Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul-avqust aylarında Mərkəzi Asiyaya yönəlmiş intensiv diplomatik fəaliyyəti, xüsusilə Qırğızıstan və Özbəkistana dövlət səfərləri və ardınca Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakı, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiyanın artan strateji əhəmiyyətini nümayiş etdirir. Bu səfərlər ayrı-ayrı ikitərəfli təşəbbüslər deyil, rəsmi Bakının dəyişən beynəlxalq sistemdə mövqeyini gücləndirmək, Türk dünyası ilə əlaqələri dərinləşdirmək və Avrasiya məkanında nəqliyyat, iqtisadi və siyasi bağlantıları genişləndirmək istiqamətində həyata keçirdiyi vahid strategiyanın tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İzmir “Dokuz Eylül” Universitetinin Beynəlxalq ticarət və biznes kafedrasının professoru Ülviyyə Sanılı Aydın səsləndirib.
Professor vurğulayıb ki, bu baxımdan hazırda Bişkekdə keçirilən ŞƏT Zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır. Zirvə ərəfəsində Prezident İlham Əliyevin Qırğızıstan və Özbəkistana səfərləri Azərbaycanın əvvəlcə Mərkəzi Asiyanın mühüm dövlətləri ilə ikitərəfli münasibətlərini möhkəmləndirməsi, daha sonra isə bu əlaqələri ŞƏT kimi geniş çoxtərəfli platformada tamamlaması baxımından diqqətəlayiqdir.
“Prezident İlham Əliyevin iyulun 30-31-də Qırğızıstana dövlət səfəri bu diplomatik xəttin mühüm mərhələlərindən biri olub. Səfər zamanı Çolpan-Atada Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib və iki ölkə arasında “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb. Bununla Azərbaycan-Qırğızıstan münasibətləri strateji tərəfdaşlıqdan institusional müttəfiqlik mərhələsinə yüksəlib. Qırğızıstanın 2026-cı ildə ŞƏT-ə sədrlik etməsi nəzərə alındıqda, bu səfər, eyni zamanda, Azərbaycanın qarşıdan gələn ŞƏT Zirvəsi öncəsi Mərkəzi Asiyada siyasi əlaqələrini möhkəmləndirən mühüm addım kimi qiymətləndirilə bilər.
Avqust 23-24-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri isə Azərbaycanın Mərkəzi Asiya siyasətinin ikinci mühüm istiqamətini təşkil edir. Azərbaycan və Özbəkistan arasında artıq müttəfiqlik səviyyəsinə çatmış münasibətlər səfər çərçivəsində siyasi, iqtisadi və nəqliyyat sahələrində daha da dərinləşdirilib. Xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı, logistika infrastrukturunun səmərəliliyinin artırılması və Xəzər dənizində əməkdaşlığın genişləndirilməsi məsələlərinin ön plana çıxması diqqət çəkir. Bu istiqamətlər Azərbaycanın ŞƏT coğrafiyası ilə münasibətlərində mühüm yer tutan bağlantısallıq siyasəti ilə birbaşa uzlaşır”, - deyə Ülviyyə Sanılı qeyd edib.
O bildirib ki, Azərbaycanın ŞƏT ilə əlaqələri 2016-cı ildə dialoq tərəfdaşı statusunun əldə olunması ilə institusional xarakter alıb, 2025-ci ildə isə təşkilatda mövcud statusların “ŞƏT tərəfdaşı” adı altında birləşdirilməsi nəticəsində Azərbaycanın mövqeyi yenilənib. Prezident İlham Əliyevin ŞƏT toplantılarında ardıcıl iştirakı Bakının bu platformaya sistemli və uzunmüddətli yanaşdığını göstərir: “Azərbaycanın ŞƏT-də iştirakı yalnız təşkilata üzvlük perspektivi ilə deyil, Çin, Mərkəzi Asiya dövlətləri və digər mühüm tərəfdaşlarla siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığını genişləndirmək baxımından qiymətləndirilməlidir. ŞƏT-in 2026-cı il gündəliyində çoxqütblülük, ədalətli dünya nizamı, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantılarının ön plana çıxması Azərbaycanın xarici siyasət prioritetləri ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür. Bakı eyni vaxtda Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını davam etdirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrini dərinləşdirir, İslam dünyası ilə münasibətlərini möhkəmləndirir və Çin başda olmaqla Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir. Bu mənada ŞƏT Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin mühüm platformalarından biridir”.
Türk professor əlavə edib ki, ŞƏT ilə əməkdaşlığın Azərbaycan üçün ən vacib geoiqtisadi istiqamətlərindən biri Orta Dəhlizdir: “Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xətti üzrə inkişaf edən bu nəqliyyat marşrutu Azərbaycanın Avrasiyada tranzit və logistika mərkəzi kimi əhəmiyyətini artırır. Özbəkistanla Trans-Xəzər dəhlizi üzrə əməkdaşlığın dərinləşdirilməsi və Qırğızıstanla müttəfiqlik münasibətlərinin qurulması bu baxımdan bir-birini tamamlayan proseslərdir. Azərbaycan beləliklə Mərkəzi Asiyanı Xəzər üzərindən Cənubi Qafqaz və Avropa ilə bağlayan əsas strateji qovşaqlardan biri kimi mövqeyini gücləndirir: “ŞƏT Zirvəsinin Azərbaycan üçün digər mühüm tərəfi Ermənistanla münasibətlər kontekstində ortaya çıxıb. Zirvə çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycanın çoxtərəfli platformalardan regional sülh gündəliyinin irəlilədilməsi üçün də istifadə etdiyini göstərir. Azərbaycan-Ermənistan sülh prosesində əldə ediləcək irəliləyiş yalnız Cənubi Qafqazda sabitlik baxımından deyil, regionlararası nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi baxımından da mühüm nəticələr yarada bilər”.
“Nəticə etibarilə, Prezident İlham Əliyevin cari ildə Qırğızıstan və Özbəkistana səfərləri ilə ŞƏT Zirvəsində iştirakı vahid diplomatik strategiyanın ardıcıl mərhələləri kimi qiymətləndirilməlidir. Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi Azərbaycanın Türk dünyasında və Mərkəzi Asiyada siyasi dayaqlarını gücləndirərkən, ŞƏT bu ikitərəfli əlaqələrin daha geniş Avrasiya müstəvisində çoxtərəfli əməkdaşlığa çevrilməsi üçün mühüm platforma rolunu oynayır. Bu diplomatik xətt Azərbaycanın yalnız Cənubi Qafqaz dövləti kimi deyil, Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrini birləşdirən strateji aktor kimi mövqeyini gücləndirir. ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsi, Orta Dəhlizin inkişafı və Mərkəzi Asiya dövlətləri ilə müttəfiqlik əlaqələrinin genişlənməsi Azərbaycanın formalaşmaqda olan çoxqütblü dünya nizamında “orta güc dövləti” kimi daha görünən və təsirli mövqe qazanmasına xidmət edir”, - deyə Ülviyyə Sanılı Aydın vurğulayıb.