Azərbaycanda balıqçılıq artıq yeni qanunla tənzimlənir
Azərbaycanda balıqçılıq sahəsinin hüquqi tənzimlənməsi baxımından yeni mərhələsi başlayır. Balıq və digər su bioresurslarının qorunması, səmərəli istifadəsi, artırılması, akvakulturanın inkişaf etdirilməsi və balıqçılıq fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı "Balıqçılıq haqqında" qanun bu sahədə fəaliyyətin daha aydın qaydalar əsasında qurulmasına imkan yaradır.
Sənəddə akvakultura, balıq ovu, balıqartırma, balıqyetişdirmə, balıqmühafizə, balıqçılıq infrastrukturu, vətəgə sahələri və balıqçı gəmiləri ilə bağlı məsələlərə geniş yer verilir. Başqa sözlə, balıqçılıq sudan balıq çıxarmaqla yanaşı, həm də onu qorumaq, emal etmək və insanlara çatdırmaqdan ibarət bütöv bir sahə kimi nəzərdən keçirilir.
Qanunun əhatə dairəsi bununla da bitmir. "Balıq və digər su bioresursları" dedikdə balıqlarla yanaşı, kürüsü, digər su heyvanları və bitkiləri, eləcə də onların çoxalması ilə bağlı canlılar nəzərdə tutulur. Belə yanaşma su hövzələrini öz daxilində zəngin və bir-biri ilə bağlı canlı aləmi yaşadan təbii bir sistem kimi qəbul etməyə imkan verir.
Sözügedən sənəddə sənaye, idman və həvəskar ovla yanaşı, elmi-tədqiqat, təhsil, maarifləndirmə, akvakultura, nəzarət və iqlimləşdirilmə məqsədləri üçün də ov nəzərdə tutulur. Təbii ki, bu fəaliyyət müəyyən olunmuş qaydalara və ov üçün nəzərdə tutulan kvotalara uyğun aparılmalıdır. Məqsəd sudakı həyatın tarazlığını pozmadan, ondan səmərəli istifadə etməkdir.
Qanunun mühüm istiqamətlərindən biri də mövcud ehtiyatların qorunması və gələcək üçün artırılmasıdır. Su obyektlərinin meliorasiyası ilə bağlı müddəalar bunun göstəricisidir. Yəni qanun yalnız bu günün ovunu deyil, sabahın balıq ehtiyatını da düşünür. Suyun təmizliyi, balığın yaşadığı mühit və onun çoxalması üçün əlverişli şərait bir-birini tamamlayır. Biri zəiflədikdə digəri də öz təsirini itirir.
Balıqçılıq haqqında qanunun 2-ci maddəsi bu sahənin hansı hüquqi dayaqlar üzərində qurulduğunu göstərir. Burada Konstitusiya və beynəlxalq müqavilələrlə yanaşı, Su Məcəlləsi, "Qida təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında", "Baytarlıq haqqında" və digər qanunlara da istinad edilir. Və bu da balıqçılığın təkbaşına mövcud olan bir sahə olmadığına dəlalət edir. Su, təbiət, heyvanlar aləmi, ərzaq təhlükəsizliyi və ətraf mühit bir-birinə bağlı halqalar kimi bu sistemin tərkib hissəsidir. Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsində bu sadalananlara xüsusi yanaşma var. Burada milli qanunvericiliklə yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr və beynəlxalq hüquq normaları da nəzərə alınır. Çünki Xəzər yalnız bir ölkənin deyil, ortaq coğrafiyanın və ortaq təbii sərvətlərin bir hissəsidir.
Bütün bunların fonunda yeni qanunun əsas mesajını sadə şəkildə belə ifadə etmək olar: suların sərvətindən istifadə edərkən onun həyatını qorumaq lazımdır. Su hövzələri sabaha canlı ötürülməlidir. Balıqçılığın gələcəyini ovlanan balığın miqdarı ilə ölçmək doğru olmaz. Qanun balıqçılıq sahəsinin sərhədlərini daha geniş müəyyənləşdirir. Burada söhbət suda yaşayan canlı aləmin bütövlükdə qorunmasından, artırılmasından və ondan düzgün istifadə edilməsindən gedir. Yəni qanun balığın tutulmasından əvvəl onun yaşadığı mühitin qorunmasını ön plana çəkir. Balıq ehtiyatlarının artırılması, yetişdirilməsi, su hövzələrinin yaxşı vəziyyətdə saxlanılması və nadir növlərin mühafizəsi bu yanaşmanın əsas hissəsidir.
Burada akvakulturaya da geniş yer verilir. Yəni balığın xüsusi təsərrüfatlarda yetişdirilməsi, çoxaldılması və sonradan su hövzələrinə buraxılması artıq balıqçılığın mühüm istiqamətlərindən biri kimi qəbul edilir. Başqa sözlə, məqsəd təkcə təbiətdən götürmək deyil, həm də təbiətə qaytarmaq və onun ehtiyatlarını artırmaqdır.
Balıq ovu da müəyyən qaydalar çərçivəsində həyata keçirilməlidir. Kim, harada, hansı məqsədlə və nə qədər balıq ovlaya bilər? Sualın cavabı qanunla müəyyən edilmiş qaydalarda və kvotalardadır. Bu cür tənzimləmə su bioresurslarının nəzarətsiz şəkildə azalmasının qarşısını almağa xidmət edir. Çünki su hövzələrindəki balıq ehtiyatları sonsuz deyil. Həddindən artıq və nəzarətsiz ov balıqların sayının azalmasına, bəzi növlərin isə təhlükə qarşısında qalmasına səbəb ola bilər. Buna görə də ovun həcminin müəyyənləşdirilməsi, ov alətlərindən düzgün istifadə edilməsi və müəyyən edilmiş qaydalara əməl olunması vacibdir.
Balıqçılıq insanın ehtiyacını ödəməklə yanaşı, həm də təbiətin özünü bərpa etmək imkanını saxlamalıdır. Bu gün tutulan balığın miqdarı sabah su hövzəsində balığın olub-olmaması hesabına müəyyən edilməməlidir. Balıqçılığın davamlı olması üçün ovla mühafizə arasında sağlam tarazlıq qorunmalıdır. Qanunun maddələrindən birində deyilir: "Balıq ovu üçün kvota - balıq və digər su bioresurslarının ovuna yol verilən maksimum həcm". "Kvota" sözünü sadəcə ovun məhdudlaşdırılması kimi anlamayaq. O, balıq ehtiyatlarının qorunması və gələcəkdə də balıqçılığın mümkün olması üçün qoyulan bir həddir.
Qanun həmçinin balıqçılığın iqtisadi tərəfini də əhatə edir. Balıqçı gəmiləri, vətəgə sahələri, balıqçılıq infrastrukturu, balıq məhsullarının emalı və dövriyyəsi bu sahənin ayrılmaz hissəsi kimi nəzərdə tutulur.
Əslində, qanunun arxasında sadə bir fikir dayanır: sudan bu gün istifadə edərkən sabahı da düşünmək lazımdır. Çünki çaylar, göllər və Xəzər bu günün və gələcək nəsillərin sərvətidir. Ona görə də balıqçılığın gələcəyi balığın yaşaya biləcəyi sağlam su mühitini qorumaqdan keçir. Yeni qanunun əsas ruhu da məhz budur: istifadə ilə mühafizə arasında tarazlıq yaratmaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"