20 Mart 2025 08:35
1304
Mədəniyyət
A- A+
Novruz ənənələrində hər bölgənin izi var

Novruz ənənələrində hər bölgənin izi var


Tarixin özü qədər  qədim Novruz bayramı ölkəmizin bölgələrində fərqli şəkildə qeyd olunur. Bakı-Abşeron bölgəsində bayram şirniyyatı çeşidlidir. Bura paxlava, şəkərbura, qoğal, şərbətlər, səməni halvası və s. aiddir. 

Bir çox regionlarda olduğu kimi, Bakı-Abşeron bölgəsində də bayrama bir neçə gün qalmış evin yorğan-döşəyini, pal-paltarını bayıra töküb təmizləmək işləri aparılır. Xalqda belə bir inam var ki, Novruzda il təzələndiyi kimi, hər şey təzələnməli, təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar alınır, uşaqlara bir köynəklə, corabla da olsa, sevinc bəxş edilir.

Naxçıvan bölgəsində bir neçə qədim adət indiyədək qorunmaqdadır. Bunlardan biri "Xan bəzəmə"dir. Novruzda Ordubad rayonunda bayram ərəfəsində bir nəfər "xan" seçilir və o, üç gün əsl xan kimi geyindirilir, başına tac qoyulur. Meydanda hündür bir taxt düzəldib "xan"ı ora dəvət edirlər. İki uşaq "xan"ı yelpiklə yelləyir. Kim istəyirsə, könüllü ona qulluqçu da ola bilər. Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb "xan"a tamaşa edirlər, onun ətrafına bəzənmiş xonçalar, səmənilər düzürlər. "Xan"ın əmrinə hamı tabe olur. Arada təlxəklər gəlib "xan"ı güldürməyə çalışırlar. "Xan" isə gərək ciddiliyini qorusun, gülməsin. Əgər gülsə, onu hovuzdakı suya basırlar, sonra təzə "xan" seçirlər. Meydana bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər "xan" üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.

Novruz axşamının səhəri günü ağsaqqalları, ağbirçəkləri ziyarət etmək adəti uzun illərdir yaşamaqdadır. Bayram günü səhər tezdən qız-gəlinlər axar su üstünə, bulaq başına gedər, evə su gətirərlər, həmin suyu həyət-bacaya səpərlər. Sonra cavanlar bir alma ilə də olsa qonşuları, ağbirçəkləri yad edər, onların bayramını təbrik edərlər.

Gəncəbasar bölgəsində Gəncə paxlavası, adətən, Novruz bayramı ərəfəsində, nişan və toy məclislərində hazırlanır. Gəncə paxlavası digər bölgələrdə bişirilən paxlavalardan öz ölçüsünə və ona əlavə edilən ədviyyatına görə fərqlənir. O, adətən, mis məcməyidə, köz üzərində bişirilir və bir qədər böyük ölçüdə romb şəklində kəsilir.

Novruz bayramında gəncəlilər mütləq evdən hansısa əşyanı bayıra atırlar.

 Qazaxda isə sübh-tezdən qapı-qapı dolaşan kənd sakinləri gün boyu il ərzində rəhmətə gedən adamların ailəsinə başsağlığı verir, bununla ölü sahibinin dərdinə şərik olduqlarını göstərir, onu yasdan çıxarırlar. Ölü sahibləri isə ayaqüstü qapısına baş çəkib, dərdini bölüşən insanlara şirinlik paylayırlar.

Qazax rayonunun Yuxarı Salahlı kəndi isə bayramın qeyd edilməsi baxımından daha unikal bölgədir. Hələ sovet rejiminin Novruza qadağalar qoyduğu dövrlərdə belə, öz adət-ənənələrinə sadiq qalan kənd sakinləri müstəqillik dövründən bayramı daha canlı, daha maraqlı keçirirlər. Martın 21-i Yuxarı Salahlıda hər kəsin qapı-bacası açıq olur. Kənd əhli günortadan Xalq şairi Səməd Vurğunun doğum gününü qeyd edir, şairin muzeyinə yığılan insanları şeirlə, sazla qarşılayıb yola salır. Hava qaralandan sonra isə axşam keçiriləcək bayram şənliyinə tədarük görür, ocaq çatır. Zurna, nağara çağırır, məclis qurur. Maraqlı bayramı izləmək, onun iştirakçısı olmaq üçün qonşu rayonlardan, hətta paytaxtdan da bura gələnlər olur. Kəndlilər bu özfəaliyyəti "Salahlı karnavalı" adlandırırlar.

Gənc oğlanlar müxtəlif qadın paltarları geyinib, evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər. Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə ətrafa xüsusi gözəllik verir. Səhər saatlarına qədər davam edən "Salahlı karnavalı" görənləri təəccübləndirir.

30 illik erməni işğalından azad edilmiş Qarabağ bölgəsində yandırılan bayram tonqallarının şöləsi bu günlər nankor və qəsbkar ermənilərin gözünü elə qamaşdırır ki, onlar bir daha bu yerləri görə bilməyəcəkləri ilə razılaşmalı olurlar.. Qarabağlılar  qədimdən Novruz bayramına bir ay qalmış elliklə çillə çıxarmaq üçün şənliyə toplaşardılar. Tədbir Şuşada daha təmtəraqlı keçirilərdi. Burada köhnə ilin qəmini, qüssəsini yeni ilə daşımamaq üçün əhali adəti üzrə çalıb- oxumağa, rəqs etməyə üstünlük verərdi. 

Şəki-Zaqatala bölgəsində də Novruz özünəməxsus keçirilir. Hələ bayrama bir ay qalmış bayrama hazırlıq başlanır. Həyətlər təmizlənir, evlərin divarları rənglənir, ağaclar ağardılır, pal-paltar, xalça-palaz günə verilir. Çərşənbələrdə tonqal qalanır, papaq atılır, qapı pusulur. Bölgə sakinlərinin çərşənbələrlə bağlı inancları var. Bir inanca görə, yazda birinci sel gələndə kim onun suyundan içərsə, bütün xəstəlikləri sağalar.

Bayram axşamında adamlar bir-birinə pay göndərir, əzizini itirənlər isə yasdan çıxır. Kəndlərdə camaat bir yerə yığışır, bayramı birgə keçirirlər. Qız-gəlinlər qulaq falına, uşaqlar papaqatdıya çıxırlar. Şəhərdə və kəndlərdə günəşi, yazı çağırmaq üçün Qoduya çıxmaq adəti geniş yayılmışdır.

Bayramdan bir-iki gün əvvəl Şəkidə camaat səhər tezdən doğmalarının qəbirlərini ziyarətə gedirlər. İnanca görə, ruhlar səhər tezdən gün doğana qədər qəbirlərin ətrafında dolanır. Bayram axşamı isə ölülərin adlarına qazan asılır.

Şirvan və Aran bölgəsində də Novruz bayramında qapılar açıq qoyulur. Ev sahibləri həm yaz havasının qutlanması, həm də qapıya gələcək insanlara şirniyyat, qoz-fındıq, badam və s. paylanması üçün sanki yol gözləyirlər. Hər çərşənbənin bir şeyə aid olması o çərşənbəyə düşən cismin dirilməsi, canlanması, istiləşməsi deməkdir.

Quba-Xaçmaz bölgəsində Novruz bayramından iki gün əvvəl bulaqdan, yaxud çaydan - axar sudan "lal su" gətirilir. Su gətirməyə gedən şəxs qabı əlinə götürəndən  suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və onu gətirən şəxs bir neçə nəfər tərəfindən müşayiət olunur. Suyu qaba tökəndən sonra iki iynənin gözünə pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Uğurlu halda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə gedir və bir-birinə qovuşmur. İynə suyun dibinə çökərsə, deməli, su "lal su" deyil. 

Cənub bölgəsində Novruz mərasimi əlahiddə bir gün olaraq deyil, bir-birinin davamı olan bayramlar halında qeyd edilir. Novruza, yeniliyə, oyanışa hazırlıq, nə qədər qəribə olsa da, hələ yayın sonundan, payızın əvvəllərindən başlanır. İnsanlar qışın ilk günü sayılan çillə gecəsinə tədarük görür, həmin günə çillə qarpızı və ağ boranı (balqabaq da deyilir) ehtiyatını görürlər. Həm çillə qarpızı və ağ boranı, əslində, qışı və baharı simvolizə edir.

Lənkəranda adətdir ki, çərşənbə axşamı mütləq balıq, Novruz gecəsində isə toyuq yeyilsin. Nişanlı qızlar üçün bu nemətlər qabaqcadan qız evinə göndərilər. Burada İlaxır çərşənbə günündən xeyli əvvəldən başlayaraq ev-ev, həyətbəhəyət gəzib bayram nəğmələri oxuyan "novşud"çuları görmək mümkündür. Həmçinin yeniyetmə uşaqlar, bəzən də cavanlar kosa-keçəl libasında, əllərində təbil-nağara həyətə daxil olaraq mahnı oxuyurlar. 

Kəlbəcər-Laçın tərəflərdə əsgilərdən lopa düzəldib məftillə sarıyır, məftilin bir ucunu da qulp kimi uzadırlar. Həmin qulpu əyib əllərində fırladırlar. Bayramdan bir həftə əvvəl hazırlanan bu lopalar neftin içinə salınır. Bayram gecəsi ona od vurub əllərində fırladır, sonra isə göyə tullayırlar.

Qızlar hərəsinə bir yumurta götürür, axır çərşənbə günü çayın qırağına düzür, yanlarına qırmızı qələm və kömür qoyurlar. Sabah gəlib yoxlayırlar - hansına qara ləkə düşübsə, onun gələcəyi yaxşı olmur, qırmızı düşərsə, bu, xoşbəxtlik sayılır.

Xalqımızın kompakt yaşadığı Gürcüstanın Borçalı bölgəsində bayrama kəndin cavan-cantaraq, qolu güclü oğlanları hazırlıq görürlər. Kəndin mərkəzi yerində tamaşa tribunası qurulur, müxtəlif personajların paltarlarında kəndin əhalisini şənləndirən oğlanlar onları Novruzun gəlişi münasibətilə təbrik edirlər. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!