G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti Kol Dürhamın dəvəti ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yuta ştatının paytaxtı Soltleyksiti şəhərində rəsmi səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib.
Bu barədə QMİ-dən məlumat verilib.
Bildirilib ki, tədbirdə assosiasiyanın 2026-cı ildəki fəaliyyəti, 2027-ci ildə Böyük Britaniyada keçiriləcək G20 Dinlərarası Forumunun növbəti toplantısı və forum çərçivəsində Dini Liderlərin Məşvərət Şurasının yaradılması ilə əlaqədar həmtəsisçi qismində QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə və Ekumenik Patriarxatın Baş Mitropoliti Emmanuel Adamakis ilə G20 Dinlərarası Forumunun prezidenti Kol Dürham arasında imzalanmış Anlaşma Memorandumunun müddəaları müzakirə olunub.
Həmin gün şeyxülislam Solt Leyk Siti şəhərinin mərkəzində yerləşən "Məbəd Meydanı"nda keçirilən G20 Dinlərarası Forumunun açılış mərasimində çıxış edib. Allahşükür Paşazadə çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan xalqının salamlarını tədbir iştirakçılarına çatdırıb, ABŞ dövlətinə və xalqına, xüsusilə İsa Məsihin Son Günlərin Müqəddəsləri Kilsəsinə 2026-cı il G20 Dinlərarası Forumuna ev sahibliyinə görə səmimi təşəkkürünü bildirib
QMİ-nin sədri Yer kürəsində insan həyatına, bəşərin mövcudluğuna təhdid və təhlükələrin artdığı, müharibələrin davam etdiyi müasir dövrdə bu təhdidlərin qarşısında dinlərarası və sivilizasiyalararası dialoqun, dini və dünyəvi dairələrin birgə səylərinin olduqca yüksək əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, bəşəriyyət bu təhlükələrdən yalnız birgə səylərlə xilas ola bilər.
Allahşükür Paşazadənin çıxışı kilsə televiziyası vasitəsilə dünyanın bir çox ölkəsinə canlı yayımlanıb.
Açılış mərasimindən öncə şeyxülislam İsa Məsihin Son Günlərin Müqəddəsləri Kilsəsinin prezidenti Dallin Oaks tərəfindən qəbul olunub. QMİ-nin sədri Oaksa Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb, QMİ ilə İsa Məsihin Son Günlərin Müqəddəsləri Kilsəsi arasında əməkdaşlığın yüksək səviyyədə davam etməsini məmnunluqla diqqətə çatdırıb. Dallin Oaks səmimi salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə yetirməyi şeyxülislamdan xahiş edib.
Tədbir çərçivəsində Allahşükür Paşazadə, həmçinin İslam Aləmi Liqasının Baş katibi Əl-İsa, Dinlər Sülh Uğrunda Təşkilatının Baş katibi Frensis Kuriya, Özbəkistan Prezidentinin müşaviri Müzəffər Kamilov və digər dövlət, din və ictimai xadimlərlə ikitərəfli formatda görüşüb.
Builki G20 Dinlərarası Forumu müxtəlif ölkələrdən 400-dən artıq tanınmış dövlət, din, elm və ictimai xadimləri bir araya gətirib, bəşəriyyəti narahat edən qlobal çağırışlar, o cümlədən təhsil, gənclər, ekologiya, insan ləyaqəti, dini dözümsüzlük, yoxsulluq və digər məsələlər müzakirə olunub.
Forumun “Sosial birlik naminə təhsildə təşəbbüslər“ panelində multikulturalizm məsələləri üzrə ekspert Rəvan Həsənov çıxış edərək, Azərbaycanın multikultural təcrübəsindən, bu sahədə həyata keçirilən müxtəlif layihələrdən danışıb.
G20 sammitləri ərəfəsində ənənəvi olaraq keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır.