29 Fevral 2024 09:25
943
Mədəniyyət
A- A+

100 yaşlı  "Qələbə" 

 

Salyan qəzasında ilk qəzet 21 fevral 1924-cü ildə çap edilməyə başlamışdır. Qəza Partiya Komitəsinin və İcraiyyə Komitəsinin orqanı kimi "Qırmızı Muğan"- "Krasnaya Muqan" adı ilə  Azərbaycan və rus dillərində nəşrə başlayan qəzet sonrakı dövrlərdə  ayrı-ayrı adlarla fəaliyyətini davam etdirmişdir. İndiyədək qəzetin 8700-dən çox sayı işıq üzü görmüşdür.
Salyan rayonunun, bütövlükdə Muğan bölgəsinin mədəni -ictimai həyatında mühüm rol oynamış "Qələbə" qəzeti uzun illər həm də ətraf ərazilərdə yeganə informasiya mənbəyi olmaqla bərabər, bölgənin ictimai-siyasi salnaməsini yarada bilmişdir. Yüz il əvvəl qəza mərkəzi olan Salyanda gedən proseslər haqqında məlumatları  öz saralmış səhifələrində bu gün də yaşadan qəzet regionun tarixini yazmışdır.
İlk nömrəsi tarixi sənəd kimi Əli bəy Hüseynzadə adına Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunan qəzetin ilk redaktoru Andrey Novaxatski olmuşdur. Ondan sonra qəzetə 9 redaktor rəhbərlik etmişdir. Tağı Məmmədov, Şirinbala Süleymanov, Əfsərağa Məmmədov, Sahib Səfərov, Səfər Səfərov, Mahmud Ağalarov, Məhəmməd Xəlilbəyli, Akif Quliyev, Fərqanə Cəbrayılova qəzetin  redaktoru olduqları dövrlərdə regionda mətbuat orqanının dövrün tələbləri səviyyəsində fəaliyyəti üçün böyük əmək sərf etmişlər. 20 ilə yaxındır ki, "Qələbə"yə bu sətirlərin müəllifi  redaktorluq edir.
Qəzetimiz bütün dövrlərdə zamanın aynasına cevrilmiş, cəmiyyətin həyatında baş verən yenilikləri, mütərəqqi hadisələri işıqlandırmış, nöqsanlara prinsipial münasibət bildirmiş, qabaqcıl təcrübələrin təbliğatçısı olmuşdur. Bölgəmizin tanınmış elm və sənət adamları, ziyalıları, şair və nasirləri ilk qələm məhsullarını "Qələbə" qəzetində  çap etdirmişlər. Bu gün adı xüsusi hörmətlə çəkilən, respublikamızın ictimai-siyasi həyatında xidmətləri olmuş Xalq şairi, "İstiqlal" ordenli  Xəlil Rza, Əməkdar incəsənət xadimi Əliağa Kürçaylı, Əməkdar müəllim, şair Oqtay Rza, aşıq-şair, Əməkdar mədəniyyət işçisi Pənah Pənahov, Əməkdar mədəniyyət işçisi Əliqismət Lalayev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Ağacavad Əlizadə, İmamverdi Əbilov və onlarca  ziyalımızın ictimai mühitə, ədəbiyyat və poeziyaya gedən yolu məhz bizim rayon qəzetindən başlamışdır.
Qəzetin fəaliyyətinin 35 ili Ümummilli Lider Heydər Əliyev kimi nəhəng şəxsiyyətin  fəaliyyəti, onun qurub-yaratdığı Azərbaycanın tərəqqisinin təbliği, doğma respublikamızın bir parçası Salyanın mədəni-ictimai və siyasi həyatının salnaməsinin yaradılması ilə bağlı olmuşdur. Ona görə də "Qələbə" qəzetinin həyatında yaddaqalan  hadisələr, tarixi günlər çoxdur. Sözsüz ki, onların ən şərəflisi Ulu Öndər Heydər Əliyevin Salyan rayonuna səfərlərini işıqlandırmaq, bu mühüm tarixi hadisələrin salnaməsini yaratmaq olmuşdur.  
Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin də Salyana  səfərləri, ictimaiyyət nümayəndələri ilə görüşləri, rayonun sosial-iqtisadi inkişafı barədə sərəncamları salyanlılarda həmişə yüksək əhvali-ruhiyyə, qurub-yaratmaq əzmi  yaratmışdır. Son illər rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən dövlət layihələri qəzet əməkdaşları üçün maraqlı və rəngarəng mövzular vermişdir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Vətən müharibəsində Milli Ordumuzun qələbə qazanması, şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin hünəri qəzetimizin son dövr fəaliyyətində əsas yer tutur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində 70-ə yaxın şəhidi, onlarla qazisi olan Salyanın dörd oğlunun Vətən Müharibəsi Qəhrəmanı adına,  yüzlərlə hərbi qulluqçusunun yüksək orden və medallara layiq görülməsi vətənpərvərlik ruhunda yazılar hazırlayan əməkdaşlarımız üçün  daimi mövzudur. 

Rüstəm MƏLİKOV,
"Qələbə" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video