Çinin 3 böyük aviaşirkəti ilin ilk yarısını ağır itkilərlə başa vurub. “Air China”, “China Eastern Airlines” və “China Southern Airlines”ın ümumi zərəri 8,17 milyard yuana çatıb. Şirkətlərin qazancını iki amil ciddi şəkildə sıxıb: daxili reyslərdə ucuz biletlər və Yaxın Şərqdəki münaqişələr fonunda bahalaşan aviasiya yanacağı.
“The Wall Street Journal”ın məlumatına görə, ən acınacaqlı mənzərə “China Southern Airlines”dadır. Şirkətin zərəri ötən ilin eyni dövründəki 1,53 milyard yuandan 3,7 milyard yuana yüksəlib. “Air China”nın zərəri 2,29 milyard, “China Eastern Airlines”ın isə 2,18 milyard yuan olub. Halbuki ilin ilk rübündə tablo tamam başqa idi. Artan tələbat, xüsusilə beynəlxalq reyslərə marağın yüksəlməsi 3 şirkətə birlikdə 4,82 milyard yuan mənfəət qazandırmışdı. Lakin ikinci rübdə külək əks istiqamətə əsib.
Yanacaq xərclərinin 35-38 faiz artması da vəziyyəti daha da ağırlaşdırıb. “China Eastern” beynəlxalq reyslərdəki fasilələrin və yüksək yanacaq qiymətlərinin sektorun gəlirliliyini ciddi şəkildə zəiflətdiyini bildirib. Sərnişin axını isə hələlik ümid işığıdır. Yanvar-iyun aylarında Çində sərnişin daşımalarının həcmi 1 faiz artaraq 380 milyona çatıb.
Amma investorlar bu rəqəmlərə o qədər də sevinməyib. Bazar ertəsi “Air China” səhmləri 1,7 faiz, “China Eastern Airlines” 2 faiz, “China Southern Airlines” isə 1 faiz ucuzlaşıb. İlin əvvəlindən isə şirkətlərin bazar kapitallaşması müvafiq olaraq 38 faiz, 42 faiz və 37,5 faiz azalıb.
Qısası, sərnişinlər çoxalıb, gəlirlər artıb, amma yanacaq və ucuz biletlər aviaşirkətlərin qazancının qanadını qırıb.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”