Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinə yalnız iki qardaş ölkə arasında münasibətlərin növbəti mərhələsi kimi baxmaq onun geosiyasi miqyasını xeyli daraltmış olardı. Əslində, Bakı ilə Daşkənd arasında son illərdə baş verən yaxınlaşma Avrasiyada formalaşmaqda olan yeni güc və kommunikasiya arxitekturasının mühüm elementlərindən biridir.
Bu səfərin ən diqqətçəkən hadisəsi isə, şübhəsiz, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır.
Diplomatik sənədlərdə sözlər təsadüfən seçilmir. Bu mənada müqavilənin adında “əbədi” sözünün işlədilməsi xüsusi siyasi məna daşıyır.
Niyə məhz “əbədi”?
Dövlətlərarası münasibətlərdə adətən “əməkdaşlıq”, “strateji tərəfdaşlıq”, “hərtərəfli strateji tərəfdaşlıq” və ya “müttəfiqlik” kimi anlayışlardan istifadə olunur. Azərbaycan və Özbəkistan isə artıq bu mərhələlərin böyük hissəsini keçib. 2024-cü ildə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”, 2025-ci ildə isə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin münasibətlərinin siyasi-hüquqi bazasını ən yüksək səviyyəyə qaldırdı. Prezident İlham Əliyev UzA-ya müsahibəsində də münasibətlərin “ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə” yüksəldiyini xüsusi vurğulayıb.
Deməli, “əbədi dostluq” ifadəsi sadəcə emosional epitet deyil. Burada verilən əsas mesaj budur: Bakı-Daşkənd münasibətləri ayrı-ayrı hökumətlərin siyasi kursundan, beynəlxalq konyunkturadan və regiondakı müvəqqəti güc balansından asılı münasibətlər kimi nəzərdə tutulmur.
Başqa sözlə, Azərbaycan və Özbəkistan münasibətlərin strateji xarakterini dövlətlərarası sistemin uzunmüddətli elementi kimi təsbit edirlər.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu sənədi Azərbaycanın diplomatik təcrübəsində ilk belə addım adlandırması da məsələnin miqyasını göstərir. Tarixdən və xalqların iradəsindən qaynaqlanan dostluq ilk dəfə bu formada siyasi müstəviyə daşınır.
Xəzər artıq ayırmır, birləşdirir
Baş verən prosesin daha böyük geosiyasi tərəfi isə Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin keyfiyyətcə dəyişməsidir.
Uzun müddət Cənubi Qafqaz və Mərkəzi Asiya beynəlxalq siyasətdə ayrı-ayrı geosiyasi məkanlar kimi nəzərdən keçirilirdi. Bu yanaşma artıq dəyişir.
Prezident İlham Əliyev hələ 2025-ci ildə çox dəqiq bir geosiyasi formul irəli sürmüşdü: Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırır və Xəzər dənizi onları ayıran deyil, birləşdirən amildir.
Bu, əslində, yeni regional konsepsiyadır
Azərbaycan Mərkəzi Asiyanın Qərbə açılan qapısıdır. Özbəkistan isə 38 milyondan artıq əhalisi, iqtisadi potensialı, coğrafi mövqeyi və artan siyasi çəkisi ilə Mərkəzi Asiyanın əsas güc mərkəzlərindən biridir.
Bakı ilə Daşkənd arasında strateji xəttin möhkəmlənməsi nəticəsində Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa coğrafiyası daha vahid siyasi-iqtisadi sistemə çevrilir.
Orta Dəhlizin siyasi sütunları
Bu yaxınlaşmanın ən mühüm praktiki ölçülərindən biri Orta Dəhlizdir.
Dünyada ənənəvi nəqliyyat və təchizat zəncirlərinin geosiyasi risklərlə üzləşdiyi bir dövrdə Çin və Mərkəzi Asiyanı Xəzər, Azərbaycan və Türkiyə üzərindən Avropaya bağlayan marşrutun əhəmiyyəti sürətlə artır.
Burada Azərbaycan tranzit ölkə olmaqdan daha böyük rol oynayır. Bakı limanı, Ələt logistika infrastrukturu, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur istiqamətində formalaşan yeni kommunikasiya imkanları Azərbaycanın Avrasiyanın Şərq-Qərb bağlantısındakı mövqeyini gücləndirir.
Özbəkistan üçün də alternativ və etibarlı nəqliyyat marşrutlarına çıxış strateji məsələdir. Bunun nəticəsi artıq rəqəmlərdə görünür: Prezident İlham Əliyevin açıqladığı məlumata görə, iki ölkə arasında tranzit daşımalarının həcmi 2025-ci ildə 6,7 faiz artaraq 1,4 milyon tona çatıb, 2026-cı ilin ilk altı ayında isə daha 12,2 faiz artım qeydə alınıb.
Deməli, siyasi yaxınlaşmanın arxasında real iqtisadi coğrafiya formalaşır.
Türk dünyasının yeni ağırlıq mərkəzi
Azərbaycan–Özbəkistan yaxınlaşmasının üçüncü mühüm ölçüsü Türk dünyasıdır.
Türk Dövlətləri Təşkilatının gələcəyi yalnız ortaq tarix və mədəniyyət üzərində qurula bilməz. Davamlı inteqrasiya üçün nəqliyyat dəhlizləri, qarşılıqlı investisiyalar, enerji şəbəkələri, sənaye kooperasiyası və ortaq siyasi maraqlar lazımdır.
Azərbaycan və Özbəkistan məhz bu modelin aparıcı dövlətlərindən birinə çevrilirlər.
Burada vacib məqam odur ki, yaranan əməkdaşlıq modeli hansısa üçüncü dövlətə qarşı yönəlmiş blok xarakteri daşımır. Əksinə, Azərbaycan və Özbəkistan müxtəlif qlobal güc mərkəzləri ilə münasibətlərini qoruyaraq öz strateji müstəqilliklərini artırmağa çalışırlar.
Bu, müasir çoxqütblü dünyanın yeni diplomatiyasıdır: böyük güclər arasında seçim etmək deyil, özünün ayrıca güc və əməkdaşlıq məkanını yaratmaq.
Bakı–Daşkənd xətti nəyi dəyişir?
Bu gün Azərbaycan Cənubi Qafqazın, Özbəkistan isə Mərkəzi Asiyanın ən fəal siyasi-iqtisadi aktorlarından biridir. İki ölkənin yaxınlaşması Xəzərin hər iki sahilində yeni strateji bağlantı yaradır.
Bu baxımdan Prezident İlham Əliyevin Daşkənd səfəri təkcə Azərbaycan–Özbəkistan münasibətlərinin tarixi hadisəsi deyil. Bu səfər daha böyük prosesin – Cənubi Qafqazla Mərkəzi Asiyanın vahid geoiqtisadi və getdikcə daha çox geosiyasi məkana çevrilməsinin göstəricisidir.
Məhz buna görə “əbədi” sözü diqqət çəkir
Bu anlayış keçmiş haqqında deyil, gələcək haqqında verilmiş siyasi mesajdır. Bakı və Daşkənd demək istəyirlər ki, onların strateji yaxınlığı bugünkü beynəlxalq şəraitin yaratdığı müvəqqəti ittifaq deyil. Bu münasibətlərin arxasında tarix, ortaq kimlik və mədəniyyət olduğu kimi, qarşıda ortaq iqtisadi maraqlar, nəqliyyat arteriyaları və Avrasiyanın gələcək arxitekturasında birgə iştirak perspektivi dayanır.
Başqa sözlə, “əbədi dostluq” tarixi yaxınlığın diplomatik ifadəsindən daha çox, gələcək üçün verilmiş geosiyasi təminatdır.
Azərbaycan və Özbəkistan artıq sadəcə iki dost dövlət deyil. Onlar həm də bu gün Avrasiyada yaranmaqda olan yeni strateji məkanın əsas dayaqlarıdır.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı