Orta Dəhliz qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı, geoiqtisadi rəqabətin sürətləndiyi və dövlətlərin etibarlı tərəfdaşlar axtardığı dövrün ən mühüm strateji layihələrindən biridir. Rusiya-Ukrayna müharibəsi, Qırmızı dəniz və Hörmüz boğazında yaranan təhlükəsizlik problemləri, eləcə də qlobal təchizat zəncirlərindəki qırılmalar dəhlizi alternativ marşrutdan strateji zərurətə çevirir. Bu prosesdə Azərbaycan təkcə tranzit ölkə deyil, həm də Orta Dəhlizin əsas sütununu təşkil edən strateji logistika aktorudur. Xəzər dənizinin qərb sahilində yerləşməsi, müasir liman infrastrukturu, dəmir yolu layihələri və regional əməkdaşlıq sayəsində Azərbaycan Asiya ilə Avropa arasında fasiləsiz nəqliyyat əlaqələrini təmin edən əsas mərkəzlərdən birinə çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstinye Universitetinin İqtisadiyyat, İdarəetmə və Sosial Elmlər Fakültəsinin dekanı, iqtisadçı-ekspert Figen Yıldırım söyləyib.
Türkiyə ilə Azərbaycanın bir-birini tamamlayan iki strateji tərəfdaş olduğunu deyən F.Yıldırıb bildirib ki, Azərbaycan Xəzər keçidinin təhlükəsiz və səmərəli idarə olunmasını təmin etdiyi halda, Türkiyə Avropa, Aralıq dənizi və Yaxın Şərq bazarlarına açılan təbii qapı rolunu oynayır. Buna görə də Orta Dəhlizi hər iki ölkənin birgə formalaşdırdığı geoiqtisadi inteqrasiya dəhlizi kimi qiymətləndirmək daha doğru olar.
“Hazırda şirkətlər artıq yalnız aşağı xərcli istehsal mərkəzləri axtarmırlar. Onlar, eyni zamanda, etibarlı, siyasi baxımdan sabit və logistika baxımından fasiləsiz fəaliyyət göstərə bilən regionlara üstünlük verirlər. Məhz buna görə də qlobal ticarətdə istehsalın yaxın ölkələrə köçürülməsi (nearshoring), etibarlı tərəfdaş ölkələrə yönəldilməsi (friend-shoring) və dayanıqlı təchizat zəncirlərinin (resilient supply chain) formalaşdırılması yanaşmaları sürətlə genişlənir. Məhz bu baxımdan Türkiyə və Azərbaycan birlikdə Avrasiyanın yeni, təhlükəsiz istehsal və logistika ekosistemini formalaşdırmaq potensialına malik ən güclü namizədlərdəndir. Türkiyə güclü sənaye infrastrukturu, istehsal potensialı və Avropa bazarına yaxınlığı ilə alternativ istehsal və logistika mərkəzi olmaq imkanına malikdir. Azərbaycan isə enerji ehtiyatları, nəqliyyat infrastrukturu və Xəzər keçidindəki strateji üstünlüyü ilə bu sistemin ayrılmaz tamamlayıcısıdır”, – deyə dekan əlavə edib.
Onun fikrincə, Orta Dəhlizin ən böyük potensialı yalnız konteyner daşımalarının həcmini artırmaqdan ibarət deyil. Əsas məqsəd dəhliz boyunca yüksək əlavə dəyər yaradan sənaye zonalarının, logistika mərkəzlərinin, azad ticarət zonalarının, texnologiya klasterlərinin və regional dəyər zəncirlərinin formalaşdırılmasıdır. Dəhliz boyunca istehsal və investisiya fəallığının artması təkcə daşımalardan əldə olunan gəlirləri deyil, həm də məşğulluğu, texnologiya transferini və regional inkişafı sürətləndirəcək.
“Bu məsələnin brendləşmə aspektini də diqqətdən kənarda saxlamaq olmaz. Müasir dövrdə ölkələr yalnız məhsullarını deyil, logistika etibarlılığını, investisiya mühitini və təchizat zəncirinin səmərəliliyini də brendə çevirirlər. Necə ki, Sinqapur və Niderland qlobal logistika brendlərinə çevrilib, Türkiyə və Azərbaycan da Orta Dəhliz sayəsində Avrasiyanın etibarlı ticarət tərəfdaşı və logistika brendi olmaq üçün mühüm üstünlüklərə malikdir. Xüsusilə Türkiyənin uzun illərdir irəli sürdüyü alternativ logistika mərkəzi konsepsiyası ilə Azərbaycanın nəqliyyat infrastrukturuna yönəltdiyi investisiyalar bir-birini tamamlayır. Bu sinergiya nəticəsində Orta Dəhliz təkcə Avropa ilə Asiya arasında keçid marşrutu deyil, həm də istehsalın, investisiyanın, texnologiyanın və ticarətin qovuşduğu yeni iqtisadi oxa çevrilə bilər”, - deyə iqtisadçı vurğulayıb.
F.Yıldırımın sözlərinə görə, Orta Dəhlizin uğuru yalnız yükdaşımaların müddətinin qısalması ilə ölçülməyəcək. Bu layihə Türkiyə və Azərbaycanın birlikdə Avrasiyanın təhlükəsiz iqtisadi məkanı, alternativ logistika mərkəzi, regional istehsal bazası və etibarlı təchizat zənciri tərəfdaşı kimi mövqeyini gücləndirəcək strateji transformasiya layihəsidir.
“Mən hesab edirəm ki, yaxın gələcəkdə rəqabət təkcə ölkələr arasında deyil, logistika dəhlizləri arasında da gedəcək. Buna görə də Türkiyə ilə Azərbaycanın ortaq baxışı yalnız yeni nəqliyyat marşrutu qurmaqdan ibarət olmamalı, eyni zamanda, Avrasiyanın ən güclü geoiqtisadi brendini formalaşdırmağa yönəlməlidir. Bu yanaşma hər iki ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, regional sabitliyi və qlobal ticarətin dayanıqlığını da gücləndirəcək”, - deyə o fikrini yekunlaşdırıb.