18 İyul 2026 08:05
2484
SİYASƏT
A- A+
Yüksək etimad və inam ünvanı

Yüksək etimad və inam ünvanı


Azərbaycan müstəqil siyasəti, səmimi tərəfdaşlığı ilə fərqli qütblərin etibarlı dialoq məkanına çevrilib


Beynəlxalq münasibətlərdə son onilliklərdə özünü göstərən ən böyük problemlərdən biri dövlətlər arasında etibarın, inamın sarsılmasıdır. Xüsusən bu dövrdə fərqli regionlarda münaqişə ocaqlarının meydana çıxması, hərbi-siyasi qarşıdurmaların gərgin müstəviyə keçməsi mövcud vəziyyəti daha da kəskinləşdirib. Belə mürəkkəb şəraitdə dünyada etibarlı tərəfdaş kimi tanınmaq kifayət qədər çətindir. 

Azərbaycan məhz belə bir şəraitdə yürütdüyü dürüst, səmimi və müstəqil xarici siyasət sayəsində bu çətinlikləri aşaraq qlobal miqyasda konstruktiv diplomatiya və əməkdaşlıq mərkəzinə çevrilməyi uğurla bacaran azsaylı ölkələrdəndir. Bu danılmaz reallıq iyulun 13-14-də Şuşada keçirilən IV Qlobal Media Forumunda xarici nümayəndələrin dilindən də səsləndirildi. 

Forum çərçivəsində "Yurovich Communications" qlobal kommunikasiya şirkətinin rəhbəri Roman Yuroviç dövlətimizin başçısına maraqlı sualla müraciət etdi. Qonaq Bakının geosiyasi statusunun artmasını, onun fərqli qütblərdə dayanan ölkələr arasında etibarlı körpü rolunu oynamasını xüsusi qeyd edərək mühüm bir məqama toxundu: "Azərbaycan torpağında, onun siyasi mədəniyyətində və dövlət rəhbərliyində hansı unikal xüsusiyyətlər var ki, bir-birinə qətiyyən güvənməyən, fərqli maraqları olan bu qlobal güclər ən çətin və mürəkkəb məsələlərin həlli üçün məhz Azərbaycana etibar edirlər?" 

Prezident İlham Əliyev bu suala cavab verərkən Azərbaycanın beynəlxalq diqqət mərkəzində olmasını şərtləndirən bir çox amilin mövcudluğu ilə yanaşı, ilk növbədə etimad və səmimiyyət prinsipini ön plana çəkdi. Dövlətimizin başçısı inam və etibar amilini ölkəmizin davranış xətti kimi xarakterizə etdi: "Etimadı birinci yerə qoyardım. Həm də Azərbaycanın səmimiyyətinə etimadı. Çünki qeyd etdiyiniz bütün hallarda və onların bir çoxunda normallaşdırma səylərində iştirak üçün bizə müraciət edən hər kəs inanırdı və başa düşürdü ki, bizim heç bir gizli niyyətimiz yoxdur. Bu, həqiqətən də belədir, heç vaxt olmayıb".

Azərbaycan Prezidenti səmimiyyətlə yanaşı, tərəflər arasında dürüst vasitəçiliyi və regional gərginliyin azaldılmasında etibarlı münasibətlərin rolunu da xüsusi vurğuladı: "İkincisi, öz aralarında ortaq dil tapa bilməyənlərin hamısı ilə dürüst olacağımıza səmimi bir inamdır. Bu cür hallar həm keçmişdə, həm də yaxın tarixdə çox olub. Əlbəttə ki, bu, çox sevindiricidir. Bu göstərir, o dərəcədə etibarlı münasibətlər qurmuşuq ki, bu münasibətlər, sadəcə, vacib məsələləri müzakirə etməklə və gərginliyi azaltmaqla bəzi ölkələr üçün faydalı olmağımıza imkan verir". 

Prezident İlham Əliyev ölkəmizin bu etibarı qazanmasında Qoşulmama Hərəkatı çərçivəsindəki sədrlik təcrübəmizi də xüsusi olaraq xatırladıb: "Qoşulmama Hərəkatı 120 ölkəni əhatə edir və onların bir çoxu bir-birini o qədər də çox sevmir, bəziləri hətta müharibə vəziyyətindədir. Amma biz seçiləndə və üç il sonra da hamısı yekdilliklə Azərbaycana səs verdi. Çünki seçiləndə, demək olar ki, biz kampaniya apardıq, özümüz barədə yaxşı şeylərdən danışdıq, amma üç il ərzində dediklərimizin hamısını etdik. Üç ildən sonra yeni sədr seçməkdə çətinliklər yarananda bizə müraciət etdilər: "Gəlin səlahiyyət müddətini uzadaq". Yenə də hamı yekdilliklə səs verdi".

Azərbaycan beynəlxalq miqyasda etimad və tərəfsiz vasitəçilik imici qazanıb. Bakı çoxdan dünya nəhənglərinin hərbi-siyasi böhran yaşadıqları dövrlərdə bir araya gəldikləri unikal dialoq platforması rolunu oynayıb. Yaxın tariximizdə baş tutan yüksək-səviyyəli tarixi görüşlər bunun əyani göstəricisidir. 2017-ci il fevralın 16-da Rusiya Silahlı Qüvvlərinin Baş Qərargah rəisi ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri məhz Bakıda görüşərək iki böyük güc arasında hərbi gərginliyin azaldılması yollarını müzakirə etdilər. Elə həmin il sentyabrın 7-də NATO-nun Rusiya ilə birbaşa əlaqələri rəsmən dondurmasından sonra tərəflər arasında ilk birbaşa təmas da paytaxtımızda baş tutdu. Sonrakı illərdə də bənzər strateji görüşlərə məhz Azərbaycan evsahibliyi etdi.

Təkcə Rusiya və Qərb ittifaqı deyil, eyni zamanda Yaxın Şərq regionunda, eləcə də digər coğrafiyalarda bir-biri ilə ortaq dil tapa bilməyən fərqli dövlətlərin öz aralarındakı ziddiyyətli məqamların müzakirələri üçün Bakı hər zaman etibarlı dialoq məkanı hesab edilib.

Şübhəsiz, Azərbaycanın beynəlxalq arenada qazandığı böyük etimad dövlətimizin sınaqdan çıxmış strategiyasının məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi xarici siyasət kursu bütövlükdə milli maraqlara və praqmatik dövlətçilik prinsiplərinə əsaslanır. Azərbaycan heç bir kənar gücün diktəsi ilə hərəkət etmir, hər hansı hərbi-siyasi bloklaşmanın tərkib hissəsi olmaqdan uzaq durur.

Azərbaycanın xarici tərəfdaşlarla qurduğu əlaqələrdə heç bir "arxa plan" yoxdur. Səmimi dialoq hər zaman rəsmi Bakının əsas xətti olub. Ölkəmiz daim beynəlxalq hüququn prinsiplərinə və qarşılıqlı hörmətə söykənən əlaqələrə üstünlük verib. Bu strategiya rəsmi Bakıya qlobal ziddiyyətlərdə tərəfsiz, ədalətli və səmimi dövlət olmaq imkanı verir. Digər tərəfdən, BMT-dən sonra dünyanın ən böyük ikinci siyasi təşkilatı olan Qoşulmama Hərəkatında yer alan 120 müxtəlif dövlətin Azərbaycanın quruma sədrlik müddətinin uzadılması barədə yekdil qərar verməsi də ölkəmizə böyük siyasi inamın və rəğbətin bariz göstəricisi idi.

Ölkəmizin qlobal səviyyədə qazandığı nüfuz özünü konkret əməli uğurlarda da göstərir. Regional təhlükəsizlik və qlobal enerji arxitekturasının formalaşmasında Bakı hər zaman üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirir. Bu səbəbdən Avropa ölkələri Azərbaycanı etibarlı və strateji enerji tərəfdaşı kimi görürlər. 

Nəticə etibarilə Azərbaycan regional sabitliyin qorunmasında və qlobal gərginliklərin azaldılmasında etimad göstərilən dövlət kimi qəbul olunur. Bu da ölkəmizin gələcəkdə təhlükəsizlik və dialoq platforması kimi rolunu daha da möhkəmləndirəcəyinə zəmanət verir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

12:51
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNƏCƏK  

12:51
24 Avqust

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır  

12:40
24 Avqust

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

12:38
24 Avqust

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır

12:37
24 Avqust

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

12:34
24 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

12:33
24 Avqust

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

12:32
24 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

12:31
24 Avqust

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

12:29
24 Avqust

Göygöldə intensiv meyvə bağlarının salınmasına maraq artıb

12:27
24 Avqust

Fransada prezident seçkiləri: Rafael Qlüksman mübarizəyə qoşulur

12:25
24 Avqust

Azərbaycan Premyer Liqası: “Neftçi” - “Araz-Naxçıvan” - 5:0

12:23
24 Avqust

Qvineyada sürüşmə nəticəsində 30 nəfər həlak olub

12:21
24 Avqust

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

12:12
24 Avqust

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

12:10
24 Avqust

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

12:09
24 Avqust

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:07
24 Avqust

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

12:01
24 Avqust

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

12:00
24 Avqust

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

11:46
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!