Enerji qiymətlərinin bahalaşması və inflyasiya narahatlıqlarının artması qızıl qiymətlərinin azalmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti 113,2 dollar azalaraq 4 572,1 dollar təşkil edib. Bu, mayın 6-dan bəri qeydə alınan ən aşağı səviyyədir. Qiymətli metal həftə ərzində ümumilikdə 2 faiz dəyər itirib.
Ekspertlər bildirir ki, qızıl bütün istiqamətlərdən təzyiq altındadır — neftin bahalaşması inflyasiya risklərini yenidən gündəmə gətirib, bu isə istiqraz gəlirliliyini və dolları gücləndirib.
Yaxın Şərqdə münaqişənin davam etməsi və strateji əhəmiyyət daşıyan Hörmüz boğazının əsasən bağlı qalması səbəbindən “Brent” markalı neftin bir barelinin qiyməti həftə ərzində 5,6 faiz artaraq 106 dolları ötüb.
Ekspertlərin fikrincə, tədarük zəncirində mümkün fasilələrlə bağlı narahatlıqlar “Brent” markalı neftin bahalaşmasına səbəb olur və qısamüddətli dövrdə yüksək volatilliyin davam edəcəyi gözlənilir. Analitiklər bildirir ki, enerji bazarındakı bu dinamika inflyasiya gözləntilərini gücləndirməklə yanaşı, qlobal maliyyə bazarlarında risklərin yenidən qiymətləndirilməsinə səbəb olur.
ABŞ-İran münaqişəsinin fevralın 28-də başlamasından bəri qızılın qiyməti təxminən 13 faiz azalıb.
Bu həftə açıqlanan bir sıra inflyasiya göstəriciləri enerji xərclərinin digər mal və xidmətlərə də təsir riskini artırıb və ABŞ-də yaxın vaxtlarda faiz dərəcələrinin azalması ilə bağlı gözləntiləri zəiflədib.
Qızıl ənənəvi olaraq inflyasiyadan qorunma vasitəsi hesab olunsa da, yüksək faiz dərəcələri gəlir gətirməyən bu aktivə təzyiq göstərir.
“ANZ” bankı inflyasiya gözləntilərinin, yüksək istiqraz gəlirliliyinin və güclü dolların qızıl qiymətlərinə təzyiq göstərəcəyini əsas gətirərək ilin sonu üçün qızıl üzrə proqnoz qiymətini 200 dollar azaldaraq 5 600 dollara endirib.
Digər qiymətli metallara gəldikdə isə gümüş 2,5 faiz ucuzlaşaraq bir unsiya üçün 81,41 dollara, platin 1,7 faiz ucuzlaşaraq 2 020,61 dollara, palladium isə 0,8 faiz ucuzlaşaraq 1 425,5 dollara düşüb.