01 Sentyabr 2026 08:50
129
CƏMİYYƏT
A- A+
Süni intellekt əsrində Azərbaycanın rəqəmsal suverenliyi

Süni intellekt əsrində Azərbaycanın rəqəmsal suverenliyi


Dünya artıq yeni texnoloji mərhələyə daxil olub. Bu mərhələni əvvəlkilərdən fərqləndirən əsas xüsusiyyət süni intellektin elmi araşdırmaların və texnoloji şirkətlərin fəaliyyət istiqaməti olmaması, dövlət idarəçiliyindən iqtisadiyyata, təhlükəsizlikdən səhiyyəyə qədər həyatın bütün sahələrinə nüfuz etməsidir. 

Dünyada güc anlayışının məzmunu dəyişdikcə, dövlətlərin rəqabət üstünlüklərini müəyyən edən amillər də yenilənir. Məlumat, hesablama gücü, süni intellekt texnologiyaları və rəqəmsal infrastruktur milli gücün mühüm elementlərinə çevrilir. Belə bir şəraitdə kibertəhlükəsizlik məsələsi də əvvəlki məzmunundan daha geniş anlam kəsb edir. Söhbət yalnız kompüter sistemlərinin haker hücumlarından qorunmasından getmir, eyni zamanda dövlətin rəqəmsal müstəqilliyindən, milli məlumatların qorunmasından və strateji informasiyanın kim tərəfindən idarə olunmasından gedir. Azərbaycanın qarşısında duran yeni çağırışlara məhz bu prizmadan yanaşmaq lazımdır.

Süni intellekt dövlətlər üçün geniş imkanlar açır. Böyük həcmdə məlumatların sürətli təhlili, iqtisadi proseslərin proqnozlaşdırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi, kibertəhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və istehsal proseslərinin optimallaşdırılması bu texnologiyanın üstünlüklərindən bir neçəsidir. Amma bir məsələni də unutmamalıyıq ki, imkan artdıqca risk də çoxalır. Süni intellekt kibertəhlükəsizliyin təmin edilməsində güclü vasitəyə çevrildiyi kimi, kiberhücumların daha mürəkkəb və məqsədyönlü təşkilində də istifadə olunur. Dezinformasiyanın, saxta məzmunun yaradılması, məlumatların manipulyasiyası və informasiya sistemlərinə yönəlmiş hücumlar artıq günün reallığıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasındakı çıxışında məhz bu reallığa diqqət çəkərək süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolunun artdığını və yeni imkanlarla yanaşı, yeni təhlükələr də yaratdığını vurğulamışdır. Deməli, rəqəmsal inkişafla milli təhlükəsizlik artıq bir-birindən ayrı məsələlər deyil. 

Azərbaycanın bu sahədə atdığı mühüm addımlardan biri Rəqəmsal İnkişaf Şurasının yaradılmasıdır. Şuranın qarşısında rəqəmsal inkişaf, elektron hökumət, süni intellekt və innovasiya sahələrində vahid dövlət siyasətinin formalaşdırılması, milli texnoloji potensialın gücləndirilməsi və rəqəmsal suverenliyin möhkəmləndirilməsi kimi strateji vəzifələr dayanır. Şuraya Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi də məsələnin dövlət siyasətindəki əhəmiyyətini göstərən mühüm amildir. Burada söhbət sadəcə yeni bir idarəetmə qurumunun yaradılmasından getmir. Əsas məsələ müxtəlif dövlət qurumlarının rəqəmsal transformasiya ilə bağlı fəaliyyətinin vahid strategiya ətrafında əlaqələndirilməsidir. Şuranın ilk iclasında qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını nəzərdə tutan konkret yol xəritəsinin müəyyənləşdirilməsi də bunun göstəricisidir. Bu baxımdan Rəqəmsal İnkişaf Şurasını Azərbaycanın yeni texnoloji dövrə keçidinin koordinasiya mərkəzlərindən biri kimi qiymətləndirmək mümkündür.

Məlum olduğu kimi, süni intellektin mühüm resurslarından biri məlumatdır. Məlumatsız süni intellekt modeli mövcud ola bilməz. Model nə qədər güclü olsa da, onun öyrədildiyi məlumatın keyfiyyəti, həcmi və etibarlılığı nəticənin səviyyəsini müəyyən edir. Buna görə də Azərbaycanın qarşısında yalnız xarici süni intellekt platformalarından istifadə etmək vəzifəsi dayanmır. 

Daha mühüm məsələ ölkənin öz milli məlumat ekosistemini formalaşdırmasıdır. Azərbaycan dilində böyük və keyfiyyətli məlumat bazalarının yaradılması, dövlət idarəçiliyində formalaşan məlumatların təhlükəsiz və sistemli şəkildə emalı, iqtisadiyyat, kənd təsərrüfatı, energetika, səhiyyə, təhsil, nəqliyyat və digər sahələr üzrə milli məlumat resurslarının inkişafı strateji əhəmiyyət daşıyır. Çünki gələcəyin süni intellekti Azərbaycanın reallığını  məlumatlar əsasında nə qədər yaxşı öyrənərsə, ölkənin özünəməxsus ehtiyaclarına bir o qədər dəqiq cavab verə bilər. Burada mühüm bir məqam var - milli data sadəcə texnoloji resurs deyil, milli maraqların qorunmasının bir hissəsidir.

XX əsrdə enerji resursları ölkələrin iqtisadi və geosiyasi gücündə mühüm rol oynayırdısa, XXI əsrdə məlumat və onu emal etmək imkanları strateji üstünlüyün əsas komponentlərindən birinə çevrilir. Rəqəmsal suverenlik anlayışının mahiyyəti də məhz burada üzə çıxır. Bir dövlətin əsas məlumatları harada saxlanılır? Onları hansı texnologiyalar emal edir? Kritik rəqəmsal infrastruktur hansı sistemlərdən asılıdır? Süni intellekt hansı məlumatlarla öyrədilir? Bu suallar texniki mütəxəssisləri maraqlandırmır. Bunlar dövlət təhlükəsizliyinə birbaşa aid olan məsələlərdir. 

Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində həyata keçirdiyi strategiya ölkənin müstəqil inkişaf imkanlarını necə gücləndiribsə, gələcəkdə rəqəmsal infrastrukturun, milli data resurslarının və süni intellekt imkanlarının inkişaf etdirilməsi də rəqəmsal müstəqilliyə xidmət edə bilər. Bu baxımdan ölkədə data mərkəzlərinin, yüksək hesablama imkanlarının, milli bulud infrastrukturlarının, təhlükəsiz dövlət informasiya sistemlərinin və Azərbaycan dilində süni intellekt resurslarının inkişafı strateji istiqamətlər kimi nəzərdən keçirilməlidir. 

Rəqəmsallaşma genişləndikcə dövlətin və cəmiyyətin rəqəmsal məkandan asılılığı da artır. Elektron hökumət xidmətləri, bank sistemi, enerji infrastrukturu, nəqliyyat şəbəkələri, rabitə sistemləri və digər mühüm sahələr rəqəmsal platformalarla daha sıx əlaqələnir. Bu isə kibertəhlükəsizliyi milli təhlükəsizlik siyasətinin ayrılmaz hissəsinə çevirir. Gələcəkdə kiberhücumun məqsədi yalnız məlumat oğurlamaq olmaya bilər. Kritik infrastrukturların fəaliyyətinin pozulması, informasiya sistemlərinə müdaxilə, süni intellekt modellərinin manipulyasiyası və ictimai rəyə təsir göstərilməsi kimi təhlükələr də ön plana çıxa bilər. Deməli, Azərbaycanın kibertəhlükəsizlik siyasəti də yeni texnoloji reallıqlara uyğun inkişaf etməlidir. Burada əsas prinsip sadədir - rəqəmsallaşma sürəti təhlükəsizlik tədbirlərinin sürətini qabaqlamamalıdır.

Azərbaycanın qarşısında indi daha böyük bir vəzifə dayanır - texnologiyadan istifadə edən ölkədən texnologiya istehsal edən, məlumat yaradan və öz rəqəmsal imkanlarını formalaşdıran ölkəyə çevrilmək. Bu istiqamətdə dövlət tərəfindən qarşıya qoyulan hədəflər var. Odur ki, Rəqəmsal İnkişaf Şurasının fəaliyyətində süni intellekt, kibertəhlükəsizlik, innovasiya və rəqəmsal suverenliyin bir-biri ilə əlaqəli nəzərdən keçirilməsi də təsadüfi deyil. Eyni zamanda Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarında süni intellekt və rəqəmsal infrastrukturun ayrıca istiqamət kimi önə çıxması ölkənin bu sahədə regional imkanlarını genişləndirə bilər. Azərbaycan-ABŞ strateji tərəfdaşlıq çərçivəsində də süni intellekt, data mərkəzləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik üzrə əməkdaşlığın inkişafı nəzərdə tutulub. Bütün bunlar göstərir ki, rəqəmsal transformasiya Azərbaycanın gələcəyinə dair uzunmüddətli strateji məsələlərdəndir.

Süni intellekt yarışında qalib yalnız ən çox texnologiya alan dövlət olmayacaq, öz məlumatını qoruyan, kadrlarını yetişdirən, rəqəmsal infrastrukturunu quran və milli maraqlarına uyğun texnologiyalar formalaşdıran ölkələr daha dayanıqlı mövqeyə sahib olacaqlar. Azərbaycan üçün də əsas hədəf məhz belə bir rəqəmsal ekosistemin qurulması olmalıdır. Milli data bazaları, Azərbaycan dilində süni intellekt resursları, güclü data mərkəzləri, peşəkar kadrlar, təhlükəsiz informasiya sistemləri və effektiv kibertəhlükəsizlik mexanizmləri vahid strategiyanın tərkib hissəsinə çevrilməlidir. Çünki süni intellekt əsrində milli təhlükəsizliyin sərhədləri xəritədə çəkilmir, milli təhlükəsizliyin yeni sərhədlərindən biri rəqəmsal məkandır. Bu məkanda Azərbaycanın gücü yalnız texnologiyaya sahib olmaqla deyil, öz məlumatına, rəqəmsal infrastrukturuna və strateji qərarvermə imkanlarına sahib olmaqla müəyyən ediləcək. Rəqəmsal suverenlik də məhz budur.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qədim "Şah Abbas" məscidi yeni görkəmdə

09:30
01 Sentyabr

Yarım əsrdən çox Azərbaycan dilinin keşiyində 

09:20
01 Sentyabr

"Könlü balıq istəyənin..."

09:20
01 Sentyabr

Cari ilin 6 ayında xarici ticarətdə 9,3 milyard dollarlıqdan çox müsbət saldo yaranıb

09:20
01 Sentyabr

Sahibkarları hansı güzəştlər gözləyir?

09:20
01 Sentyabr

Azərbaycan Çinin "ağıllı kənd təsərrüfatı"na maraq göstərir

09:10
01 Sentyabr

Rəqəmsal gələcəyin əsas qüvvəsi - insan

09:00
01 Sentyabr

Süni intellekt əsrində Azərbaycanın rəqəmsal suverenliyi

08:50
01 Sentyabr

Revanşist ssenarilər artıq keçmişdə qalıb

08:40
01 Sentyabr

Mənasız missiyanın sonu

08:30
01 Sentyabr

İkinci Dünya müharibəsi - bəşəriyyətin ağır sınağı

08:20
01 Sentyabr

Naməlum talelilərin günü

08:10
01 Sentyabr

Azərbaycan-Özbəkistan strateji əməkdaşlığı sürətli yüksəliş yolundadır 

08:00
01 Sentyabr

Kia "Qızıl Açar" stimullaşdırıcı lotereyasının nəticələrini açıqlayıb

02:42
01 Sentyabr

Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü Gürcüstan mediasında

23:40
31 Avqust

Milli Məclisin sədri Uqandanın Vitse-prezidenti ilə görüşüb  

23:35
31 Avqust

Macarıstanın NATO-nun şərq cinahında "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəklədiyi açıqlanıb  

23:31
31 Avqust

Milli Məclisin sədri Mozambikin Baş naziri ilə görüşüb  

22:38
31 Avqust

Avropada 17 ölkənin sərhəd və polis orqanlarının birgə əməliyyatı nəticəsində 112 nəfər saxlanılıb  

21:54
31 Avqust

Azərbaycanın coğrafi üstünlüyü ŞƏT məkanında yeni imkanlar yaradır 

21:14
31 Avqust

Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir 

21:11
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!