Dünyada texnoloji transformasiya artıq günün əsas reallığıdır. Xüsusilə süni intellekt həllərinin sürətli inkişafı dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən səhiyyəyə qədər bütün sahələrdə yeni imkanlar formalaşdırır. Məhz bu səbəbdən bir çox ölkələr süni intellekt üzrə milli strategiyalarını qəbul edərək qlobal rəqabətdə üstün mövqe əldə etməyə çalışırlar.
Azərbaycan da bu qlobal prosesin önündə irəliləyən dövlətlərdəndir. Xatırladaq ki, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə ölkəmizdə "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiq edilib. Dövlət başçısının "Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 27 fevral 2026-cı il tarixli sərəncamı əsasında isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın təşkilində məqsəd ölkəmizdə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsindən ibarətdir.
Şuraya sədrliyin son onilliklərdə bir çox mühüm layihələrə rəhbərliyi ilə böyük uğurlara imza atmış Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması bu istiqamətin ölkəmiz üçün nə qədər mühüm əhəmiyyət daşıdığını göstərir.
Əsas strateji hədəflər
Bu gün Azərbaycan hökuməti qarşısında duran əsas strareji hədəflərdən biri ölkəmizdə süni intellekt ekosisteminin formalaşdırılması, rəqəmsal transformasiyanın sürətləndirilməsi və innovativ iqtisadiyyatın inkişaf etdirilməsidir. Bu istiqamətdə atılan ardıcıl addımlar Azərbaycanın gələcək iqtisadi modelini müəyyən edən strateji prosesdir.
Son illər süni intellekt texnologiyalarının tətbiqi dünya iqtisadiyyatında ciddi dəyişikliklər yaradıb. Beynəlxalq araşdırmalara görə, 2030-cu ilə qədər süni intellekt qlobal ÜDM-ə əlavə 15,7 trilyon dollar töhfə verə bilər. Bu texnologiyalar biznes proseslərinin avtomatlaşdırılması, məhsuldarlığın artırılması və yeni xidmət modellərinin yaradılması baxımından mühüm üstünlüklər təqdim edir. Kanada, ABŞ, Çin, Yaponiya və Avropa İttifaqı kimi aparıcı güclərin süni intellekt strategiyalarına böyük investisiyalar ayırması da məhz bu reallıqdan qaynaqlanır.
Azərbaycan üçün süni intellekt texnoloji yenilikdən daha çox, milli rəqabət qabiliyyətinin artırılması vasitəsidir. Strategiyada dövlət idarəçiliyi, iqtisadiyyat, sosial sahə, müdafiə, təhlükəsizlik və təhsil kimi istiqamətlərdə süni intellektin tətbiqi prioritet kimi müəyyən edilir. Xüsusilə dövlət xidmətlərinin daha operativ və şəffaf göstərilməsi, qərarvermə proseslərinin optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması baxımından bu texnologiyalar böyük imkanlar yaradır.
Bu sahədə həyata keçirilən ardıcıl fəaliyyətin ən mühüm istiqamətlərindən biri yüksəksəviyyəli hesablama infrastrukturunun qurulmasıdır. Məlumdur ki, süni intellektin effektiv işləməsi üçün böyük həcmdə məlumatların emalı və güclü hesablama resursları tələb olunur. Bu baxımdan "Hökumət buludu" infrastrukturu və ölkədə fəaliyyət göstərən müvafiq səviyyəli Data mərkəzi mühüm baza rolunu oynayır. Data mərkəzində və "bulud" texnologiyasına əsaslanan "bulud" xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və aparılması, elektron xidmətlərinin təşkili üçün texnoloji mühit təmin etməlidir. Fərman əsasında "Hökumət bulud" konsepsiyası təsdiq edilib. Bununla yanaşı, gələcəkdə beynəlxalq bulud xidmətləri provayderlərinin Azərbaycanda fəaliyyət göstərməsi istiqamətində də müəyyən addımlar atılır.
Azərbaycan dilində düşünüb danışan süni intellekt
Azərbaycan dilində süni intellekt həllərinin hazırlanmasına xüsusi diqqət ayrılması da diqqətçəkən məqamlardandır. Milli dil bazasında işləyən texnologiyaların inkişafı rəqəmsal suverenlik və milli informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Açıq mənbəli süni intellekt kitabxanalarının yaradılması, məlumat bazalarının genişləndirilməsi və "Açıq məlumatlar" portalının inkişafı bu sahədə yeni imkanlar formalaşdıracaq.
Süni intellektin inkişafında əsas məsələlərdən biri insan kapitalıdır. Azərbaycanın Süni intellekt strategiyasında ali təhsil müəssisələrində yeni tədris proqramlarının yaradılması, data elmi və maşın öyrənməsi üzrə mütəxəssislərin hazırlanması, elmi tədqiqatların stimullaşdırılması nəzərdə tutulur. Bu, xüsusilə vacibdir, çünki qlobal əmək bazarında süni intellekt üzrə peşəkar kadrlara tələbat sürətlə artır. Dünya təcrübəsi göstərir ki, texnologiyanın inkişafında əsas üstünlük yalnız maliyyə resursları deyil, həm də yüksəkixtisaslı insan kapitalıdır.
Azərbaycan dövləti süni intellekt texnologiyalarını inkişaf etdirməklə yanaşı, süni intellektin yaratdığı riskləri də nəzərə alır. Dipfeyk (süni intellect vasitəsi ilə saxta şəkillər, səslər və videolar yaratmaq üçün istifadə edilən proses) texnologiyaları, dezinformasiya kampaniyaları, kibertəhlükələr və fərdi məlumatların təhlükəsizliyi müasir dövrün əsas çağırışları sırasında yer alır. Ona görə də süni intellektin etik prinsiplər çərçivəsində və məsuliyyətli tətbiqi xüsusi əhəmiyyət daşıyır. Dövlət məlumatların məxfiliyinin qorunmasına, şəffaf qərarvermə mexanizmlərinin yaradılmasına və hüquqi tənzimləmənin formalaşdırılmasına əsas prioritetlərdən biri kimi yanaşır.
Eyni zamanda yaxın illərdə ölkəmizdə dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi, startap ekosisteminin inkişaf etdirilməsi və innovativ sahibkarlığın təşviqi də əsas hədəflər sırasındadır. Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə vergi güzəştləri və maliyyə dəstəyi mexanizmlərinin tətbiqi nəzərdə tutulur ki, bu da yeni texnoloji bizneslərin yaranmasına təkan verəcək.
Strateji sərvət - data
Bu istiqamətdə görülən işlər ölkəmizin beynəlxalq rəqabət qabiliyyətinin artırılması, rəqəmsal iqtisadiyyatın inkişafı və innovasiya mühitinin gücləndirilməsi baxımından mühüm mərhələ ola bilər. Bütün bunlar göstərir ki, süni intellekt artıq bu günün inkişaf modelidir. Azərbaycan üçün əsas məsələ texnoloji transformasiyada passiv müşahidəçi deyil, aktiv iştirakçı olmaqdır. Hazırda dövlətimizin süni intellekt sahəsində gördüyü işlər məhz bu məqsədə xidmət edir.
Uzun illər boyu dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi neft hesab olunurdu. Dövlətlərin gücü, şirkətlərin təsiri və qlobal siyasətin istiqaməti böyük ölçüdə enerji resursları ilə müəyyən edilirdi. Bu gün isə beynəlxalq ekspertlər getdikcə daha çox bir fikri səsləndirirlər: XXI əsrin əsas strateji resursu artıq neft yox, datadır. Bu fikir təsadüfən yaranmayıb. Çünki müasir dünyada iqtisadiyyatın, texnologiyanın, siyasətin və hətta təhlükəsizliyin əsasını məlumatlar təşkil edir. İnsanların internetdə davranışı, maliyyə əməliyyatları, sosial şəbəkələrdə fəaliyyəti, tibbi göstəriciləri, nəqliyyat axını, istehsal prosesləri - bütün bunlar milyardlarla məlumat vahidi yaradır. Süni intellektin sürətli inkişafı isə datanı, sadəcə, məlumat toplusundan çıxararaq strateji sərvətə çevirib.
Neft sənaye inqilabının əsas resursu idisə, data rəqəmsal inqilabın əsas yanacağıdır. Necə ki, ötən əsrdə neftə sahib olan dövlətlər qlobal iqtisadi və siyasi üstünlüklər əldə edirdilər, bu gün böyük data bazalarına və onları emal etmək imkanlarına malik ölkələr texnoloji liderliyə yüksəlirlər. Dünyanın ən böyük şirkətlərinə nəzər saldıqda bunu aydın görmək mümkündür. Bir zamanlar enerji nəhəngləri dünya bazarlarına hökm edirdisə, indi texnologiya şirkətləri - məlumatı toplayan, analiz edən və ondan iqtisadi dəyər yaradan platformalar qlobal iqtisadiyyatın əsas aktorlarına çevriliblər. Bu mənada, rəqəmsal məlumatlar, müasir dünya iqtisadiyyatı üçün yeni "xammal" rolunu oynayır. Lakin neftdən fərqli olaraq, məlumat tükənən resurs deyil. Əksinə, istifadə olunduqca artır və daha böyük iqtisadi dəyər yaradır. Məsələn, süni intellekt sistemləri nə qədər çox məlumatla işləyirsə, bir o qədər "ağıllı" və effektiv olur. Bu səbəbdən məlumat toplamaq və onu düzgün analiz etmək artıq dövlətlərin milli təhlükəsizlik məsələsinə çevrilib.
Azərbaycan üçün də data iqtisadiyyatına keçid strateji əhəmiyyət daşıyır. Neft və qaz resursları ölkənin iqtisadi inkişafında mühüm rol oynasa da, gələcəyin rəqabəti rəqəmsal texnologiyalar üzərində qurulacaq. Süni intellekt, bulud texnologiyaları, açıq məlumat bazaları və rəqəmsal dövlət xidmətləri bu keçidin əsas elementləridir. Bu gün ölkəmizdə süni intellekt sahəsində görülən işlər məhz yeni rəqəmsal iqtisadi modelə keçidin göstəriciləridir.
Ən vacib məsələlərdən biri isə məlumatı yalnız toplamaq deyil, onu dəyərə çevirmək bacarığıdır. XXI əsrin əsas üstünlüyü təbii sərvətlərin həcmi ilə deyil, məlumatı idarə və analiz etmək, onu texnologiyaya çevirmək qabiliyyəti ilə ölçüləcək. Bu mənada insan kapitalı, təhsil və texnoloji innovasiyalar hər zamankından daha vacib olacaq.
Dünya sürətlə dəyişir və yeni dövrün əsas sərvəti artıq serverlərdə, məlumat mərkəzlərində və rəqəmsal platformalarda formalaşır. Bu reallıq uzun illər ərzində neft-qaz ölkəsi kimi tanınmış Azərbaycan üçün də yeni imkanlar, misilsiz fürsətlər formalaşdırır. Ölkəmiz üçün bununla yeni bir inkişaf erası başlanır.
İradə ƏLİYEVA,
"Azərbaycan"