Mövcud geosiyasi şəraitdə qlobal ticarət və təchizat zəncirləri üzərində risklərin təsiri getdikcə artır. Belə bir dövrdə Orta Dəhliz Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat marşrutlarından birinə çevrilib. Bununla belə, son illərdə dəhlizin önəminin artmasını təkcə geosiyasi amillərlə izah etmək düzgün olmaz. Hazırda həm dövlətlər, həm də şirkətlər ticarət marşrutlarını şaxələndirməyə, bir istiqamətdən asılılığı azaltmağa və daha etibarlı əlaqələr formalaşdırmağa çalışırlar. Necə ki, enerji təhlükəsizliyi yalnız enerji resurslarına malik olmaqla deyil, onlara çıxışı təmin edən marşrutların müxtəlifliyi ilə ölçülür, ticarət təhlükəsizliyi də alternativ və fasiləsiz nəqliyyat əlaqələrinin mövcudluğundan asılıdır. Azərbaycanın Orta Dəhlizdə tutduğu mövqe də məhz bu kontekstdə xüsusi önəm daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) xarici siyasət üzrə tədqiqatçısı Büşra Zeynep Özdemir deyib.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa arasında yükdaşımaların təmin olunmasında Azərbaycan əvəzolunmaz tranzit həlqədir. Bununla yanaşı, ölkənin rolunu yalnız coğrafi mövqeyi ilə əlaqələndirmək düzgün yanaşma olmaz. Uzun illər ərzində həyata keçirilən nəqliyyat və logistika layihələri coğrafi üstünlüyü real iqtisadi imkanlara çevirib. Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma gücünün 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində görülən işlər, həmçinin Xəzər dənizində ticarət donanmasının genişləndirilməsi bu strategiyanın əsas elementləridir. Bütün bunlar göstərir ki, Azərbaycanın Orta Dəhlizə yanaşması mövcud geosiyasi vəziyyətin diktə etdiyi müvəqqəti seçim deyil, uzun illər ərzində formalaşdırılan strateji kursun nəticəsidir. Dəhlizin region üçün əhəmiyyətini də yalnız tranzit gəlirləri ilə məhdudlaşdırmaq olmaz. Yükdaşımaların artması logistika mərkəzlərinin, anbar komplekslərinin, sənaye zonalarının və yeni istehsal sahələrinin inkişafını stimullaşdıracaq. Nəticədə Azərbaycan təkcə tranzit ölkə kimi deyil, regional ticarətin cəmləşdiyi, emal olunduğu və yenidən bölüşdürüldüyü mühüm iqtisadi mərkəz kimi mövqeyini daha da möhkəmləndirə bilər.
“Türkiyə ilə Azərbaycanın əməkdaşlığı Orta Dəhlizin Xəzərdən Avropaya uzanan hissəsinin əsas dayaqlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, "Marmaray" layihəsi və Türkiyənin inkişaf etmiş nəqliyyat infrastrukturu birlikdə vahid və bir-birini tamamlayan nəqliyyat şəbəkəsi formalaşdırır. Zəngəzur dəhlizi çərçivəsində Naxçıvan üzərindən Türkiyəyə qədər uzanması planlaşdırılan yeni marşrut da Bakı-Tbilisi-Qars xəttinə alternativ deyil, yükdaşımaların həcmini və marşrut şaxələndirilməsini təmin edəcək tamamlayıcı bağlantıdır”, - deyə əlavə edib.
Tədqiqatçı bildirib ki, əslində, region nəqliyyat sahəsində müzakirə olunan bağlantılılıq modelini enerji sektorunda illər əvvəl formalaşdırıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Cənub Qaz Dəhlizi bunun ən uğurlu nümunələridir. Neft və təbii qazla başlayan əməkdaşlıq artıq bərpaolunan enerji və elektrik ötürücü xətlərini də əhatə edəcək mərhələyə qədəm qoyur. Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin Türkiyə və Avropa istiqamətləri ilə inteqrasiyası Xəzər hövzəsi və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Qərb bazarlarına çıxarılması üçün yeni imkanlar yarada bilər
“Bu baxımdan Orta Dəhliz təkcə nəqliyyat layihəsi deyil, o, ticarət, enerji və rəqəmsal bağlantıları vahid platformada birləşdirən geniş regional inteqrasiya layihəsidir. Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri və Türkiyə ilə strateji tərəfdaşlıq dəhlizin gələcək inkişaf perspektivlərini, həmçinin qlobal ticarət sistemində tutacağı mövqeyi müəyyənləşdirən əsas amillərdən biri olacaq”, - deyə Büşra Zeynep Özdemir fikirlərini yekunlaşdırıb.