Bələdiyyə seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha nümayiş etdirəcək
Bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Yanvarın 29-da keçiriləcək seçki indiyə qədər Azərbaycanda təşkil olunan sayca 6-cı bələdiyyə seçkiləri kimi tarixə düşəcək.
Mütərəqqi və şəffaf seçki sistemi
Ümumiyyətlə, seçkilər hər bir ölkənin həyatında mühüm siyasi hadisə hesab olunur. Bütün demokratik cəmiyyətlərdə seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak forması hesab edilir. Xalqın iradəsinin ifadəsinə çevrilən seçkilərin demokratik, şəffaf, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, demokratik təsisatlara üstünlük verilməsindən, seçki sisteminin təkmilləşdirilməsindən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır.
Demokratiya yolu ilə inkişaf edən respublikamızda da mütərəqqi və şəffaf seçki sistemi formalaşıb. Azərbaycanda 1993-cü ildən bəri keçirilən bütün seçkilər respublikamızın demokratik dəyərlərə sadiqliyinin göstəricisi kimi tarixə düşüb. Hər bir prezident və parlament seçkisi, o cümlədən referendumlar vətəndaşların öz iradələrinin sərbəst ifadəsinə, demokratik dəyərlərə sadiqliklərinin təcəssümünə çevrilib. Azərbaycan seçkilər zamanı şəffaflığın təmin edilməsi üçün həm də müasir texnologiyaları tətbiq edən dövlətlərdəndir. Bu baxımdan hər seçkidən-seçkiyə ölkəmizdə seçki təcrübəsi daha da güclənib.
Ölkəmizdə bələdiyyə institutu tam formalaşıb
Bələdiyyə seçkiləri də xalqın iradəsinin ifadəsinə çevrilməklə ölkəmizdə demokratiya yolunun inkişafını nümayiş etdirib. Qeyd etdiyimiz kimi, qarşıdan artıq 6-cı bələdiyyə seçkiləri gəlir. Xatırladaq ki, respublikamızda ilk dəfə 1999-cu il dekabr ayında keçirilmiş seçkilər ölkəmizin həyatında çox mühüm hadisə olmaqla, demokratlk dövlət quruculuğunda mühüm rol oynayıb.
Ötən dövrdə yerli özünüidarəetmə orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilib, institusional təsisatlar yaradılıb, bələdiyyə institutu tam olaraq formalaşıb. Habelə bələdiyyə institutunun inkişaf etdirilməsi məqsədilə mükəmməl qanunvericilik bazası formalaşdırılıb, bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.
Seçicilərin 29 min 172 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır
Qarşıdan gələn bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə keçiriləcək. Bu seçkidə 16 mindən çox namizəd mübarizə aparacaq. Onlar 23 siyasi partiyanın üzvləridir. Seçkiqabağı təbliğat isə yanvarın 6-dan başlayıb və qanunvericiliklə müəyyən olunmuş qaydada davam edir. Namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün 3730-u açıq, 2182-si qapalı olmaqla, ümumilikdə 5912 yer müəyyən edilib.
Seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında ümumilikdə 70 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində səsvermənin gedişini kameralarla izləmək mümkün olacaq.
Seçici siyahıları da tam dəqiqləşib. Onu da qeyd edək ki, bələdiyyə seçkilərində ölkə üzrə qeydə alınan seçicilərin 29 min 172 nəfəri ilk dəfə səs verəcək vətəndaşlardır. Onlardan 153 nəfərin yanvarın 29-da 18 yaşı tamam olur və seçici hüquqları yaranır. Bu münasibətlə həmin şəxslər Mərkəzi Seçki Komissiyası tərəfindən təbrik olunacaqlar.
Bütövlükdə bələdiyyə seçkiləri kampaniyası seçki qanunvericiliyinə və "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı"na uyğun davam edir. Bu seçki bir daha Azərbaycanın demokratik dəyərlərə sadiqliyinin təsdiqi olacaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"