Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu gün dünya miqyasında mühüm əhəmiyyətə malik, nüfuzlu platformalardan birinə çevrilib. Təşkilatın gündəliyində regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika və humanitar əlaqələr kimi qlobal əhəmiyyət daşıyan məsələlər dayanır. Bu baxımdan, dünyanın aparıcı dövlətlərinin təmsil olunduğu belə bir platformada yüksəksəviyyəli siyasi dialoqun və iqtisadi əlaqələrin formalaşması Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
O qeyd edib ki, ŞƏT üzv ölkələri dünya əhalisinin və qlobal iqtisadiyyatın əhəmiyyətli hissəsini əhatə edir. Bu göstəricilər təşkilatın yalnız Avrasiya ilə məhdudlaşmayan, daha geniş coğrafiyada siyasi və iqtisadi proseslərə təsir imkanlarının olduğunu göstərir. Belə bir platformada Azərbaycanın iştirakı ölkəmizin xarici siyasətinin çoxvektorlu xarakterini və beynəlxalq əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirir.
“Azərbaycan ŞƏT-ə üzv ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malikdir. Ölkəmizin bu platformadakı əsas üstünlüklərindən biri enerji və nəqliyyat-logistika sahələrində malik olduğu imkanlardır. Azərbaycan həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat marşrutlarının inkişafına mühüm töhfə verir. Xüsusilə Orta Dəhliz Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsində rolunu daha da artırır. Bu dəhliz artıq yalnız yükdaşımalar üçün nəqliyyat marşrutu deyil, eyni zamanda enerji, rəqəmsal kommunikasiya və digər strateji layihələrin reallaşdırıldığı mühüm bağlantı xəttinə çevrilir.
Azərbaycanın ŞƏT ölkələri ilə əməkdaşlığının digər mühüm istiqaməti enerji təhlükəsizliyidir. Ölkəmizin təbii qaz ixrac coğrafiyasının genişlənməsi və enerji resurslarının müxtəlif istiqamətlərə nəql olunması Azərbaycanın Avrasiyanın enerji təhlükəsizliyində rolunu gücləndirir. Nəqliyyat və enerji layihələrinin paralel inkişafı isə Azərbaycanın regionlararası bağlantılarda strateji mövqeyini möhkəmləndirir. Eyni zamanda, Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi, eləcə də Türk Dövlətləri Təşkilatının fəaliyyəti bu prosesdə əlavə dinamika yaradır. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında formalaşan sıx əlaqələr Cənubi Qafqazı Mərkəzi Asiya ilə daha yaxından bağlayır. Bu isə həm ŞƏT çərçivəsində, həm də digər regional və beynəlxalq platformalarda yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir”, - deyə deputat bildirib.
Azər Allahverənov vurğulayıb ki, Azərbaycanın müxtəlif çoxtərəfli formatlarda fəal iştirakı ölkəmizə həm milli maraqlarına uyğun iqtisadi və strateji layihələri təşviq etmək, həm də regional əməkdaşlığa töhfə vermək imkanı yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı tərəfdaş və mühüm bağlantı ölkəsi kimi mövqeyini daha da gücləndirir. Bu baxımdan, ŞƏT Azərbaycan üçün mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Belə platformalarda aparılan görüşlər və qurulan yeni əlaqələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə, regional əməkdaşlığın genişlənməsinə və gələcəkdə yeni iqtisadi layihələrin reallaşdırılmasına əlavə imkanlar yaradır.