01 Sentyabr 2026 08:00
149
SİYASƏT
A- A+
Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 


Özbəkistan qədim İpək yolunun üzərində yerləşən, Səmərqənd və Buxara kimi mədəniyyət inciləri ilə dünya sivilizasiyasına Əmir Teymur, Mirzə Uluqbəy, İbn Sina və Əl-Xarəzmi kimi dahi şəxsiyyətlər bəxş etmiş zəngin tarixə malik bir diyardır. Hazırda bu qardaş ölkə strateji logistika qovşağı olmaqla yanaşı, dinamik inkişaf edən müasir sənaye sahələrinə və geniş kənd təsərrüfatı potensialına malik regional gücə çevrilmişdir. Müxtəlif çağlarda tarixin amansız sınaqlarından üzüağ çıxan özbək xalqı hazırda Mərkəzi Asiyada özünün iqtisadi potensialına və sülhsevər xarici siyasətinə görə söz sahiblərindən biri kimi çıxış edir. 

Hər il dövlət müstəqilliyinin ildönümünü ölkənin daxili və xarici siyasətində əldə olunmuş böyük uğurlarla qeyd edən Özbəkistan həmçinin bir sıra möhtəşəm beynəlxalq geoiqtisadi logistika layihələrinin fəal iştirakçılarından biridir.

Sürətli tərəqqi yoluna qədəm qoymuş qardaş ölkə son illər bir sıra uğurlara imza atmışdır. 2026-cı ilin ilk rübündə Özbəkistanın rəsmi qızıl ehtiyatı təxminən 415-416 ton, ikinci rübdə isə artaraq 431,7 tona çatmışdır. 1 avqust 2026-cı il tarixinə Özbəkistanın beynəlxalq (qızıl-valyuta) ehtiyatları 64,34 milyard dollar təşkil etmişdir.

2025-ci ildə ümumi daxili məhsul 7,7 faiz artaraq 147 milyard dolları keçib. Artıq 2026-cı ilin birinci yarısında iqtisadiyyat 8,5 faiz artıb və cari ilin sonunadək ümumi daxili məhsulun həcminin 180 milyard dollar səviyyəsinə çatması gözlənilir. Belə ki, artıq 2026-cı ilin birinci rübündə ümumi daxili məhsul 37,2 milyard dollar təşkil edib. Real olaraq iqtisadiyyat ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artıb. Bu, mühüm nailiyyətdir.  

Özbəkistanda sənaye istehsalının həcmi 2025-ci ildə 87,5 milyard dollar təşkil etmişdir. Belə ki, sənaye istehsalı ölkənin ümumi daxili məhsulunun təxminən 33,6 faizini təşkil etmişdir.

Kənd təsərrüfatı Özbəkistan iqtisadiyyatının aparıcı və strateji sahələrindən biridir (ÜDM-in təxminən dörddəbirini təşkil edir). 2025-ci ildə ölkədə ümumi dənli bitkilər (əsasən buğda) yığımı 10,11 milyon tonu ötüb keçib. Bu göstərici əvvəlki illə müqayisədə təqribən 13 faiz artım deməkdir. Həmçinin qabaqcıl texnologiyalar və yüksək məhsuldar sortların tətbiqi sayəsində təxminən 4 milyon ton xam pambıq yığılmışdır.

Son illər həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində aqrar sahə köhnə planlı iqtisadiyyat sistemindən azad olaraq innovativ, şaxələnmiş və bazar yönümlü bir istiqamətə transformasiya olunur. 

Tarixən, əsasən, pambıq və buğda istehsalına yönəlmiş sahə indi aktiv şəkildə şaxələndirilir. Aşağı məhsuldar torpaqlarda pambıq əkinləri azaldılaraq həmin sahələr meyvə-tərəvəz, paxlalılar, yağlı bitkilər və yem bitkilərinin becərilməsinə yönəldilir. Bu da ölkənin ixrac potensialını və ərzaq təhlükəsizliyini gücləndirir. 

Prezident Şövkət Mirziyoyevin yeritdiyi kurs sayəsində Özbəkistanın xarici siyasəti daha açıq, pragmatik və fəal bir mərhələyə qədəm qoyub. Ölkənin xarici siyasi kursu milli maraqların qorunması, iqtisadi inkişafın dəstəklənməsi və regional sabitliyin təmin edilməsinə köklənib. Qonşu dövlətlərlə illərlə dondurulmuş delimitasiya, demarkasiya və su ehtiyatlarından birgə istifadə məsələlərində barışdırıcı və uzlaşdırıcı mövqe nümayiş etdirilir. Region ölkələri arasında iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin canlandırılması ön plana çəkilib. Beynəlxalq ticarət dəhlizlərinin açılması aktiv surətdə dəstəklənir. Özbəkistan dünyadakı böyük güc mərkəzləri ilə balanslaşdırılmış münasibətlər saxlayır. Qərb dövlətləri ilə demokratik islahatlar, texnoloji tərəfdaşlıq, investisiya və insan hüquqları mövzularında açıq dialoq aparır. Özbəkistanın 2019-cu ildə TDT-yə tamhüquqlu üzv olması onun türk dünyası ilə siyasi, iqtisadi və mədəni inteqrasiya əlaqələrində yeni keyfiyyət mərhələsinə yüksəldib.

Özbəkistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksələn münasibətlər 2025-2026-cı illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan və Özbəkistan arasında müqavilə-hüquq bazasının genişlənməsi nəticəsində indiyədək iki ölkə arasında 220-yə yaxın müxtəlif səviyyəli sənəd imzalanmışdır.

Hazırda iki ölkə liderlərinin siyasi iradəsi sayəsində iqtisadi əməkdaşlıq sadə mal mübadiləsi çərçivəsindən çıxaraq dərin inteqrasiya, birgə istehsal və regional logistika layihələrini əhatə edir. 2025-ci ilin iyul ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana, 2026-cı ilin avqust ayında isə Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəndə dövlət səfərləri siyasi münasibətlərin dinamikasını qoruyub saxlayıb. Bu çərçivədə fəaliyyət göstərən Ali Dövlətlərarası Şura əməkdaşlığın strateji koordinasiyasını təmin edən əsas mexanizmə çevrilib. Daşkənddə imzalanmış "Əbədi dostluq haqqında Müqavilə" ikitərəfli münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə daşıyıb. Sənəd tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini, həmçinin hər hansı üçüncü dövlətin bir-birinin əleyhinə ərazilərindən istifadə etməsinə yol verilməməsi kimi mühüm təhlükəsizlik və siyasi etimad prinsiplərini ehtiva edir.

Azərbaycan və Özbəkistan TDT, BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda bir-birinin mövqeyini fəal şəkildə dəstəkləyir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı daxilində geosiyasi mərkəz rolunu gücləndirmiş, qlobal və regional təhlükəsizlik məsələlərində birgə mövqe nümayiş etdirmişlər. Türk dünyasının birliyinin möhkəmləndirilməsi və ortaq maraqların qorunması istiqamətində atılan addımlar siyasi həmrəyliyin əsas tərkib hissəsidir. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə Azərbaycanın "C5" formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Bakı-Daşkənd xəttinin regional miqyasını daha da artırmışdır.   

2025-2026-cı illərdə Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi (Senat və Qanunvericilik Palatası) arasında münasibətlər yüksək dinamika ilə inkişaf edib. Bu dövrdə parlament diplomatiyası iki ölkə prezidentinin müəyyənləşdirdiyi siyasi-iqtisadi hədəflərin hüquqi bazasını möhkəmləndirən əsas mexanizmlərdən birinə çevrilmişdir. 

2025-ci ildə Milli Məclisin Sədri Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tanzilə Narbayevanın başçılığı ilə keçirilən I Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu iki ölkə parlamentləri tarixində yeni əməkdaşlıq mərhələsinin əsasını qoydu.  Forum çərçivəsində imzalanan "Yol xəritəsi" qanunvericilik təcrübəsinin mübadiləsi, parlament komitələrinin birgə iclaslarının keçirilməsi, gənc parlamentarilər və qadın deputatlar arasında əlaqələrin genişləndirilməsini əhatə edən konkret tədbirlər planını rəsmiləşdirdi. Qarşılıqlı razılığa əsasən, 2026-cı ildə növbəti II forumun Azərbaycanda təşkil edilməsi parlament dialoqunun davamlı xarakter aldığını göstərir. Hər iki ölkə parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsində fəal vasitəçi rolunu yerinə yetirir. 

Siyasi münasibətlərdəki yaxınlaşma praktiki müstəvidə Orta dəhlis (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqazın birləşdirilməsinə xidmət edir. Azərbaycanın qərb qapısı rolunu oynaması, Özbəkistanın isə regional mərkəz kimi bu marşruta qoşulması geosiyasi baxımdan hər iki dövlətin çəkisini artırır. Özbəkistanın Mərkəzi Asiyanın dərinliklərindən gələn ixracat məhsullarının Azərbaycanın tranzit infrastrukturu (Xəzər dənizi limanları, Bakı-Tbilisi-Qars dəmir yolu və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin sinergiyası) vasitəsilə Avropa bazarlarına çıxarılmasında Orta dəhliz əsas tənzimləyici qüvvəyə çevrilmişdir. 

2025-2026-cı illərdə "Yaşıl enerji" dəhlizi layihəsi çərçivəsində Mərkəzi Asiya resurslarının Azərbaycan üzərindən Avropaya ötürülməsi istiqamətində siyasi-iqtisadi qərarlar qəbul olunmuşdur. Logistika mərkəzləri və konteyner daşımalarının optimallaşdırılması tranzit vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azaldır.

İki ölkənin kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrin bazarlarına birgə çıxarılması üçün kooperasiya modelləri işlənilir. Ənənəvi enerji daşıyıcıları ilə yanaşı, bərpaolunan enerji mənbələri üzrə təcrübə mübadiləsi aparılır. Özbəkistanın enerji sektorunda Azərbaycan şirkətlərinin iştirakı, neft-qaz sənayesində birgə geoloji kəşfiyyat və texniki xidmət layihələrinin genişləndirilməsi aktual olaraq qalır. Hazırda Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı və şirkət qeydiyyatdan keçərək fəaliyyət göstərir.  Bu şirkətlər iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye və ticarət istiqamətlərində fəaliyyətlərini genişləndirirlər. Qarşılıqlı investisiya mühitinin tərkib hissəsi olaraq, əks istiqamətdə də - Özbəkistanda Azərbaycan kapitalı ilə fəaliyyət göstərən şirkətlərin sayı 470-i ötüb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu tərəfindən maliyyələşdirilən layihələr iqtisadi əməkdaşlığın praktiki nəticələrini üzə çıxarmışdır.

Son illərdə qarşılıqlı ticarət dövriyyəsində görünməmiş artım müşahidə olunub. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq təxminən 795 milyon dollar təşkil etmişdir. Mövcud dinamika və reallaşdırılan birgə layihələr yaxın perspektivdə ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağın tamamilə real olduğunu göstərir. Azərbaycandan Özbəkistana şəkər və şəkər məhsulları (ixracın yarıdan çoxu),  emal olunmamış alüminium, qaynaq edilmiş borular və metal məmulatları, qabıqlı badam və digər kənd təsərrüfatı qida məhsulları, müxtəlif növ sənaye malları və kimya sənayesi məhsulları ixrac olunur. 

Özbəkistandan Azərbaycana təzə və quru meyvələr (məsələn, ərik, kişmiş, qoz-fındıq), paxlalı bitkilər, müxtəlif növ tərəvəzlər, eləcə də kənd təsərrüfatı xammalı, pambıq lifi, müxtəlif növ parça materialları, hazır tikinti-geyim məhsulları və corab məmulatları, mineral gübrələr (xüsusilə azot gübrələri), mis məmulatları, müxtəlif metal filizləri və onlardan hazırlanan yarımfabrikatlar, sənaye və məişət təyinatlı müxtəlif texniki avadanlıqlar, kabel məmulatları ixrac olunur.

Əməkdaşlığın prioritet istiqamətlərindən biri xammal mübadiləsindən əlavə dəyər verən birgə istehsalat sahələrinin yaradılmasıdır. Özbəkistanda Azərbaycan texnologiyaları və sərmayələri ilə yanaşı, Azərbaycanda da özbək avtomobillərinin yığılması və sənaye kooperasiyasının genişləndirilməsi istiqamətində addımlar atılır.  Təsis edilmiş birgə investisiya fondunun maliyyələşdirdiyi layihələr hər iki ölkədə sənaye, kənd təsərrüfatı, yüngül sənaye (xüsusilə toxumculuq və ipəkçilik) sahələrində yeni müəssisələrin açılmasına güclü təkan verir.

2025-2026-cı illərdə Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı yalnız ikitərəfli ticarətin artması ilə deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində regional iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verir. Əsas diqqət artıq sadəcə mal mübadiləsinə deyil, "birgə istehsal və üçüncü bazarlara çıxış" strategiyasına yönəldilib, kiçik və orta sahibkarlığın bu prosesə qoşulması isə əməkdaşlığın sosial bazasını daha da möhkəmləndirir.

Özbəkistan tərəfindən işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Füzuli şəhərində qardaşlıq simvolu olaraq tikilib istifadəyə verilmiş Mirzə Uluqbəy adına tam orta məktəbdə 2025-2026-cı tədris ilində 583 şagird təhsil almışdır. 

İqtisadi və siyasi layihələrlə yanaşı, hər iki ölkənin tarixi şəhərlərində (məsələn, Daşkənd, Buxara, Bakı, Şuşa və s.) keçirilən mədəniyyət günləri və qarşılıqlı incəsənət layihələri xalqlarımız arasındakı mənəvi bağları daha da möhkəmləndirmişdir. Məsələn, 2025-ci ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunub.  İki ölkə arasında humanitar dialoqun mühüm tərkib hissəsi kimi 2025-ci ildə Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu baş tutub.

Təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində həyata keçirilən qarşılıqlı proqramlar siyasi münasibətlərin ictimai təməlini daha da möhkəmləndirir. Hər iki ölkənin ali təhsil müəssisələri arasında tələbə-müəllim mübadiləsi genişlənir. Son iki ildə Azərbaycanda 70-ə yaxın Özbəkistan vətəndaşı, Özbəkistanda isə təqribən 180 Azərbaycan vətəndaşı ali təhsil almışdır.

Birbaşa aviareyslər (Bakı ilə Daşkənd, Səmərqənd və digər şəhərlər arasında) işgüzar turizmin və qarşılıqlı səfərlərin həcmini dəfələrlə artırıb. Özbəkistandan Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunur. 2026-cı ilin ilk yeddi ayında Özbəkistandan Azərbaycana səfər edənlərin sayı əvvəlki illə müqayisədə təqribən 40 faiz artıq dinamika nümayiş etdirmişdir.  

Son illər Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli münasibətlərdə sadəcə dostluq və qardaşlıq əlaqələrinin deyil, həm də müttəfiqlik səviyyəsinə yüksələn strateji tərəfdaşlığın zirvə dövrü kimi yadda qalmışdır. Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı təkcə iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda Avrasiya məkanında sabitliyin, iqtisadi inkişafın və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında həlledici regional modelə çevrilmişdir.


Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İkinci Dünya müharibəsi - bəşəriyyətin ağır sınağı

08:20
01 Sentyabr

Naməlum talelilərin günü

08:10
01 Sentyabr

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 

08:00
01 Sentyabr

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

20:38
31 Avqust

MEDİA Böyük Britaniyanın bəzi media qurumlarını peşə prinsiplərinə sadiq qalmağa çağırıb  

20:33
31 Avqust

Pakistanlı ekspert: Azərbaycan ŞƏT-in genişlənməsi üçün strateji əhəmiyyətə malikdir  

19:36
31 Avqust

Sentyabr konfransı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə davam etdirilib  

19:14
31 Avqust

Azərbaycan Şərq-Qərb bağlantısındakı rolunu daha da gücləndirir 

19:08
31 Avqust

Xəzərdən İssık-Kula: müttəfiqlikdən başlayan yeni geosiyasi xətt  

18:50
31 Avqust

Xalq rəssamı: Çingiz Aytmatovun abidəsi Azərbaycan-Qırğızıstan dostluğunun ifadəsidir  

18:40
31 Avqust

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişləndirilir

18:38
31 Avqust

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir YENİLƏNİB

18:35
31 Avqust

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçiriləcək

18:33
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!