Yaxın Şərqdəki son proseslər fonunda Avropada təbii qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyəyə qalxıb.
AZƏRTAC xəbər verir ki, Niderlandın TTF habında qazın oktyabr üzrə fyuçersləri meqavat-saat üçün 4,4 faiz artaraq 69,9 avro olub. Bu, 2023-cü ilin yanvar ayından bəri ən yüksək səviyyədir.
“Gas Infrastructure Europe”nın (GIE) məlumatlarına görə, Avropada təbii qaz anbarlarının doluluq nisbəti hazırda 64,7 faizdir. Bu göstərici tarixi orta səviyyədən də aşağıdır.
Ekspertlərin fikrincə, Avropada “mavi yanacağın” qiyməti Yaxın Şərqdə yenidən başlayan döyüşlərin Körfəzdən mayeləşdirilmiş təbii qaz (LNG) ixracında daha çox pozuntulara səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda yüksəlir. “Köhnə qitədə” ilin bu vaxtı üçün anbarların doluluq nisbətinin tarixi orta səviyyədən aşağı olması isə qışdan əvvəl ehtiyatların artırılması ilə bağlı narahatlıqlar yaradır. Lakin sentyabrın əvvəli üçün qitədə proqnozlaşdırılan daha mülayim hava temperaturu tələbatla bağlı gözləntiləri məhdudlaşdırsa da, anbarların doluluq nisbətinin aşağı qalması, Körfəzdən LNG tədarükü ilə bağlı qeyri-müəyyənliklər və Hörmüz boğazı üçün risklər qazın qiymətinə yuxarı istiqamətli təzyiq göstərir.
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdəki münaqişə Körfəz bölgəsindən LNG ixracına, xüsusən də Qətər kimi böyük istehsalçılardan gələn daşınmalara mənfi təsir göstərir və qlobal təchizat perspektivi ilə bağlı narahatlıqlar yaradır. Körfəzdən LNG ixracı uzun müddət pozularsa, Avropa LNG üçün Asiyadakı alıcılarla daha çox rəqabət aparmalı ola bilər. Körfəzdən LNG ixracının uzunmüddətli kəsilməsi qarşıdakı dövrdə təbii qaz qiymətlərinə daha çox yuxarı istiqamətli təzyiq göstərəcək, çünki belə olan halda Avropa Asiya alıcıları ilə daha intensiv rəqabət aparmalı ola bilər.
“Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, Avropanın tarixən aşağı təbii qaz saxlama səviyyələri 2026/2027-ci illərin qış fəslində təchizat təhlükəsizliyini riskə atır.