş vermiş hadisələr haqqında məlumat təqdim olunur. Zalın mərkəzində qara mərmərdən ucaldılmış xatirə abidəsi isə qətlə yetirilmiş və bir çox hallarda dəfn olunmaq imkanı belə verilməmiş insanların xatirəsinə ehtiramı ifadə edir.

Kompleksin digər mühüm elementi Bayraq meydanıdır. Burada Azərbaycanın üçrəngli dövlət bayrağı 20 metr hündürlükdə dalğalanır. Bu mənzərə memorialın ümumi məzmununa ayrıca məna qatır: faciəni xatırlamaq yalnız keçmişin ağrılarını yaşatmaq deyil, həm də tarixi yaddaşı müstəqil dövlətçilik düşüncəsinin bir hissəsinə çevirməkdir.

Aşkar edilmiş kütləvi məzarlığın taleyi də kompleksin tarixinin mühüm hissəsidir. Uzun müddət açıq şəkildə qorunan məzarlıqda təbii proseslər, sürüşmə və eroziya insan qalıqlarının mühafizəsini çətinləşdirdiyindən 2018-ci ilin martında qalıqlar dini qaydalara uyğun şəkildə dəfn edildi və ərazidə xatirə abidəsi ucaldıldı. Beləcə, bir zamanlar təsadüfi qazıntı zamanı üzə çıxan məzarlıq həm elmi araşdırmanın predmetinə, həm də faciə qurbanlarının əbədi xatirə yerinə çevrildi.

Ötən 13 il göstərir ki, Quba Soyqırımı Memorial Kompleksi təkcə memorial abidə funksiyasını daşımır. O, eyni zamanda muzey, sənədləşdirmə, elmi araşdırma və maarifləndirmə məkanıdır. Burada keçirilən sərgilər, təqdimatlar, elmi tədbirlər, kitabxana və informasiya resursları tarixi faktların öyrənilməsinə və daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Kompleksdə yerli və xarici ziyarətçilərə Azərbaycan, rus, ingilis və ərəb dillərində məlumat verilir. Bu fəaliyyət rəqəmlərdə də özünü göstərir. Kompleks fəaliyyətə başladığı 2013-cü ildən 1,25 milyondan çox ziyarətçi qəbul edib. Onların 200 minə yaxını xarici ölkə vətəndaşlarıdır. Bu rəqəmlər memorialın yalnız ölkə daxilində deyil, Azərbaycan tarixinin xarici auditoriyaya təqdim edildiyi mühüm məkanlardan birinə çevrildiyini göstərir.

1918-ci ilin faciəli hadisələrindən bir əsrdən artıq zaman keçir. Quba Soyqırımı Memorial Kompleksinin qapılarını ziyarətçilərin üzünə açmasından isə 13 il ötür. Zaman keçir, nəsillər dəyişir. Məhz buna görə sənədlərin, maddi sübutların və xatirə məkanlarının rolu daha da artır. Çünki milli yaddaş yalnız keçmişi xatırlamaq deyil, tarixi həqiqətləri öyrənmək, qorumaq və gələcək nəsillərə ötürmək məsuliyyətidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:23
18 Oktyabr

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub  

21:11
18 Oktyabr

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

19:55
18 Oktyabr

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

19:27
18 Oktyabr

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

19:07
18 Oktyabr

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

18:34
18 Oktyabr

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

18:03
18 Oktyabr

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

17:46
18 Oktyabr

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

17:19
18 Oktyabr

İDMAN Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

17:01
18 Oktyabr

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

16:41
18 Oktyabr

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

16:21
18 Oktyabr

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

15:57
18 Oktyabr

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

14:41
18 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

14:38
18 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

13:21
18 Oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

13:01
18 Oktyabr

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb  

12:40
18 Oktyabr

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb  

11:47
18 Oktyabr

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var 

11:22
18 Oktyabr

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir  

09:31
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!