Azərbaycanın perspektivli gənc hüquqşünası 30-cu illərdə repressiya qurbanı olmuş məşhur nəslin nümayəndəsidir
Müasir Azərbaycan gəncləri arasında tanınan Vüqar Qədimov 2017-ci ildə Bakı Dövlət Universitetinin "Gənc İstedadlar" liseyini bitirib. Daha sonra BDU-nun Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2026-cı ildə isə həmin fakültənin Cinayət hüququ və kriminologiya, cəza-icra hüququ ixtisaslaşması üzrə doktorantura pillələrini bitirib.
Vüqar Qədimov məzun olaraq Respublika Vəkillər Kollegiyasının Rəyasət Heyətində dörd il vəkil köməkçisi işləyib. Daha sonra vəkil seçilib.
Deyirlər ki, elm insan həyatını dəyişdirən ən mühüm amillərdən biri, bəlkə də birincisidir. Bəşəriyyətin ən böyük zəfəri də elmdir. Dahi Nəsirəddin Tusiyə görə, alimdə bir neçə xüsusiyyətin olması vacibdir. Bunların sırasında zəka, zehin aydınlığı, dərk sürəti, ağıl gözəlliyi və hafizənin əhəmiyyəti mühüm rol oynayır. Ona görə də sevib-seçdiyi peşəyə böyük maraq göstərən gənc hüquqşünas bilgilərini hüquq elminin zənginləşdirilməsində sınamaq üçün iki il öncə Azərbaycanda hüquq üzrə ilk qadın
elmlər doktoru, professor Şəhla xanım Səmədovanın rəhbərliyi altında "Hərəkətsizlik cinayət-hüquqi kateqoriya kimi" mövzusunda dissertasiya yazmağa qərar vermişdir. O, gənc araşdırmaçı kimi tədqiqata cəlb olunan mövzu ilə əlaqədar Azərbaycanda və bir neçə xarici ölkədə müxtəlif beynəlxalq elmi seminarlarda və konfranslarda iştirak və çıxış etmişdir. Gənc hüquqşünasın 6-sı xaricdə olmaqla 14 elmi əsəri nəşr edilmişdir. Elmi tədqiqatlarında qanunçuluğun təkmilləşdirilməsi istiqamətlərində diqqətdən yayınan boşluqları aradan qaldırmaq üçün təkliflər işləyib hazırlamışdır, hazırda mövzu ilə əlaqədar monoqrafiya üzərində işləyir.
Ötən ilin avqustunda Niderland Krallığının Leyden Universiteti tərəfindən təşkil olunan elmi proqramlarda yüksəksəviyyəli iştirakına görə sertifikatlara layiq görülmüş gənc hüquqşünasın cari ilin fevralında BDU-nun Hüquq fakültəsinin professor-müəllim heyətinin iştirakı ilə təşkil etdiyi elmi seminarda "Təcavüz siyasətinə görə məsuliyyət: yeni tendensiyalar" mövzusunda etdiyi elmi məruzə dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. Vüqar Qədimov həmçinin cari ilin yanvarında peşəkar hüquqi ingilis dilini bilmə səviyyəsini müəyyən edən TOLES imtahanında 100-dən 92 bal toplayaraq yüksək bilgi nümayiş etdirmişdir.
Gənc hüquqşünas ötən il iyun ayının əvvəllərində Niderland Krallığının Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vəkillər Kollegiyasına (BCMVK) yeganə azərbaycanlı kimi dəvətli üzvlüyə qəbul edilmişdir. Bundan üç ay sonra bilik və bacarığı nəzərə alınmaqla BCMVK-nın Hüquqi Dəstək Heyəti Komitəsinin üzvü seçilmiş, həmin ilin dekabrında isə Vəsait Komitəsinin üzvü təyin edilmişdir. Vüqar Qədimov burada Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Beynəlxalq Cinayətlərə görə məsuliyyət məsələsinin Roma nizamnaməsinə uyğunluğu barədə geniş məlumat vermiş, ekosid cinayətinin ölkəmizdə kriminallaşdırıldığını və bunun Beynəlxalq Cinayət Məhkəməsinə üzv dövlətlər üçün müsbət nümunə ola biləcəyini vurğulamışdır. Bu zaman gənc hüquqşünas-tədqiqatçının Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti, hakim xanım Tomoko Akane ilə görüşü diqqətdən kənarda qalmamışdır.
Gənc hüquqşünas-tədqiqatçı BDU-da və Milli Aviasiya Akademiyasının Hüquq fakültəsində pedaqoji fəaliyyətlə də məşğul olur. O, milli dövlətçiliyimizə dəstək olmaq üçün Azərbaycanın hüquqi və iqtisadi hərbi qüdrətini, habelə ekoloji və bioloji təhlükəsizliyini qorumaq və daha da möhkəmləndirmək istiqamətində tələbə-gəncləri bilgiləndirməklə onlara hüquq elminin incəliklərini yüksək səviyyədə öyrədir. Elmi-pedaqoji qüvvəsini səfərbər etməklə gələcəyin hüquqşünası olacaq tələbələrinin hüquq elminin və qanunlarının icrası zamanı vəzifələrinin öhdəsindən layiqincə gələ bilmələrinə çalışır.
"Ot kökü üstə bitər" deyiblər. Vüqar Qədimov ötən əsrin 30-cu illərində Şəmkirdə repressiya qurbanı olmuş məşhur Bədirbəylilər nəslindən olan Xəlil ağa Bədirbəylinin nəticəsidir. Amma sovetlər dönəmində nəsillərinin soyadı məcburən dəyişdirilib. 26 il əvvəl adi bir ailədə dünyaya göz açan Vüqarın atası Anar kişi orta təhsillidir, pensiya yaşındadır, anası Leyla xanım tibb bacısı işləyir, kiçik qardaşı İlqar isə hərbi xidmətdən bu günlərdə qayıdıb. Amma əsil-nəsil sözünü deyib. Gənc hüquqşünas-pedaqoqun elmi araşdırmaları və uğurları ailə üzvlərini, onu yaxından tanıyanları, xüsusən də ona dərs deyən professor və müəllimləri, tələbə yoldaşları və həmkarlarını çox qürurlandırır.
Rəhman SALMANLI,
"Azərbaycan"