Enerji mənzərəsində rəqəmlər dəyişir. Ümumi elektrik istehsalı azalsa da, bərpaolunan mənbələrdən əldə edilən enerjinin həcmi artır. Bu, Azərbaycanın enerji sistemində “yaşıl mənbə”lərin rolunun tədricən genişləndiyini göstərən diqqətçəkən tendensiyadır.
Energetika Nazirliyinin bu barədə qeyd etdiyi faktlara müraciət edək. 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda 21,19 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi istehsal 2,8 faiz azalsa da, bərpa olunan enerji mənbələri üzrə istehsal 1,05 milyard kilovat-saat artaraq 4,23 milyard kilovat-saata çatıb. Artım xüsusilə külək enerjisində nəzərə çarpır. Doqquz ay ərzində külək elektrik stansiyalarında 768,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Su elektrik stansiyalarında istehsal 352,8 milyon, külək stansiyalarında isə 698,4 milyon kilovat-saat artıb. Bu göstəricilər ölkənin təbii enerji resurslarından daha geniş istifadə imkanlarını önə çıxarır.
Potensial da kifayət qədər böyükdür. Azərbaycanın quruda bərpaolunan enerji üzrə texniki imkanları 135 QVt, Xəzər dənizindəki külək enerjisi potensialı isə 157 QVt qiymətləndirilir. Günəş və külək enerjisi layihələrinin inkişafı bu resursların iqtisadi dəyərə çevrilməsi, enerji mənbələrinin şaxələndirilməsi və gələcəkdə yaşıl elektrik ixracı imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Hazırda ölkədə bərpaolunan enerji mənbələrinin ümumi gücü 2 170 MVt-a çatıb. 2027-ci ilin sonunadək ümumi gücü təxminən 1,5 QVt olan yeni yaşıl enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır. Beləliklə, Azərbaycanın enerji gələcəyində yalnız istehsalın həcmi deyil, enerjinin hansı mənbələrdən əldə edilməsi də mühüm əhəmiyyət daşıyır. Küləyin və günəşin imkanlarından daha səmərəli istifadə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, təbii resursların qorunmasına və daha dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə xidmət edə bilər.
“Azərbaycan”