Müxtəlif regionlarda baş verən müharibələr Avropa ilə Asiya arasında nəqliyyat, logistika və enerji marşrutlarının təhlükəsizliyini ciddi risk altına salır. Belə bir şəraitdə Cənubi Qafqazdan keçən Orta Dəhlizin geostrateji rolu daha da artır. Hava məkanına tətbiq edilən məhdudiyyətlər də mülki aviasiya marşrutlarını əhəmiyyətli dərəcədə dəyişib. Hazırda mülki təyyarələr əsasən Rusiya və İran arasında yerləşən məhdud hava dəhlizi ilə uçur. Bu marşrut Gürcüstan, Ermənistan və Azərbaycanın hava məkanına yaxın ərazilərdən keçdiyi üçün Azərbaycan Avropa ilə Asiya arasında əsas nəqliyyat və enerji qovşaqlarından biri kimi mövqeyini möhkəmləndirib. Son illərdə Azərbaycanın hava məkanı da Avropa ilə Asiya arasında əsas tranzit zonalarından birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Trakya Universitetinin professoru, siyasi elmlər və sosial elmlər üzrə mütəxəssis Burak Gümüş deyib.
Onun sözlərinə görə, Azərbaycan hazırda həm regional, həm də daha geniş geosiyasi müstəvidə sabitlik amili kimi çıxış edir. Orta Dəhlizin təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə region dövlətləri və qlobal güclər arasında həssas diplomatik tarazlığı qorumağa çalışır. Türkiyə ilə strateji müttəfiq olan Azərbaycan, eyni zamanda, Avropa İttifaqı, ABŞ, Rusiya, İran və Ermənistanla münasibətlərdə dialoqun davam etdirilməsinə və sabitliyin möhkəmləndirilməsinə töhfə verir, maraqların toqquşduğu mürəkkəb geosiyasi mühitdə balanslaşdırılmış xarici siyasət həyata keçirir. Müxtəlif istiqamətlərə alternativ imkanlar təqdim edən Orta Dəhliz Qərb üçün xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətini də davam etdirərək regionda iqtisadi və nəqliyyat əməkdaşlığının saxlanmasına töhfə verir.
“2022-ci ildə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə enerji sahəsində strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan Cənubi Qafqazda qarşıdurmanın deyil, əməkdaşlıq və iqtisadi inkişafın üstünlük təşkil etməsi məqsədilə Ermənistanla sülh prosesini davam etdirir. Qarabağ münaqişəsindən sonrakı dövrdə əldə olunan razılaşmalar regionda sabitliyin möhkəmlənməsinə və Orta Dəhliz boyunca yeni qarşıdurma risklərinin azalmasına xidmət edir. Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, eyni zamanda, Türkiyə vasitəsilə Türk dünyasını Avropa və Asiya ilə əlaqələndirəcək yeni nəqliyyat marşrutu üzrə işlər aparılır. Layihənin həyata keçirilməsində beynəlxalq tərəfdaşların iştirakına dair müxtəlif təşəbbüslər irəli sürülür ki, bu da marşrutun beynəlxalq əhəmiyyətini daha da artırır”, - deyə professor xatırladıb.
Burak Gümüş sonda qeyd edib ki, Azərbaycanın Türkiyə və Gürcüstanla strateji tərəfdaşlığı, Orta Dəhlizin inkişafı və regionda həyata keçirilən digər birgə layihələr ölkənin Cənubi Qafqazın sülh, sabitlik və davamlı inkişaf məkanına çevrilməsi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu yanaşma, eyni zamanda, Orta Dəhlizin etibarlı və dayanıqlı beynəlxalq nəqliyyat marşrutu kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.