Türkiyə hökuməti ailə və evlilik dəyərlərinin məhv edilməsi ideologiyasına müqavimət göstərməkdə və qeyri-ənənəvi münasibətlərin təbliğatına yol verməməkdə qərarlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə “Ailə İli”nin başlanmasına həsr olunmuş tədbirdə deyib.
Dövlət başçısı Türkiyə Konstitusiyasının ailəni “cəmiyyətin təməli” kimi tanıyan 41-ci maddəsini xatırladıb. “Başqa sözlə, ailə kiçik cəmiyyət, cəmiyyət isə böyük ailədir. Hər bir ailə xalqın milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Biz ailənin və cəmiyyətin keşiyində durmalıyıq”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti diqqəti gender kimliyi məsələsinə yönəldib və cəmiyyətdə qeyri-ənənəvi münasibətləri təşviq etmək cəhdlərini sərt tənqid edib. “Cinslər arasında sərhədlərin silinməsinə və beləliklə, ənənəvi ailə institutunun dağılmasına imkan verməməliyik”, -deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan virtual məkandan, o cümlədən oyun platformalarından tez-tez gənclərin ənənəvi baxışlarını məhv etmək üçün istifadə edildiyinə diqqət çəkib. O, Türkiyəni ailənin çoxəsrlik təməllərinin qorunmasının zəruriliyini BMT səviyyəsində açıq şəkildə bəyan edən nadir ölkələrdən biri adlandırıb. “Biz mövqeyimizi yenidən nəzərdən keçirmək fikrində deyilik. Ailəni qorumaq hər bir vətəndaşın borcudur”, - deyə siyasətçi əmin edib.
Dövlət başçısı xatırladıb ki, bu gün Türkiyədə nikaha daxil olan hər bir gənc cütlüyün Ailə və Gənclik Fondundan güzəştli kredit almaq üçün müraciət etmək hüququ var. Üstəlik, Türkiyənin 81 vilayətinin hər birində müraciətlər qəbul edilir.
Eyni zamanda, yeni doğulan ilk uşaq üçün dövlət birdəfəlik 5 min lirə (140 dollardan çox) vəsait ödəyir.