14 May 2026 08:20
262
CƏMİYYƏT
A- A+
Gələcəyin qurucusu

Gələcəyin qurucusu


Heydər Əliyevin şəhərsalma irsi bugünkü memarlar üçün nümunə və məktəbdir


Hər bir xalqın mədəniyyəti həm də onun yaratdığı memarlıq nümunələrində yaşayır. Bu baxımdan Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev şəxsiyyəti, sadəcə, bir siyasi lider kimi deyil, eyni zamanda milli memarlıq simasının yaradıcısı kimi çıxış edir. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın şəhər infrastrukturunun inkişafı, memarlıq irsinin qorunması və müasir urbanizasiya prinsiplərinin tətbiqi istiqamətində mühüm addımlar atılıb. Bu illər memarlığımızın intibah dövrü hesab olunur. Həmin dövr sovetlərin tipik, ruhsuz binalarından uzaqlaşaraq milli ornamentlərin, klassik Şərq elementlərinin və müasir konstruktivizmin vəhdətini təşkil edən bir mərhələ idi.


Milli üslubun dirçəldilməsi


Heydər Əliyev 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldikdə qarşıda duran ən böyük vəzifələrdən biri də Azərbaycan şəhərlərinin, xüsusilə Bakının simasını dəyişmək idi. Ulu Öndər memarlığın xalqın tarixini və mədəniyyətini əks etdirməli olduğunu dəfələrlə vurğulayırdı. O vaxtlar memarlıqda beynəlmiləlçilik adı altında milli ruhun sıxışdırılmasına baxmayaraq, Ulu Öndər cəsarətli addımlar atdı. Şəhərlərin inkişafı üçün kompleks baş planlar hazırlandı. Bakının dəniz sahili bulvarının genişləndirilməsi, şəhərin amfiteatr formasında inkişaf etdirilməsi məhz respublika rəhbərinin strateji baxışının nəticəsi idi. Heydər Əliyev şəhərsalmaya yalnız bina tikintisi kimi yox, həm də sosial ekosistem kimi yanaşırdı. Bu səbəbdən yeni mikrorayonların salınması ilə yanaşı, parkların, yaşıllıq zonalarının və mədəniyyət ocaqlarının yaradılması ön plana çəkilirdi.

Ulu Öndərin birbaşa təşəbbüsü və nəzarəti ilə inşa edilən binalar bu gün də Azərbaycan memarlığının inciləri sayılır. Şirvanşahlar memarlıq məktəbinin müasir oxunuşu olan "Gülüstan" sarayı milli ornamentlərin möhtəşəm tətbiqi ilə dünya memarlıq kataloqlarına daxil olub. Şəhərin mərkəzində ucalan Heydər Əliyev Sarayı Bakının modern simasının ilk böyük nümunələrindən biri idi. Prezident Sarayı  və İdman-Konsert Kompleksi isə dövlətin gücünü və memarlıq təfəkkürünün genişliyini nümayiş etdirən layihələr idi.  Ümummilli Lider üçün şəhərsalma təkcə yenilik deyildi, həm də köklərə bağlılıq idi. O üzdən İçərişəhərin qorunması, Şirvanşahlar sarayının və digər tarixi abidələrin restavrasiyasına xüsusi diqqət  yetirirdi. Müqəddəs yerlərin, türbələrin yenidən həyata qaytarılması Ulu Öndərin milli-mənəvi dəyərlərə verdiyi önəmin memarlıqdakı təzahürü idi. Heydər Əliyev memarların qurultayında şəxsən iştirak edir, hər bir mühüm binanın layihəsini özü nəzərdən keçirirdi.

1970-ci illərdə Bakının əhalisi sürətlə artırdı. Heydər Əliyev yeni yaşayış massivlərinin - 8-ci kilometr, Əhmədli, Günəşli ərazilərinin kompleks şəkildə salınmasına start verdi. Bu, sadəcə, binaların tikilməsi deyildi, məktəb, bağça, park və digər zəruri infrastrukturun eyni vaxtda istifadəyə verilməsi idi. Sumqayıt, Gəncə və Mingəçevir kimi sənaye mərkəzlərində istehsal müəssisələri ilə yanaşı, geniş xiyabanlar və mədəniyyət sarayları inşa edildi. Naxçıvanda Möminə Xatun abidəsi abadlaşdırıldı. Şəhərin müasir siması formalaşmağa başladı. Həmin illər Bakıda Moskva (indi Heydər Əliyev), Tbilisi və digər geniş prospektlər salındı. Şəhərin girişinin möhtəşəm olması üçün hava limanından mərkəzə doğru uzanan magistral yolun ətrafında geniş quruculuq, yaşıllaşdırma işləri aparıldı.

Heydər Əliyevin şəhərsalma irsi təkcə binalar və prospektlər toplusu deyildi, bu, Azərbaycan xalqının özünütəsdiqi idi. Ulu Öndərin uzaqgörənliyi sayəsində Bakı, Naxçıvan, Gəncə, Şəki və Azərbaycanın digər şəhərləri bu gün Şərq ruhu ilə Qərb müasirliyinin qovuşduğu nadir dünya metropollarından birinə çevrilmişdir.


Xaosdan nizama və modernləşməyə doğru


1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın şəhərsalma və tikinti sektorunda da yeni bir mərhələnin başlanğıcı oldu. Həmin dövrdə ölkənin ağır iqtisadi və siyasi böhran yaşamasına baxmayaraq, Ulu Öndər şəhərsalmanı dövlət quruculuğunun tərkib hissəsi kimi yenidən canlandırdı. Müstəqilliyin ilk illərində nizamsız tikinti və idarəetmə böhranı aradan qaldırıldı. Şəhərsalma fəaliyyəti yenidən elmi əsaslar və planlı urbanizasiya prinsipləri üzərində qurulmağa başladı. Heydər Əliyev mütəxəssislər qarşısında müasir layihələrdə milli memarlıq elementlərinin tətbiqi tələbini qoydu. Bu dövrdə tarixi abidələrin qorunması dövlət siyasətinin prioritetinə çevrildi. Şəhərsalma siyasəti təkcə yeni binaların ucaldılması ilə məhdudlaşmırdı. Bura həm də sosial infrastrukturun, nəqliyyat və kommunal sistemlərin bərpası, şəhər həyatının normal ritminə qaytarılması daxil idi. 

1979-cu ildə təməli qoyulan, lakin müəyyən səbəblər üzündən tikintisi dayandırılan Bakı Televiziya Qülləsi kimi strateji obyekt Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra davam etdirildi və 1996-cı ildə istifadəyə verildi. Eyni zamanda Bakıda ilk müasir ofis binaları və biznes mərkəzləri ucaldılmağa başladı. Heydər Əliyev memarlığı həm də bir təbliğat vasitəsi kimi görürdü və Azərbaycanın qədim dövlətçilik tarixini memarlıq abidələri vasitəsilə dünyaya təqdim edirdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildi. Bu, Bakının tarixi nüvəsinin beynəlxalq səviyyədə mühafizəsi demək idi.

Gəncə, Naxçıvan və Şəkidəki tarixi binaların bərpası üçün xüsusi proqramlar təsdiqləndi. 1936-cı ildə bolşeviklər tərəfindən dağıdılmış Bibiheybət məscidinin Heydər Əliyevin göstərişi ilə 1998-1999-cu illərdə yenidən ucaldılması onun tarixi ədələti bərpa etmək iradəsinin rəmzi idi. Təzə pir məscidi və digər ziyarətgahlar paytaxtın ümumi ansamblına uyğunlaşdırıldı.

Çadır şəhərcikləri ləğv olunmağa başladı. İşğal nəticəsində yurdundan didərgin düşmüş insanlar üçün yeni, müasir tipli yaşayış qəsəbələrinin salınması (məsələn, Füzuli və Biləsuvar rayonları ərazilərində) Heydər Əliyevin humanist şəhərsalma siyasətinin mühüm hissəsi, nəticə etibarilə 1993-cü il Azərbaycan memarlığı üçün "xilasetmə" anı idi. Ümumiyyətlə, həmin illər Heydər Əliyev həm sovet dövründən qalan estetik dəyərləri qorudu, həm də müstəqil Azərbaycanın dünyaya açıq, modern və eyni zamanda milli ruhlu yeni memarlıq simasının cizgilərini çəkdi.

Bunlardan başqa, 1990-cı illərin sonuna doğru şəhərsalma və abidələrin mühafizəsi ilə bağlı mühüm sənədlər - 1998-ci ildə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", 1999-cu ildə "Şəhərsalma haqqında" qanunlar qəbul edildi. Ölkənin iqtisadi imkanlarının məhdud olduğu bir vaxtda Heydər Əliyev investorları tikinti sektoruna cəlb edərək müasir memarlıq layihələrinin icrasına şərait yaratdı. Və nəhayət, 1993-cü ildə qoyulan bu təməllər Bakının və regionların bugünkü müasir simasının formalaşmasında həlledici rol oynadı.


"Gülüstan" sarayı


Bakının ən uca nöqtələrindən birindən Xəzərin mavi sularına boylanan "Gülüstan" sarayı təkcə memarlıq abidəsi deyil, həm də Azərbaycanın müasir tarixinin canlı şahididir. 1980-ci illərdən bəri ölkənin diplomatik və mədəni həyatının mərkəzi olan bu möhtəşəm tikili özündə modernizmlə milli ornamentlərin vəhdətini birləşdirir. 

Saray 1979-1980-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və Əliş Ləmbəranskinin nəzarəti ilə inşa edilib. Binanın memarları Nazim Hacıbəyov və Hafiz Əmirxanov, konstruktorları isə Novruz İsmayılov və Kamil Kərimovdur. O zaman memar Hafiz Əmirxanovun rəhbərlik etdiyi yaradıcı heyət qarşısında çətin bir tapşırıq qoyulmuşdu: bina həm müasir (modernist) üslubda olmalı, həm də Azərbaycanın milli memarlıq ənənələrini özündə yaşatmalı idi. Nəticə gözləniləndən uğurlu oldu - bina inşasından iki il sonra - 1982-ci ildə müəllif kollektivi SSRİ Dövlət Mükafatına layiq görüldü. Sarayın eyvanları, asma tavanları və geniş şüşə fasadları o dövr üçün mühəndislikdə inqilab hesab edilirdi. 

Binanın fasadında milli memarlığımız üçün xarakterik olan tağ sırası ilə çərçivələnmiş eyvanlardan istifadə olunub. Bu eyvanlar birinci mərtəbənin divarları üzərindən konsol şəklində asılaraq binaya vizual yüngüllük və zərif işıq-kölgə oyunu bəxş edir. Saray şəhərin dağlıq hissəsində - kəskin enişli relyef üzərində tikilib. Memarlar bu coğrafi xüsusiyyətdən uğurla istifadə edərək binanı təbii mühitə uyğunlaşdırıblar. Tikilinin daxili planlaşdırılması çoxməqsədli istifadə üçün nəzərdə tutulub. Geniş şüşə pəncərələr və müasir konstruksiyalar onun modern simasını tamamlayır. 

"Gülüstan" sarayının interyeri binanın xarici əzəmətini daxildə daha incə və lüks detallarla tamamlayır. 2021-ci ildəki əsaslı yenidənqurmadan sonra interyer həm tarixi ruhunu qorumuş, həm də ən müasir texnoloji imkanlarla zənginləşmişdir.

Əsas Ziyafət zalı (Böyük zal) sarayın qəlbi hesab olunur və təxminən 600 nəfərlik tutuma malikdir. Zalın tavanı həm akustik imkanları, həm də vizual estetikası ilə seçilir. Müasir işıqlandırma sistemləri ilə bərabər, milli naxış elementləri bura xüsusi dəbdəbə qatır. Zalın geniş şüşə divarları Bakı buxtasına və Xəzər dənizinə açılan möhtəşəm mənzərəni interyerin bir hissəsinə çevirir.

Şərq zalı - adından da göründüyü kimi, burada Şərq memarlıq elementləri və Azərbaycanın milli ornamentləri daha qabarıq şəkildə özünü büruzə verir. Zalda istifadə olunan şəbəkə sənəti nümunələri, oyma naxışlar və xüsusi divar bəzəkləri klassik Azərbaycan saray mədəniyyətini müasir üslubda təqdim edir.

Vestibül və geniş foye qonaqlarda ilk andan genişlik və işıqlı mühit təəssüratı yaradır. İnteryerin bəzədilməsində yüksəkkeyfiyyətli mərmər, qranit və nadir ağac növlərindən istifadə olunub. Müasir çilçıraqlar və gizli işıq sistemləri həm klassik, həm də futuristik bir atmosfer yaradır. Yenidənqurmadan sonra sarayın interyerinə vizual olaraq maneə yaratmayan, lakin ən yüksəksəviyyəli konfransları keçirməyə imkan verən sistemlər - sinxron tərcümə kabinələri, gizli akustik panellər, yüksəkdəqiqlikli video-proyeksiya sistemləri inteqrasiya edilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra "Gülüstan" sarayı ölkənin "vizit kartı"na çevrildi. Bu divarlar 1994-cü il sentyabrın 20-də dünyanın diqqət mərkəzində oldu. Məhz burada Azərbaycanın gələcək iqtisadi müstəqilliyinin təməli olan "Əsrin müqaviləsi" imzalandı. Bu hadisə sarayı beynəlxalq neft strategiyasının və qlobal diplomatiyanın mərkəzi kimi tarixə həkk etdi. 

Bu gün "Gülüstan" sarayı həm beynəlxalq konfransların keçirildiyi modern mərkəz, həm də xalqın yaddaşında yaşayan tarixi mirasdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bakı-Xankəndi” beynəlxalq velosiped yarışının sonuncu mərhələsi başlayıb

09:39
14 May

Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var

09:33
14 May

Si Cinpin 2026-cı ilin Çin-ABŞ münasibətləri üçün tarixi il olacağına ümid edir

09:31
14 May

Tramp: ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq

09:30
14 May

İğdırda Heydər Əliyev adına liseydə Ümummilli Liderin xatirəsi anılıb

09:28
14 May

Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə dəstəyini bir daha ifadə edib  

09:25
14 May

Dünyada ən çox insan ölümünə səbəb olan canlılar müəyyənləşib

09:12
14 May

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

09:10
14 May

"Nə dünya məni unudacaq, nə insanlar"

09:05
14 May

Vens: Düşünürəm ki, İranla danışıqlarda irəliləyiş əldə edirik

09:01
14 May

Sağlam mal-qara sağlam qida deməkdir

09:00
14 May

Müasir aqrar yanaşmalar fermerlərdən nə tələb edir?

08:55
14 May

Lənkəran kümçülərinə 200 qutu ipəkqurdu toxumu paylanılıb

08:53
14 May

Cəlilabadda müasir idman zonası salınır

08:50
14 May

Qusarda sağlam ailə münasibətləri mövzusu gündəmdən düşmür

08:45
14 May

Biləsuvarda WUF13 çərçivəsində AMİU-nun müəllimləri ilə görüş keçirilib

08:40
14 May

Yeraltı nəqliyyatda yerüstü yenilik

08:35
14 May

Azərbaycan-BP tərəfdaşlığı bütün enerji sahələri üzrə davam edir

08:30
14 May

Paytaxtımız yaşıllıqlar və parklar şəhərinə çevrilir

08:25
14 May

Gələcəyin qurucusu

08:20
14 May

"Binokl diplomatiyası" sülhə xidmət etmir

08:15
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!