Yanvar ayının 13-də Azərbaycan Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası (MR), Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş prokuror Kamran Əliyev müstəqil, qüdrətli Azərbaycan dövlətinin varlığınin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, məhz dahi şəxsiyyətin uzaq görən siyasətinin, vaxtında və qətiyyətlə atmış olduğu hər bir addımının bəhrəsinin bu gün bütün Azərbaycan xalqı, o cümlədən bizlər şahidi oluruq. O, cümlədən Muxtar Respublikanın bugünkü inkişafının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu xüsusilə vurğulanıb.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Naxçıvan Muxtar Respublikasının hərtərəfli, o cümlədən iqtisadi-sosial inkişafı, insanların yüksək səviyyədə rifahının təmin edilməsi istiqamətində mühüm islahatlar aparılmış və bu, hazırda da davam etdirilməkdədir.
Kamran Əliyev qeyd edib ki, 2024-cü il tarixi və əlamətdar hadisələrlə də zəngin bir il olub. Məhz ötən il ölkə tarixində ilk dəfə olaraq suveren ərazilərimizdə növbədənkənar president seçkiləri keçirilib. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2024-cü ilin prokurorluq orqanları üçün də əlamətdar il olduğu konkret misallarla qeyd edilib.
Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə muxtar respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.
2024-cü il ərzində Muxtar Respublikanın prokurorluq orqanlarında 37 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 13-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş maddi ziyandan 97,51 faizinin ödənilməsi təmin olunub. Ötən il MR prokurorluğu orqanlarına 584 müraciət daxil olub, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 197, tabe rayon (şəhər) prokurorluqlarında isə 391 olmaqla, ümumilikdə 588 vətəndaş qəbul edilərək dinlənilib.
Kollegiya iclasında görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrasına toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar ətraflı müzakirə edilib.
Sonda Kamran Əliyev xidməti fəaliyyətin təkmilləşdirilməsi, hesabat dövründə yol verilmiş nöqsanların aradan qaldırılması, həmçinin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı zəruri tapşırıqlar verib.