Hər görüş bir tarixdir!
Söhbət adi görüşlərdən deyil, dövlət rəhbərləri ilə baş tutan görüşlərdən gedir!
Xüsusən də belə görüşlər qeyri-adi hadisələrlə bağlı olduqda...
Adətən, görüşlərdə ötən dövrdə baş verənlər xatırlanır, qarşıda duran vəzifələrdən danışılır, uğur və nailiyyətlərlə bərabər, buraxılan səhvlərdən də söhbət açılır.
Ən əsası, hadisələrə obyektiv və düzgün qiymət verilir.
***
Ulu Öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı çox çətin, ağır və mürəkkəb dövrə təsadüf etmişdi.
Azərbaycan bir dövlət kimi məhvolma astanasında idi!
Belə bir çıxılmaz məqamda Ulu Öndər xalqın çağırışına biganə qala bilmədi.
Necə ki 20 yanvar 1990-cı il hadisələrində qırmızı imperiyanın Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğına öz etirazını açıq şəkildə, ucadan bildirmişdi, yenə eyni addımı atdı!
Bu dəfə də ordusuz və silahsız, yalnız siyasi dühası, zəngin dövlətçilik və idarəetmə təcrübəsi, Vətən eşqilə döyünən ürəyi ilə geriyə dönərək xalqına xidmətin növbəti mərhələsinə başladı.
Yeni missiyanın əvvəlində təxirəsalınmaz vəzifələrin icrasına nail oldu:
* Müharibədə atəşkəs yaradılaraq yeni ərazilərin işğalının qarşısı alındı;
* Qeyri-qanuni hərbi birləşmələr ləğv edildi, əhalidəki külli miqdarda silah-sursat toplanıldı;
* AXC-Müsavat cütlüyünün yaratdığı xaos, anarxiya və özbaşınalığa son qoyuldu;
* Ölkədə möhkəm və dönməz sabitlik yaradıldı!
Hərki-hərkilik dövründə ölkə iqtisadiyyatı da pozulmuş, kolxoz və sovxozların əmlakı, fabrik və zavodların anbarlarındakı mal-material dağıdılaraq mənimsənilmiş, dövlət büdcəsi boş qalmışdı.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və dövləti idarəetmə məharəti sayəsində daha bir ilkə imza atıldı:
Azərbaycan nefti birinci dəfə olaraq qeyri-ənənəvi marşrutla, Bakı-Tbilisi-Ceyhan xətti ilə dünya bazarına çıxarıldı!
"Əsrin müqaviləsi" neft kontraktının çətinlikləri dəf edərək imzalanması nəticəsində ölkə iqtisadiyyatının gələcək inkişafı təmin edildi!
Ulu Öndər Heydər Əliyev yeni ordu quruculuğuna da başladı.
Bütün imkanları səfərbər edərək ilk uğurlu hücum əməliyyatı keçirdi!
Nəticədə 1994-cü ilin yanvarında Horadiz qəsəbəsi də daxil 22 yaşayış məntəqəsi düşmən işğalından azad olundu!
Lakin görüləsi əsas işlər hələ qabaqda idi...
***
Ulu Öndər Heydər Əliyev daim xalqla təmasda olmağı, insanları dinləməyi sevir, arzu və təkliflərini gerçəkləşdirməyi bacarırdı.
Xüsusən xalqın ən həssas təbəqəsi sayılan məcburi köçkünlərlə vaxtaşırı ünsiyyət qururdu.
Artıq bu gün üçün tarixə çevrilən həmin görüşlərdən biri 2 avqust 1996-cı ildə ağdamlılarla oldu.
Həmin görüşdə iştirak etmək xoşbəxtliyi mənə də nəsib olmuşdu.
Ulu Öndərimiz görüşü özünəməxsus üslubda söylədiyi parlaq nitqi ilə açdı:
"AĞDAM VURUŞMUŞDUR, DÖYÜŞMÜŞDÜR"
Azərbaycan Respublikası Prezidenti
HEYDƏR ƏLİYEVİN giriş sözü
Hörmətli ağdamlılar, bacılar və qardaşlar!
Bu gün sizinlə, yəni Ağdam rayonunun və respublikamızın müxtəlif bölgələrində məskunlaşmış ağdamlıların nümayəndələri ilə görüşümdən çox məmnunam. Mən sizi buraya dəvət etmişəm, Ağdam rayonunun bugünkü həyatı, ağdamlıların vəziyyəti və problemləri haqqında sizinlə birlikdə söhbət aparmaq məqsədindəyəm.
1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzünü, bu münaqişənin ilk qığılcımını Ağdamda hiss etmişlər. Bunlar ilk dəfə özünü Ağdamda, Dağlıq Qarabağın sərhədində büruzə vermişdir. Ağdam rayonu o vaxtdan indiyədək Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, döyüşmüşdür, böyük itkilər vermişdir.
Təəssüflər olsun ki, Ermənistan silahlı qüvvələrinin gücü və eyni zamanda Ağdamın müdafiəsində buraxılan səhvlər və bəzi səbəblər nəticəsində rayonun ərazisinin bir hissəsi işğal edilmişdir. O cümlədən üç il bundan əvvəl Ağdam şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ancaq bunlar nə ağdamlıların, nə də bütün xalqımızın torpaqlarımızı müdafiə etmək uğrunda mübarizəsini heç vaxt zəiflədə bilməmiş və dayandıra da bilməyəcəkdir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdam rayonu ərazilərinin və bütün torpaqlarımızın azad edilməsi qarşımızda duran əsas vəzifədir, məqsəddir. Xalqımız, dövlətimiz bu məqsədi, bu vəzifəni birlikdə şərəflə yerinə yetirəcək və biz buna nail olacağıq.
Ağdam rayonunun sakinləri, qəhrəman insanları Ermənistanın təcavüzünə qarşı vuruşaraq böyük itkilər, şəhidlər vermişlər. Yenə deyirəm, ürəyimizi incidən, sarsıdan odur ki, Ağdam şəhəri və rayonun bir hissəsi işğal edilmişdir. İşğal olunmuş şəhərdən və rayonun bir hissəsindən didərgin düşən ağdamlılar respublikanın müxtəlif yerlərində məskunlaşmışlar və onların bir çoxu ağır vəziyyətdə yaşayır. Bunlar hamısı bizi həm narahat edir, həm də fəaliyyətimizin diqqət mərkəzindədir. Buna görə də mən bu gün sizinlə, yəni Ağdam rayonuna mənsub olan əhalinin nümayəndələri ilə bu görüşü keçirməyi lazım bilmişəm və həm özüm, həm də dövlət, ictimaiyyət üçün bunu çox əhəmiyyətli hesab edirəm.
Belə hesab edirəm ki, Ağdamla, ətraf rayonlarla əlaqədar məsələlərin hamısı haqqında biz bu gün burada açıq-aydın danışa, fikir mübadiləsi apara bilərik. Məqsədimiz ondan ibarətdir ki, xalqımızı səfərbər edək, daha da sıx birləşdirək. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlanandan ölkəmizin verdiyi itkilərin və məğlubiyyətlərimizin əsas səbəblərindən biri respublikamızın daxilində birliyin, həmrəyliyin lazımi səviyyədə olmaması idi.
Xalqımız qəhrəman xalqdır, millətimiz də özünü müdafiə etməyə qadir millətdir. Təəssüflər olsun ki, xalqımızın birləşməsi və millətimizin bir olub düşmənə lazımi cavab verməsi əvəzinə, keçmiş zamanlarda səhvlər buraxılmışdır. Bunlar da sonralar bizi böyük faciələrə gətirib çıxarmışdır. Ona görə də bugünkü söhbətimiz, danışığımız xalqımızı daha da birləşdirməkdən, həmrəy etməkdən ibarət olmalıdır. Həm Ağdam rayonunun problemləri, həm də ümumiyyətlə, respublikamızın problemləri haqqında hamımızın birlikdə düşünməyimiz üçün mən bu gün bu söhbəti aparmağı lazımlı hesab edirəm.
Dəvət olunanların hər biri burada öz ürəyində olan sözləri deyə bilər. Mən sizi dinləməyə hazıram. Ancaq bu söhbətimizə başlamazdan əvvəl mən hesab edirəm ki, Azərbaycan Respublikasının torpaqlarının, ərazi bütövlüyünün qorunması, ölkəmizin müdafiəsi uğrunda həlak olanların xatirəsini yad etməliyik. Ağdam rayonundan da çox insanlar şəhid olublar. Şəhid olanların valideynlərinin bir qismi bu gün burada, bu görüşdə iştirak edirlər. Ermənistanın təcavüzünə qarşı döyüşlərdə, müharibədə tək Ağdam rayonundan yox, respublikamızın hər yerindən şəhidlər vermişik. Ağdam rayonundan olan şəhidlərin və bütün şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad etməyinizi rica edirəm.
Allah şəhidlərə rəhmət eləsin!
Ağdam rayonunun bir qismi indi yaşayır, orada insanlar öz evlərində-eşiklərindədirlər, mübarizə edirlər. Ermənistan qəsbkarları ilə yaranmış cəbhəmizin demək olar ki, ön xəttindədirlər. Orada yaşamaq və doğma torpağa sadiq qalmaq, hesab edirəm ki, böyük vətəndaşlıqdır. Ona görə də mən güman edirəm ki, söhbətimizə birinci növbədə indi Ağdamda yaşayanlar başlasınlar...
***
Qeyd edək ki, həmin görüşdə 12 nəfər çıxışçı vardı.
Mənə də söz verildi!
Həyəcan hissimi çətinliklə boğaraq ürək sözlərimi söylədim:
AĞDAM: MƏTANƏT XƏYANƏTƏ ÜSTÜN GƏLƏCƏK
"Azərbaycan" qəzetinin müxbiri
BƏXTİYAR SADIQOVUN çıxışı
Möhtərəm Prezident, hörmətli görüş iştirakçıları!
Bu gün çox ağır və ağrılı hadisə - Ağdamın işğalının üçüncü ildönümü münasibətilə toplaşmışıq. Kədərimiz nə qədər böyük olsa da, möhtərəm Prezidentlə görüşməyimiz və dərdimizi onunla bölməyimiz bir o qədər təsəllili və ümidvericidir. Çünki biz ağdamlılar müharibə gedən dövrdə - 1993-cü ilin iyul ayında, Ağdamın işğalından az sonra Ağdam və Bərdə torpağında keçirilən görüşlərdə ilk dəfə məhz möhtərəm Prezidentimizin dilindən ağdamlılara və Ağdamın qeyrətli müdafiəçilərinə verilən yüksək və obyektiv qiyməti eşitdik. O vaxtadək müharibənin əsas ağırlığını çiyinlərində daşıyan ağdamlılar qınaq hədəfi idilər.
Mən 1991-1993-cü illərdə "Həyat" və "Azərbaycan" qəzetlərinin xüsusi müxbiri kimi Qarabağ bölgəsində işləmiş, Ağdam şəhərində yaşamışam. Hərbi əməliyyatlar başlayandan bu günədək müharibə mövzusunda oçerk və reportajlar yazıb, dövri mətbuatda çap etdirmiş, "Qeyrət və xəyanət" adlı kitab nəşr etdirmişəm. Bu gün şahid jurnalist kimi fikir və təəssüratlarımı sizinlə bölüşmək istəyirəm.
Qarabağ uğrunda, yəni Azərbaycan torpaqlarını zor gücünə parçalayıb Ermənistanın tərkibinə qatmaq uğrunda mübarizəyə ermənilər çoxdan, özü də həm ideoloji, təşkilati və maliyyə, həm də hərbi cəhətdən hazırlaşmışdılar. Onlar niyyətlərini büruzə vermək, açıq mübarizəyə başlamaq üçün məqam gözləyirdilər. Dünyaşöhrətli siyasətçi Heydər Əliyev böyük siyasətdən uzaqlaşan anda onlar həsrətlə gözlədikləri məqamın çatdığını anladılar. Əslində, yanılmamışdılar. Çünki o dövrdə artıq Azərbaycan tərəfindən erməni məkrini, erməni hiyləsini və erməni siyasətini başa düşən və qarşısını ala bilən siyasi xadim yox idi. Əli bir çox xalqların qanına bulaşmış cəllad Qorbaçovun köməyi ilə Sovetlər İttifaqının parçalanması da bu prosesin sürətlə getməsinə şərait yaratdı.
Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi sayılırdı, həm də Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərin müdafiəsində dayaq nöqtəsi rolunu oynayırdı. Respublikanın hər yerindən göndərilən silah, sursat, ərzaq və s. buradan - ağdamlıların köməyi ilə yerlərə çatdırılırdı. Odur ki, Qarabağ uğrunda müharibənin ilk günlərindən Ağdam və ağdamlılar od-alov içində olmuşlar. Təəssüf ki, Bakıda oturan respublika rəhbərləri müharibənin ilk günlərindən hadisələrin siyasi və hərbi inkişafına düzgün və real qiymət vermir, vəzifə kürsüsü uğrunda mübarizə aparanlar isə az qala bu müharibəni "Ermənistanla Ağdam arasında gedən müharibə" kimi başa düşürdülər. Bir çox hallarda tək və köməksiz qalan ağdamlılar isə haradan və kimdən kömək alacaqlarını anlaya bilmirdilər. Doğrudur, xalq kütlələri və Ağdam ziyalılarının əksəriyyəti Azərbaycanı bu bəladan yalnız dövrümüzün görkəmli siyasi xadimi Heydər Əliyevin qurtara biləcəyini anlayır və onun yenidən respublika rəhbərliyinə qaytarılmasını tələb edirdilər.
Mən burada haşiyə çıxıb kiçik bir epizodu xatırlatmaq istəyirəm: 1992-ci il martın 3-də Ağdam şəhəri güclü "Qrad" atəşinə tutuldu (bu, Xocalı faciəsindən az sonra idi). Günortaüstü idi. Şəhərin mərkəzi meydanında 600-700 nəfərə qədər adam mitinq edərək Heydər Əliyevin respublika rəhbərliyinə qaytarılmasını tələb edirdi. Bu zaman bir "Qrad" mərmisi mitinq iştirakçılarının başı üzərindən keçərək 300-400 metr irəlidə 1 nömrəli məktəbin damına düşdü. Xoşbəxtlikdən tələfat olmadı. Lakin görünür, odövrkü rəhbərlər Qarabağ torpaqlarını satdıqlarından nə dövlət səviyyəsində müdafiəni təşkil edir, nə də xalqın səsini eşidirdilər.
Bu müharibə qəribə müharibə idi: haqsız tərəf daim hücum edib, üstün gəlib, haqlı tərəf müdafiə olunub, torpaq itirib. Respublikanı informasiya blokadasına alanlar bütün dünyanı inandırmışdılar ki, guya "Qarabağda bir qrup erməni yaraqlısı öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparır".
Xəyanət barədə də ən çox bu müharibədə söhbət gedib. Lakin möhtərəm Prezidentimiz Heydər Əliyev respublika rəhbərliyinə qayıdana qədər məhkəmə yolu ilə bir nəfər belə vətən xaini elan olunub cəzalandırılmayıb. Müharibə özü mərhələlərlə gedib:
1988-1989-cu illər "qanun döyüşü", mitinq və tətil dövrü idi;
1990-cı ildə tərəflər bir-birini söyüb təhqir edirdilər;
1991-ci ilin doqquz ayında yumruq və daş davası getdi;
1991-ci ilin sentyabrında Rusiya və Azərbaycan rəhbərliyinin Xankəndidəki görüşü nəinki sülh və əmin-amanlıq yaratmadı, əksinə, bundan sonra odlu silahlar tez-tez səslənməyə başladı;
1991-ci il noyabrın 20-də respublikanın bir qrup ictimai-siyasi xadimi vertolyotda qətlə yetiriləndən sonra isə məhəlli toqquşmalar gücləndi, zirehli texnika, top və "Qrad" qurğuları işə düşdü;
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verəndən sonra geniş hərbi əməliyyatlar başlandı, aviasiya işə qarışdı.
Bakıda isə hamının başı kreslo davasına qarışmışdı. Meydana atılan bütün siyasi qüvvələr "Qarabağ kartı" ilə hakimiyyətə gəlməyə can atırdı. Amma onların heç biri nə Qarabağın, nə da xalqın taleyini düşünüb ürək yandırmırdı.
Müharibənin daha bir qəribəliyi vardı: öz manqurtlarımızın əli ilə "silah fərqi" yaradılaraq saxlanılırdı. Məsələn, Moskva televiziyası Ermənistanda milli ordunun yaranmasından reportajlar verəndə Azərbaycanda əhalidən ov tüfəngləri yığıldı. Erməni tərəfi avtomatlarla silahlanıb qurtarandan sonra ov tüfəngləri qaytarıldı. Düşmən zirehli texnika ilə təchiz edilərkən bizə təlim avtomatları verirdilər. 366-cı polk bütün texnikasını Dağlıq Qarabağdakı ermənilərə bağışlayanda (bu dövrdə hələ Laçın dəhlizi açılmadığından Ermənistandan silah-sursat gətirmək çox çətin idi) Azərbaycan tərəfi öz ərazisindəki dağıdılmış hərbi hissələrdən sınıq-salxaq texnika "müsadirə edirdi".
Paytaxtdakı hökumət böhranı Ağdamdan da yan keçməmişdi. Hadisələr dövründə rayonun rəhbərliyi 4-5 dəfə dəyişdirilmişdir. Hətta sonuncu dəfə - Ağdamın taleyi həll olunduğu günlərdə "Karyer Qasım" adlanan birisi Surət Hüseynovun vasitəsilə silahlı dəstə ilə rayon rəhbərliyini devirib yerinə keçərək televiziya ilə Ağdamı Stalinqrad (Volqoqrad) kimi qəhrəman şəhər elan etdiyi barədə boş və mənasız bəyanatlar verirdi. Bilmək olmurdu ki, bu adamlar hansı niyyət və qayə ilə hakimiyyətə gəlir, yaxud onları nə məqsədlə vəzifəyə təyin edirdilər.
Ordu quruculuğu da (əgər belə demək mümkünsə) qeyri-adi formada gedirdi. Qvardiya, yaxud nizami ordu yaratmaq barədə müəyyən qərara gəlmək üçün aylarla mübahisə getdi. Əvvəlcə XTPD yaratmaqla kəndlərin müdafiəsini təşkil etməyə cəhd göstərildi. Zavallı xalq dövlətdən haray olmadığını görüb könüllü dəstələr yaratmaqla el-obasını özü qorumaq istəyirdi. Vəzifəsini itirməkdən qorxan rəhbərlik xalqın tələbi ilə gizlincə belə dəstələrin yaranmasına razılıq verdi. Hərə başına bir dəstə yığırdı. Onları silahlandırmaq üçün Ağdam camaatından dəfələrlə ucdantutma pul yığıldı. O vəsaitin bir hissəsinin aqibətinin necə olduğunu indiyədək bilən yoxdur. Bir çox vəzifə sahibləri iş-güclərini buraxıb silah-sursat alveri ilə məşğul olurdular. Şübhəsiz, ən böyük silah alverçisi Yevlax yun zavodunun həyətini cəbbəxanaya döndərən Surət Hüseynov idi!
Mən bütünlükdə könüllü özünümüdafiə dəstələrinin üzərinə kölgə salmaq istəmirəm. İlk vaxtlarda respublikanın bütün guşələrindən Qarabağ torpağını müdafiə üçün könüllülər gəlirdi. Onların sırasında bütün millətlərin nümayəndələri vardı. Onlar təmənnasız igidlər idi. Bir çoxları qəhrəmanlıqla həlak oldu, bir qismi isə xainlər tərəfindən arxadan vuruldu... Allah hamısına rəhmət eləsin.
Ordu yaratmaq qərarına gələndə isə, yenə ən çətin məsələ nazir kürsüsünü bölüşdürmək oldu. AXC öz namizədini nazir vəzifəsinə çatdırmayana qədər sakitləşmədi. Gecə-gündüz Müdafiə Nazirliyi qarşısında piketlər quruldu, qadın batalyonları "hücum"a göndərildi. Nə qədər qəribə və gülməli görünsə də, müharibə aparan bir dövlətdə tüfəngin lüləsi ilə qundağını düz-əməlli ayıra bilməyən riyaziyyat müəllimi müdafiə naziri təyin olundu. Xalqa az qala "qeyrət mücəssəməsi" kimi təqdim edilən Rəhim Qazıyev Şuşa və Laçını düşmənə verməklə bərabər, Ağdamın müdafiəsini də pozdu.
O vaxtlar Ağdamda Xalq Cəbhəsinin batalyonu vardı. Sonralar ona alternativ olaraq bir "Haqq cəbhəsi" də yaradılmışdı. R.Qazıyev Ağdama səfərlərinin birində həmin batalyonun başçılarını bir-biri ilə vuruşduraraq araya qan düşmənçiliyi saldı. Bu gün Rəhim Qazıyevi həm də Ağdamın müdafiəsini pozduğuna görə və onun işğalına şərait yaratdığına görə mühakimə etmək lazımdır.
Azərbaycan rəhbəri kürsüsündə oturanların respublikaya rəhbərlik edə bilməmələri, hakimiyyət uğrunda arasıkəsilməz mübarizə, xəyanət və satqınlıq Vətən torpaqlarının müdafiəsinə imkan vermədi. Belə bir zərbə Ağdama da dəydi.
Ağdam müharibənin dövlət səviyyəsində aparılmamasının qurbanı oldu. Ovaxtkı başçılar Azərbaycanın müstəqil dövlət olacağına inanmadıqlarından hərəsi üzünü bir tərəfə tutmuşdu.
Ağdam ordunun siyasiləşdirilməsinin qurbanı oldu. Özünümüdafiə dəstələri vahid ordu kimi qələmə verilsə də, əslində, nizami ordu yox idi. Döyüş vaxtı isə hər batalyon öz "ağa"sına tabe olurdu.
Ağdam AXC ilə Surət Hüseynovun silahlı qüvvələrinin qarşıdurmasının və hakimiyyət uğrunda mübarizənin qurbanı oldu.
Ağdam arxasızlığın qurbanı oldu. 40 gün tək döyüşdü, kömək görmədi. Həlledici yüksəkliklərin geri qaytarılmasına cəhd belə göstərilmədi. Belə ərəfədə Ali Baş Komandan Ə.Elçibəy öz postunu qoyub Kələkiyə qaçdı.
Ağdam Surət Hüseynova xidmət edən 709 nömrəli şəxsi briqadanın xəyanətinin qurbanı oldu. Mən şahidi olduğum bir hadisəni danışmaq istəyirəm: 1993-cü il iyunun 8-dən Boyəhmədli, Papravənd kəndlərində idim. Düşmən güclü hücuma keçmişdi. Mövqeləri əsasən yerli adamlar müdafiə edirdilər. Zirehli texnika Gəncə qiyamının yatırılmasına göndərilmişdi. Fəhmin Hacıyev isə Daxili Qoşunların əsgərlərini postlardan götürüb Bakının müdafiəsinə yollamışdı. O vaxt Həsən Sarıyev kənd ağsaqqallarını bir "Qrad" qurğusu almaq üçün Surət Hüseynovun yanına minnətə göndərdi. Lakin gedənlər əliboş qayıtdılar. Az sonra isə 1905-ci ildə və 1918-1920-ci illərdə erməninin ala bilmədiyi Boyəhmədli və Papravənd kəndləri işğala məruz qaldı. Ağdamın müdafiəsinə kömək adı ilə gələn 709 nömrəli quldur-qaçaq dəstəsi 5 il bütün hücumlara sinə gərərək mərdliklə döyüşən Ağdamı xəyanətlə düşmənə verdi. Xain briqadanın cinayətkar elementlərindən ibarət üzvləri isə ev-eşiyi qarət edib Gəncəyə qayıtdılar.
Bu gün ortaya belə bir sual çıxır: Ağdamı, həm də torpaqlarımızın 20 faizini qoruyub saxlamaq olardımı?
Cavab birmənalıdır: bəli! Əgər möhtərəm Prezidentimizin 1991-ci ildə Ali Sovetin sessiyasındakı çıxışı zamanı torpaqların müdafiəsi ilə bağlı proqram xarakterli sözləri dinlənilərək həyata keçirilsəydi. O zaman hadisələrin sonrakı inkişafının dəqiq konturları göstərilmiş və qarşısının alınması üçün nə etmək lazım gəldiyi söylənilmişdi. Möhtərəm Prezident, əslində, həmin sessiyada Sizə qarşı yönələn hərəkətlər Azərbaycanın müstəqilliyinə qarşı sui-qəsd hərəkətləri idi. Qara qüvvələr Sizin SSRİ xalq deputatı seçilmənizə, Azərbaycanda özünüzün tikib-qurduğunuz Bakıda yaşamağınıza mane oldular. Bütün bunlar sübut edir ki, niyyət başqa - torpaqları satmaq imiş.
Möhtərəm Prezident! Siz may ayının 9-da müharibə veteranları ilə görüşünüz zamanı Azərbaycan tarixinin yenidən, düzgün və obyektiv yazılması barədə qiymətli fikirlər söylədiniz. Biz ziyalılar və qələm əhli də bugünkü tarixin qərəzsiz və doğru yazılmasına kömək etməliyik.
Mən məğlubiyyətin ideoloji səbəblərinə də toxunmaq istəyirəm. Hərbi əməliyyatlar davam edən dövrlərdə qəzetlər müharibə mövzusunda necə gəldi yazır, bəzən hərbi sirri açır, bəzən düşmənə "necə atəş açmağı", "necə hərəkət etməyi" öyrədirdi. Televiziya süjetlərində isə "həyat yolları" barədə düşmənə məlumat verilirdi. Sonra Müdafiə Nazirliyində "Analitik informasiya mərkəzi" deyilən bir qurum yaradıldı. Yaxşı təchiz olunmuş, lakin səriştəsizlərin çalışdığı bu quruma Leyla Yunusova rəhbərlik edirdi. Onlar digər qəzetlərin cəbhəyə yolunu bağlayaraq qeyri-professional informasiyalar hazırlayıb yayır, əslində, xalqı ordudan təcrid etməyə çalışırdılar. Çox zaman da yaydıqları xəbərlər yerlərdəki vəziyyətlə ziddiyyət təşkil edirdi. Hərbi vətənpərvərlik tərbiyəsinə diqqətin zəifləməsi isə fərariliyin çoxalması ilə nəticələndi.
Mən müstəqil Azərbaycan dövlətçiliyinin qurulub möhkəmlənməsinə və ərazi bütövlüyümüzün təmin edilməsinə xidmət göstərən uğurları da qeyd etmək istəyirəm. 1993-cü ildən bəri yalnız Sizin yorulmaz fəaliyyətiniz nəticəsində respublikada vətəndaş müharibəsinin qarşısı alınmış, beləliklə, Azərbaycanın bir dövlət kimi məhvi prosesi dayandırılmışdır.
Atəşkəsə nail olunmuş, Ağdamın qalan ərazisinin, o cümlədən Kür çayına qədər olan torpaqların işğalına yol verilməmişdir. Xarici siyasətdə çox mühüm uğurlar qazanılmış, informasiya blokadası yarılaraq Azərbaycan haqqında əsl həqiqətlər dünyaya çatdırılmışdır. Əsrin ən böyük neft müqavilələri bağlanmışdır. Dəfələrlə dövlət çevrilişi və sui-qəsd cəhdlərinin qarşısı alınmışdır. Respublikada möhkəm sabitlik yaranmışdır. İqtisadi dirçəliş və islahatlar üçün əsaslı təməl qoyulmuşdur. Xalqın itmiş inamı özünə qayıtmış və onda gələcəyə böyük ümid yaranmışdır.
Təəssüf ki, hələ də bu böyük uğurları qiymətləndirməyi bacarmayaraq dağıdıcı müxalifət mövqeyində duranlar vardır. Onların arasında işğal edilmiş rayonlardan olan ziyalılar da az deyil. Aydındır ki, belələri orda-burda nəsə danışmaqla heç nəyə nail ola bilməzlər. Çünki Azərbaycan xalqı kimin kim olduğunu artıq gözəl bilir. Lakin müharibə vəziyyətində olan, ərazisinin iyirmi faizini itirən və bir milyon qaçqın yaşayan dövlətdə müxalif fəaliyyətə nə ad vermək olar? Bu gün biz ziyalılar sağlam mövqedə dayanmalı, yaranmış ağır vəziyyətdən çıxmaq üçün idealı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü olan, həyatının qalan hissəsini xalqına bağışlamış müdrik Prezidentimizin rəhbərliyi altında əlbir fəaliyyət göstərməliyik.
Onu da deyim ki, indiki dövrdə mövqesizlik etməyin, reallığı düzgün qiymətləndirməyərək ağa qara deyənlərə cavab verməməyin özü də müxalif mövqedə durmağa bərabərdir.
Möhtərəm Prezident! Xalqın, o cümlədən biz ağdamlıların yeganə ümidi Sizsiniz. Biz bilirik ki, gecə-gündüz işləyir, yaranmış vəziyyətdən çıxmaq üçün nəhəng fəaliyyət göstərir, işğal edilmiş torpaqlarımızın son qarışına qədər düşmən tapdağından azad olunması naminə bütün qüvvə, bacarıq və enerjinizi sərf edirsiniz. Özünü Azərbaycan xalqının övladı və vətəndaşı hesab edən hər bir kəs, bütövlükdə xalq Sizə möhkəm inanır, bütün fəaliyyətinizi tam dəstəkləyir və böyük ümidlər bəsləyir. Yaşından və cinsindən asılı olmayaraq, bütün Ağdam camaatı hər hansı bir əmr, sərəncam və göstərişinizi sözsüz yerinə yetirməyə, ideallarınız uğrunda şəhid olmağa belə hər an hazırdır. Təki "İrəli" əmrini verəsiniz.
Möhtərəm Prezident, 1991-1993-cü illərdə Ağdamda gedən hərbi əməliyyatlar barədə mən bir kitab yazmışam. "Qeyrət və xəyanət" adlanan bu kitab iki il bundan əvvəl çapdan çıxıb. Mən bu kitabı Sizə təqdim edirəm. İnanıram ki, bütün xəyanətkarlar Allahın köməyi və Sizin rəhbərliyiniz altında görülən tədbirlər nəticəsində öz cəzasına çatacaq, Vətənin qeyrətli övladlarının arzusu həyata keçəcəkdir.
"Azərbaycan" qəzeti,
2 avqust 1996-cı il