Mirzə Şəfi Vazeh XIX əsrin ortalarında ədəbi əlaqələrin o qədər də inkişaf etmədiyi çağlarda sözü ilə Azərbaycanın hüdudlarından çox-çox kənarda tanınan az sayda şəxsiyyətlərimizdəndir. Lirik-fəlsəfi şeirləri Qərbi Avropada, Rusiyada çox böyük şöhrət qazanmışdı. Xəyyamanə üslubunda yazdığı şeirlər vətəndən uzaqlarda rəğbətlə qarşılanır, Mirzə Şəfini ondan neçə əsr əvvəl yaşayıb-yaratmış Şərq klassikləri ilə eyni səviyyəyə yüksəldirdi.
Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncədə dünyaya gəlmişdi. Atası Kərbəlayi Sadıq bənna idi. Gələcəyin böyük şairi atasını çox erkən itirmişdi. Həmin vaxt Gəncədə yaşayan Hacı Abdulla adlı imkanlı bir şəxs Mirzə Şəfini himayəsinə götürür. Bu xeyirxahlığın onun şəxsiyyət kimi formalaşmasında da çox böyük rolu olur. Şəfinin düşüncələrindəki kəskin dəyişikliklər özünü açıq şəkildə biruzə verməkdə idi. Bunu duyan və yetərincə sərt qarşılayan Gəncə ruhaniləri artıq ona dərs verməkdən imtina edirlər. Gənc Şəfi mədrəsəni tərk etməli olur. Amma o, mədrəsədə fars dilini mükəmməl, ərəb dilini isə müəyyən səviyyədə öyrənmişdi, şəriət biliklərinə yiyələnmişdi.
Müəllim, xəttat, şair
XIX əsrin 30-cu illərində Mirzə Şəfi Vazeh Gəncədə müəllim, xəttat və şair kimi tanınmağa başlayır. 1840-cı ildə isə Gəncəni tərk edərək Tiflisdə məskunlaşır. Onda Mirzə Fətəli Axundzadə artıq xeyli müddət idi ki, bu şəhərdə yaşayıb çalışırdı. Onun köməyi ilə Vazeh Tiflis qəza məktəbində Azərbaycan və fars dilləri müəllimi vəzifəsinə düzəlir. 1846-cı ilə qədər bu şəhərdə yaşayır.
Tiflisin ozamankı qaynar mühiti Mirzə Şəfi Vazehin yaradıcılığında çox mühüm rol oynayır. Burada yaşadığı 6 il ərzində o, dövrünün qabaqcıl ziyalıları ilə tanış olur. A.A.Bakıxanov, M.F.Axundzadə və başqa tanınmış maarifçilərlə tez-tez görüşüb ünsiyyət qurur, ədəbi-ictimai müzakirələrdə iştirak edir. 1844-cü ildə o, Tiflisdə hətta "Divani-hikmət" ("Müdriklik dərnəyi") adlı ədəbi məclis də təşkil etmişdi. Bu, əslində, ədəbi-fəlsəfi məclis idi. Mirzə Şəfinin Tiflisdəki şagirdləri arasında Azərbaycan və fars dillərinə, Şərq dünyasına maraq göstərən əcnəbilər də vardı və onlar "Divani-hikmət" məclislərində həvəslə iştirak edərdilər. Onlardan biri alman şairi Fridrix Bodenştedt idi.
1850-ci ilin yanvarında onun həyatında yenidən Tiflis dövrü başlanır. Vazeh Tiflisdəki zadəganlar gimnaziyasına Azərbaycan dili müəllimi vəzifəsinə təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. Həmin dövr Azərbaycan dili dərsliyinə çox böyük ehtiyac vardı. Mirzə Şəfi bunu nəzərə alaraq ölümündən bir az əvvəl Tiflis gimnaziyasının fars dili müəllimi İ.Qriqoryevlə birlikdə müntəxəbat tərtib etmək qərarına gəlir. Onlar 1852-ci ilin aprelində "Kitabi-türki" adlı belə bir dərsliyin tərtibini tamamlayırlar. Müntəxəbatda Azərbaycan, ərəb və fars ədəbiyyatından hikmətli sözlər, lətifə və məzhəkələr, tərbiyəvi təmsillər, hekayələr, eləcə də Füzulidən seçmə lirik şeirlər, qəzəl və qəsidələr, "Leyli və Məcnun" poemasından müəyyən parçalar toplanır. Burada Şərq tarixi, "Qarabağnamə" və "Dərbəndnamə"dən parçalar da verilir. Dərsliyin əlyazmasını Mirzə Şəfi özü nəsx, nəstəliq, şikəstə-nəstəliq və şikəstə xətti ilə yazmışdı.
Mirzə Şəfi Vazeh 1852-ci il noyabrın 28-də Tiflisdə vəfat edir, şəhərdəki müsəlman qəbiristanlığında dəfn olunur.
Dünyanı dolaşan şərqilər
Mirzə Şəfi Vazehin Azərbaycan və fars dillərində yazdığı şeirlərin əlyazmalarını F.Bodenştedt ondan alaraq Almaniyaya apardığından bu şeirlərin orijinalları əlimizdə yoxdur. O, Tiflisdə olarkən Mirzə Şəfinin şeirlərini toplayır və 1846-cı ildə onları Almaniyaya aparır. Burada həmin şeirləri alman dilinə çevirərək dərc etdirir.
Mirzə Şəfinin şeirləri 1851-ci ildə Berlində kiçik bir kitabça şəklində buraxılır. Alman dilində çapdan çıxan kitabça "Mirzə Şəfinin şərqiləri" adı ilə təqdim olunur və qısa müddətdə çox sürətlə yayılıb müəllifinə böyük şöhrət qazandırır. Az sonra Vazehin əsərləri başqa ölkələrin də sərhədlərini adlayır. Ümumən Qərbi Avropada geniş yayılıb rəğbətlə qarşılanır. Alman dilindən başqa, ingilis, fransız, italyan, İsveç, holland, Norveç, Danimarka, polyak, çex, hətta qədim yəhudi dilinə də tərcümə olunub nəşr edilir.
F.Bodenştedt Mirzə Şəfi Vazehin dünyada tanınmasında böyük rol oynasa da, əfsuslar olsun ki, sonrakı davranışları ilə öz nəcib işinə kölgə salır. Belə ki, o "Şərqilər"in Qərbi Avropa və Rusiyadakı gözlənilməz şöhrətinə şahid olandan sonra 1873-cü ildən özünü həmin şeirlərin müəllifi kimi qələmə verməyə başlayır. Buna baxmayaraq, bir neçə vaxtdan sonra tədqiqatlarda "Şərqilər"in əsl müəllifinin Mirzə Şəfi Vazeh olduğu öz təsdiqini tapır.
Sevgi və reallıq şairi
Vazeh şeirinin əsas məzmunu saf, təmiz məhəbbətin tərənnümündən ibarətdir. Şair eşqi və gözəli hər şeydən uca tutur. İnsanlara eşqdən başqa yolla getməməyi təlqin edir. Bu baxımdan Mirzə Şəfinin "Süsəni" rədifli müxəmməsi, eləcə də farsca nəzm və nəsrlə yazılmış aşiqanə məktubu çox maraqlıdır. Bu əsərləri ilə Vazeh müəyyən qədər də sələfi Vaqifi xatırladır. Farsca qəzəllərindən bəzilərində onun mücərrədliyə qapılıb vəhdəti-vücud şairlərinə bənzədiyini də görürük. Amma Vazehdə bu hal keçicidir. Mirzə Şəfi bu şairlərdən fərqli olaraq şərabı və gözəli ilahi məhəbbətin rəmzi kimi deyil, həqiqi mənada görür, onları dünya nemətləri kimi qəbul edir. O, klassik şeirin ən yaxşı ənənələrini davam etdirərək mücərrəd, platonik məhəbbəti deyil, həyatla bağlı olan həqiqi sevgini tərənnüm edir.
Şeirlərində Mirzə Şəfi tam bir həyat şairidir. Qəlbi sevgi və sevinc hissi ilə doludur. Özü ilə bərabər, bütün təbiəti, kainatı şad-xürrəm, sevgiyə aludə görür. "Təbiətdəki bütün gözəlliklər, xoş nəsim, rayihəli çiçəklər, ulduzlar, ağacların pıçıltısı sanki bizim sevgimizi şirinləşdirmək üçün yaranmışdır". Bu duyğular həyat dolu şairin ruh halını büsbütün təsvir edir.
Onun dünyəvi nemətləri tərənnüm edən bütün şeirlərində nikbin ruh hakimdir. Bu şeirlərində Mirzə Şəfi oxucularını həyatı toz basmış kitablardan deyil, təbiətdən, saf dağ bulaqlarından, meşələrdən, qızılgülün ətrindən, bülbülün xoş avazından öyrənməyə səsləyir.
Dini ehkam, mövhumatçı ruhanilər, mütləqiyyət əleyhinə yazdığı satiralar da Mirzə Şəfinin yaradıcılığında xüsusi yer tutur. Satiralarında o, şeytan, cənnət, cəhənnəm kimi məfhumları rədd edir, bir maarifçi kimi dini xurafata və cəhalətə qarşı çıxır. Vazehin satiralarında həyata aydın, ayıq, realist münasibət var. Böyük mütəfəkkir ictimai eyiblərə fəal tənqidi münasibət bəsləyir, məhəbbəti aşırı dini ehkamlara qarşı qoyaraq mövhumatın mənəvi əsarətinə etiraz edir. Hələ erkən yaşlarından azadlığın dəyərini anlayan, özünü bütün ehkamlardan xali görmək istəyən, buna can atan şair azadlığı sərv ağacına bənzədir. Onun budaqları yerə əyilmir, göyə qalxır, onun nəzərləri də yüksəklərə dirənmişdir. Mirzə Şəfinin "Sədi və Şah", "Teymur", "Dərviş", "Şah Abbas" və s. bu kimi süjetli şeirləri, mənzum hekayələri demokratik məzmunu ilə fərqlənir, bu əsərlərdə xəlqilik ruhu aşkar nəzərə çarpır.
Özünü Hafizin şagirdi adlandıran Mirzə Şəfi klassik şeirdəki mənzum hekayəçiliyi də davam etdirir, bu mənada onun yaradıcılığı müasirlərindən A.A.Bakıxanovla ahəng yaradır.
Sovet dövründə aparılan tədqiqatlar nəticəsində Mirzə Şəfi Vazehin azərbaycanca və farsca şeirlərindən bir neçəsi tapılıb üzə çıxarılmışdır. Böyük şairin yaradıcılıq irsinin çox məhdud bir hissəsini ilk dəfə görkəmli ədəbiyyatşünas Salman Mümtaz üzə çıxarmış və 1926-cı ildə "Mirzə Şəfi Vazeh" adı altında nəşr etdirmişdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"