Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana
səfəri və Daşkənddə keçirdiyi görüşlər iki qardaş ölkə arasında münasibətlərin
son illərdə qazandığı strateji mahiyyəti bir daha nümayiş etdirdi. Prezidentin
mətbuata bəyanatında səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan əlaqələrinin
yalnız siyasi və diplomatik münasibətlər çərçivəsində deyil, iqtisadi, enerji,
nəqliyyat, investisiya və humanitar sahələrdə də sürətlə dərinləşdiyini göstərir.
Bu münasibətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, onların təməlində
tarixi-mədəni yaxınlıqla yanaşı, qarşılıqlı siyasi etimad və uzunmüddətli
strateji maraqlar dayanır.
Azərbaycan və Özbəkistan arasında münasibətlərin
bugünkü səviyyəyə yüksəlməsi təsadüfi proses deyil. Son illərdə dövlət
başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq ikitərəfli əlaqələrin
bütün istiqamətlər üzrə inkişafına ciddi impuls verib. Prezident İlham Əliyev və
Prezident Şavkat Mirziyoyev arasında qarşılıqlı etimadın möhkəmlənməsi nəticəsində
siyasi münasibətlər iqtisadi və praktiki əməkdaşlıqla tamamlanıb. Bunun nəticəsində
iki ölkə arasında əlaqələr artıq ayrı-ayrı layihələrdən ibarət deyil, çoxşaxəli
və uzunmüddətli əməkdaşlıq modelinə çevrilir.
Bu baxımdan iqtisadi əlaqələrin genişlənməsi
xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsinin
artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi, sənaye müəssisələrinin
yaradılması və biznes strukturları arasında birbaşa əlaqələrin gücləndirilməsi
münasibətlərin real iqtisadi məzmununu formalaşdırır. Azərbaycan bank
sektorunun Özbəkistan bazarında fəaliyyət göstərməsi, SOCAR-ın Özbəkistanda
enerji sektorunda iştirakının genişlənməsi iki ölkənin iqtisadi potensiallarının
bir-birini tamamladığını göstərən mühüm nümunələrdir. Ticarət dövriyyəsinin
yaxın perspektivdə 1 milyard dollara çatdırılması ilə bağlı hədəf isə münasibətlərin
iqtisadi miqyasının daha da böyüdüləcəyindən xəbər verir.
Azərbaycan və Özbəkistanın iqtisadi inkişaf
modellərində müəyyən paralellərin olması da əməkdaşlıq üçün geniş imkanlar
yaradır. Hər iki dövlət qeyri-neft sektorunun inkişafına, sənayeləşməyə, yeni
investisiyaların cəlb edilməsinə, nəqliyyat imkanlarının genişləndirilməsinə və
iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan iki ölkənin
potensiallarının birləşdirilməsi həm Azərbaycan, həm də Özbəkistan üçün yeni
bazarlara çıxış, birgə istehsal və investisiya imkanlarının genişləndirilməsi
baxımından mühüm üstünlüklər yaradır.
Münasibətlərin strateji əhəmiyyətini artıran əsas
amillərdən biri də Azərbaycanla Mərkəzi Asiya arasında yaranan yeni geoiqtisadi
bağlantılardır. Azərbaycan Cənubi Qafqazın mühüm nəqliyyat və enerji qovşağı
kimi Avropa ilə Asiya arasında əlaqələrin inkişafında xüsusi rol oynayır. Özbəkistan
isə Mərkəzi Asiyanın mərkəzində yerləşən, böyük iqtisadi və demoqrafik
potensiala malik dövlət kimi regionun əsas aktorlarından biridir. Bu iki
geosiyasi və geoiqtisadi imkanın birləşməsi Azərbaycanla Mərkəzi Asiya arasında
daha sıx əlaqələrin formalaşmasına şərait yaradır.
Xüsusilə Orta Dəhlizin inkişafı bu baxımdan
böyük əhəmiyyət daşıyır. Mərkəzi Asiya ölkələrinin Azərbaycan üzərindən Avropa
bazarlarına çıxış imkanlarının genişlənməsi, Xəzər dənizindən keçən nəqliyyat
marşrutlarının inkişaf etdirilməsi və Azərbaycanın logistika imkanlarının
artırılması regionda yeni iqtisadi reallıq formalaşdırır. Özbəkistan üçün Azərbaycan
Avropa istiqamətində mühüm nəqliyyat bağlantısı, Azərbaycan üçün isə Özbəkistan
Mərkəzi Asiyanın böyük bazarlarına çıxış baxımından strateji tərəfdaşdır. Bu
qarşılıqlı maraq gələcəkdə nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha
da genişlənməsinə imkan verəcək.
Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi
məna daşıyan istiqamətlərindən biri isə Qarabağın və Şərqi Zəngəzurun bərpasında
Özbəkistanın iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə
tikiş fabrikinin yaradılması və digər layihələr Özbəkistanın Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin konkret ifadəsidir.
Bu layihələrin əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə ölçülmür. Qardaş Özbəkistanın
Qarabağın dirçəldilməsi prosesində iştirakı Azərbaycan xalqına mənəvi dəstəyin,
ölkəmizin ərazi bütövlüyünə hörmətin və iki dövlət arasında sarsılmaz həmrəyliyin
göstəricisidir.
Digər tərəfdən, regionlararası əməkdaşlığın
genişləndirilməsi də münasibətlərin gələcək inkişafında mühüm rol oynayacaq.
İki ölkənin yalnız mərkəzi hakimiyyətləri deyil, ayrı-ayrı şəhər və regionları,
sahibkarları və iqtisadi subyektləri arasında əlaqələrin güclənməsi əməkdaşlığın
daha geniş sosial-iqtisadi bazaya malik olmasına imkan verir. Bu istiqamətdə sənaye,
kənd təsərrüfatı, turizm, logistika və xidmət sahələrində birgə layihələrin
sayının artması mümkündür.
Enerji sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan
münasibətlərinin strateji xarakterini daha da gücləndirən amillərdəndir.
Neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, kəşfiyyat işlərinin
aparılması və gələcəkdə hasilat mərhələsinə keçilməsi iki ölkənin enerji
sektorunda uzunmüddətli əməkdaşlığının əsasını yaradır. Bu əməkdaşlıq həm Azərbaycan
şirkətlərinin beynəlxalq fəaliyyət coğrafiyasının genişlənməsinə, həm də Özbəkistanın
enerji potensialından daha səmərəli istifadə edilməsinə xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan
münasibətlərində “qardaşlıq” anlayışı artıq yalnız siyasi və mənəvi ifadə
deyil, konkret layihələrlə və iqtisadi nəticələrlə təsdiqlənən reallıqdır.
Qarşılıqlı investisiyaların artması, enerji və sənaye layihələrinin həyata
keçirilməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi, Qarabağın bərpasında Özbəkistanın
iştirakı və regionlararası əməkdaşlığın inkişafı iki ölkə arasında münasibətlərin
institusional və iqtisadi əsaslarını daha da möhkəmləndirir.
Əslində, Azərbaycan və Özbəkistan arasında
formalaşan əməkdaşlıq modeli daha geniş regional prosesin tərkib hissəsidir. Azərbaycan
Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən mühüm geosiyasi və geoiqtisadi
körpü rolunu oynayırsa, Özbəkistan Mərkəzi Asiyanın iqtisadi potensialını bu
bağlantılar vasitəsilə dünya bazarlarına çıxarmaq imkanına malikdir. Bu
baxımdan Bakı–Daşkənd əməkdaşlığı iki dövlətin maraqlarından daha geniş məna
daşıyır və bütövlükdə Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat bağlantılarının
formalaşmasına təsir göstərir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin
Daşkənddə səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə
daxil olduğunu göstərir. Bu mərhələnin əsas xüsusiyyəti siyasi yaxınlığın
iqtisadi və geostrateji əməkdaşlıqla tamamlanmasıdır. İki ölkənin qarşılıqlı
etimada əsaslanan münasibətləri artıq regional proseslərə təsir göstərən mühüm
amilə çevrilir. Azərbaycan və Özbəkistanın malik olduğu nəqliyyat, enerji, sənaye,
investisiya və insan potensialının birləşdirilməsi gələcəkdə yalnız ikitərəfli
iqtisadi əlaqələrin deyil, Cənubi Qafqazla Mərkəzi Asiya arasında daha geniş
inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edə bilər.
Bu mənada Azərbaycan–Özbəkistan münasibətlərini
yalnız iki qardaş dövlət arasındakı əlaqələr kimi qiymətləndirmək kifayət
deyil. Bu münasibətlər yeni geosiyasi reallıqlar şəraitində Cənubi Qafqaz və Mərkəzi
Asiyanı bir-birinə daha sıx bağlayan, regional sabitliyə, iqtisadi inkişafa və
nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə xidmət edən strateji tərəfdaşlıq
modelidir. Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin siyasi
iradəsi isə bu modelin gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin
formalaşdırır.
Vasif Qafarov,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru