31 Avqust 2026 14:54
226
SİYASƏT
A- A+
Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 

Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 


Bu nüfuzlu təşkilatla sıx əməkdaşlıq ölkəmizin aparıcı mövqeyini göstərməklə yanaşı, Avrasiya məkanında inteqrasiyaya böyük töhfə verir  


Dünya köklü dəyişiklik mərhələsini yaşayır. Belə mürəkkəb şəraitdə hər bir dövlətin beynəlxalq aləmdə tutduğu mövqe həmin ölkənin həyata keçirdiyi xarici siyasətin çevikliyindən və uzaqgörənliyindən bilavasitə asılıdır. Azərbaycan qlobal nizamın yenidən formalaşdığı həssas dönəmdə müstəqil siyasət yürüdərək öz mövqelərini daha da möhkəmləndirir, beynəlxalq müstəvidə uğurlu diplomatiya yürüdür. 

Dövlətimizin başçısı İlham Əliyevin yüksək nüfuzu, siyasi iradəsi və qətiyyətli addımları ölkəmizin bu proseslərdə daha fəal rol almasını təmin edir. Məhz bu məqsədyönlü liderlik sayəsində Azərbaycan müasir dövrün tələblərinə cavab verərək beynəlxalq miqyasda nüfuzlu “orta güc”ə çevrilib. 

Ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, dayanıqlı sülh prosesini başlatması sadəcə Cənubi Qafqaz regionu üçün deyil, daha geniş coğrafiya üçün tamamilə yeni imkanlar və əməkdaşlıq üfüqləri açıb. Bölgədə sülh və sabitliyin təmin olunması Azərbaycanın xarici siyasət coğrafiyasını daha da genişləndirməsinə təkan verib. Son zamanlar ölkəmizin Avropa, Asiya və Afrika dövlətləri ilə münasibətləri dinamik inkişaf etməkdədir. Azərbaycan bu regionların ölkələri ilə həm ikitərəfli formatda, həm də çoxşaxəli platformalarda qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrini dərinləşdirir. Çoxqütblü dünya nizamının tərəfdarı olan, qlobal təşəbbüslərdə aktiv rol alan Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyətini getdikcə gücləndirir. 

Bu gün Azərbaycan qlobal gündəliyin formalaşdığı, vacib qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilib. Ölkəmizin 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi bu sahədə qazanılmış ən böyük diplomatik uğurlardan biridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz də Azərbaycanın qlobal problemlərin həllindəki liderliyini nümayiş etdirir. Eyni zamanda 13-cü Ümumdünya Şəhərsalma Forumuna evsahibliyi etməyimiz və D-8 təşkilatına üzvlüyümüz ölkəmizin artan beynəlxalq çəkisinin göstəricisidir. Ötən ilin iyul ayına İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə təşkil olunmuş Zirvə toplantısı da xüsusi rəmzi və siyasi məna daşıyır. Bununla yanaşı, Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə 2024-2026-cı illər üzrə uğurla sədrlik edir. Bu sədrlik çərçivəsində 2026-cı ildə ölkəmizdə AQEM Zirvə toplantısının təşkili planlaşdırılır. Bütün bu tədbirlər və qlobal təşəbbüslər Azərbaycanın beynəlxalq miqyasda önəmli tərəfdaş kimi qəbul edildiyinin nümunəsidir. 

Azərbaycanın fəal əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. 2001-ci il iyunun 15-də Şanxay şəhərində təməli qoyulan ŞƏT ilk vaxtlar Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan ibarət idi. Zaman keçdikcə qurum böyüdü, 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus təşkilata tamhüquqlu üzv oldu. Təşkilatın hüquqi bazasını 25-dən çox müqavilə və sənəd təşkil edir. Bu fakt qurumun fəaliyyətinin geniş sahələri əhatə edən böyük bir əməkdaşlıq sisteminə çevrildiyini göstərir. Burada terrorçuluq, separatçılıq, radikallıq, narkotik və silah alveri, mütəşəkkil cinayətkarlıqla mübarizə ilə yanaşı, ticarət, sərmayə qoyuluşu, yol-nəqliyyat infrastrukturu, tranzit daşımaları və enerji sistemlərinin inkişafı da əsas prioritetlər sırasındadır. 

2025-ci ilin sentyabrından etibarən ŞƏT-ə Qırğızıstan sədrlik edir. Təşkilatın 2026-cı il Zirvə toplantısı Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev də Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfər edib. 

Yaradılmasının 25 illiyini qeyd edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) hazırda 10 tamhüquqlu üzvü özündə birləşdirir. Təşkilatın əhatə etdiyi ərazi təxminən 36 milyon kvadratkilometr, bu ölkələrdə yaşayan əhalinin sayı isə 3,4 milyard nəfərdən çoxdur. Dünya Bankının 2025-ci il üzrə göstəricilərinə görə, ŞƏT-in 10 üzvünün ümumi iqtisadi həcmi təxminən 27,4 trilyon dollara çatır ki, bu da ümumi dünya iqtisadiyyatının dörddə birinə yaxındır. ŞƏT bir tərəfdən böyük əhali və alıcılıq qabiliyyətinə malik bazarları, digər tərəfdən zəngin neft-qaz və xammal ehtiyatları olan ölkələri, eyni zamanda Avrasiya materikinin əsas quru tranzit yollarını bir araya gətirir. Bu üstünlüklər təşkilatın iqtisadi və coğrafi-siyasi çəkisini daha da artırır. 

ŞƏT-in 2035-ci ilə qədər olan İnkişaf Strategiyası qurumun gələcək yol xəritəsini müəyyən edir. Sənəddə təhlükəsizliklə bərabər ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası, elm, texnologiya, səhiyyə, ətraf mühitin qorunması və təhsil sahələrində əlaqələrin dərinləşdirilməsi əsas məqsəd kimi göstərilir. 

Azərbaycan bu geniş coğrafiya ilə təkcə təkbətək əlaqələr saxlamır, həm də təşkilat səviyyəsində əməkdaşlıq edir ki, bu da ölkəmizə ŞƏT-in siyasi, iqtisadi, tranzit, energetika, təhlükəsizlik və mədəniyyət sahələrindəki fəaliyyətinə yaxından qoşulmaq imkanı yaradır. Ölkəmiz üçün bu məkan həm mövcud ticarəti böyütmək, həm də logistika, investisiya və sənaye imkanlarını artırmaq baxımından çox önəmlidir. Azərbaycanın gücü həmin böyük bazarları Avropa ilə birləşdirən etibarlı mərkəz rolu oynamağındadır. 

Enerji resurslarına malik olmaq qədər, onları təhlükəsiz, fasiləsiz və müxtəlif yollarla ehtiyacı olan ölkələrə çatdırmaq da həyati əhəmiyyət daşıyır. Azərbaycanın əsas üstünlüyü də məhz burada ortaya çıxır. Təxminən 3500 kilometrlik “Cənub qaz dəhlizi” Azərbaycan qazını Gürcüstan və Türkiyədən keçirməklə Avropaya çatdırır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə bu marşrutla 12,5 milyard kubmetr təbii qaz göndərib. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi iri layihələr ölkəmizin müxtəlif regionları birləşdirmək gücünün təzahürüdür. Hazırda üzərində işlənilən Zəngəzur dəhlizi (TRIPP) bu imkanları bir qədər də artıracaq.

Eyni vəziyyət nəqliyyat sektorunda da müşahidə olunur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT-in üzv dövlətləri arasında əməkdaşlığın əsas sahələrindən birini təşkil edir. Çin və Mərkəzi Asiyanın istehsal mərkəzləri, Rusiya, İran və Hindistan istiqamətləri, Xəzər dənizi və Qərb bazarları arasında əlaqələrin sıxlaşması yeni logistika yollarını tələb edir. Azərbaycan bu xəritədə xüsusi mövqeyə malikdir. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi müxtəlif istiqamətlərə rahat çıxış yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələdə illik 15 milyon ton yük daşıma gücünə malik olması, gələcəkdə bu göstəricinin 25 milyon tona yüksəldilməsinin planlaşdırılması Azərbaycanın regiondakı tranzit mövqeyini daha da gücləndirəcək.

Azərbaycan ilə ŞƏT arasındakı siyasi əlaqələr də nəzərəçarpan dərəcədə intensivləşib. Bu prosesdə Çin ilə münasibətlər xüsusi rol oynayır. 2024-cü il iyulun 3-də Astanada Azərbaycan və Çin arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də Çin tərəfi Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığını dəstəklədiyini və ölkəmizin təşkilatdakı rəsmi statusunun artırılmasına tərəfdar olduğunu bildirib. Çinin təşkilatda aparıcı ölkələrdən biri olması və Azərbaycanla strateji əlaqələrini dərinləşdirməsi yeni imkanlar açır. Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyması ŞƏT çərçivəsindəki əməkdaşlığın iqtisadi yükünü də artırır. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini fəal dəstəkləməsi, Çində “Azərbaycan Ticarət Evi”nin açılması, ticarət, investisiya və logistika sahələrindəki irəliləyişlər iki ölkə arasındakı bağları daha da möhkəmləndirir.

Ölkəmizin ŞƏT ilə siyasi təmaslarının artması Prezident İlham Əliyevin təşkilatın yüksək səviyyəli toplantılarında iştirakı ilə də təsdiqlənir. Dövlətimizin başçısı İlham Əliyev 2022-ci ildə ŞƏT-in Özbəkistanda fəxri qonaq qismində, 2024-cü ildə Qazaxıstanda və 2025-ci ildə Çində keçirilən sammitlərində iştirak və çıxışlar edib. Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tiencində keçirilən “ŞƏT plyus” formatındakı görüşdə iştirakı bu baxımdan xüsusi önəm kəsb edib. 

Hazırda Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq istiqamətində fəaliyyət uğurla davam etdirilir. Humanitar əlaqələr də münasibətlərin vacib hissəsidir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, mədəniyyətlərarası dialoq və multikulturalizm sahəsindəki əməkdaşlıq bu tərəfdaşlığın iqtisadi və siyasi maraqlarla yanaşı, xalqlararası yaxınlaşmaya da söykəndiyinə dəlalət edir.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə getdikcə dərinləşən strateji tərəfdaşlığı ölkəmizin geoiqtisadi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, Avrasiya məkanında dayanıqlı sülh və inteqrasiyaya mühüm töhfə verir. Şərqlə Qərbi birləşdirən Azərbaycan bu çoxtərəfli platforma çərçivəsində qlobal miqyasda nüfuzunu daha da artırır.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prime Leasing” Zaqatalaya gəldi

16:43
31 Avqust

Çinin Baş prokuroru Milli Məclisdə olub

16:18
31 Avqust

“Çingiz Aytmatov və Azərbaycan” ensiklopedik cildi hazırlanır 

16:16
31 Avqust

Qlobal təbii qaz tələbatı rekord göstəriciyə çatıb 

16:14
31 Avqust

Keniya nümayəndələri Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübəni öyrənirlər

16:12
31 Avqust

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasında həmrəyliyin mühüm dayağıdır 

16:10
31 Avqust

Azərbaycan–Qırğızıstan əməkdaşlığı: ortaq mənəvi dəyərlərdən akademik tərəfdaşlığa  

16:07
31 Avqust

Qarabağın rəsmi toponimləri beynəlxalq rəqəmsal xəritədə yenilənib

16:05
31 Avqust

TANAP rəqəmsal əkiz texnologiyasının mövcud tətbiqlərindən biridir - HESABAT

16:03
31 Avqust

ŞƏT ilə genişlənən tərəfdaşlıq Azərbaycanın strateji xarici siyasət prioritetlərindən biridir 

16:00
31 Avqust

ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib

15:23
31 Avqust

İslandiya Aİ-yə üzvlük məsələsinə son qoydu

15:20
31 Avqust

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilir YENİLƏNƏCƏK 

15:19
31 Avqust

İt dişləməsi nəticəsində burun toxumasını itirən pasiyent üzərində əməliyyat uğurla icra olunub

15:17
31 Avqust

Naxçıvan şəhərində yaşayış binasında yanğın olub

15:15
31 Avqust

Avropada qazın qiyməti 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

15:13
31 Avqust

İstanbulda Məkkə Sazişinə dair mühüm toplantı

15:10
31 Avqust

Azərbaycan-ŞƏT əlaqələri geniş müstəvidə əməkdaşlığa təkan verir

15:02
31 Avqust

Şərq-Qərb yolunun Azərbaycan qovşağı

14:57
31 Avqust

Azərbaycan-ŞƏT tərəfdaşlığının strateji perspektivləri 

14:54
31 Avqust

Çinin avia nəhəngləri ağır zərbə aldı: milyardlarla yuan havaya sovruldu

14:42
31 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!