Dekabrın 7-də Benində hakimiyyəti ələ keçirməyə cəhd etdiyi ordu podpolkovniki Paskal Tiqri siyasi sığınacaq almaq üçün Toqo Respublikasına qaçıb. Bu barədə “Jeune Afrique” jurnalı Benin hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Çevriliş günü podpolkovnik Paskal Tiqri televiziya studiyasından canlı yayıma çıxaraq hərbi yenidənqurma komitəsinin ölkədə tam hakimiyyəti ələ keçirdiyini və Prezident Patris Talonun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Çevriliş yatırıldıqdan sonra P. Tiqrinin harada olduğu məlum deyildi.
Jurnalın məlumatına görə, o, hazırda Toqonun paytaxtı Lomedədir. Bildirilir ki, Benin hakimiyyəti üsyançı liderin ekstradisiyası üçün İnterpola sorğu göndərmək niyyətindədir.
Toqo Baş naziri Faure Qnassinqbeyə yaxın mənbə “Jeune Afrique”-yə bildirib ki, P.Tiqrinin ölkəsində olub-olmadığından xəbərsizdir.
“Reuters” agentliyi həmçinin Toqonun Xarici İşlər Nazirliyinin Benindəki çevriliş təşkilatçısının hazırkı yeri ilə bağlı hələlik şərh vermədiyini bildirib.
“Jeune Afrique” xəbər verir ki, Toqo və Benin dostluq münasibətləri saxlayırlar, lakin əvvəllər Mali və Nigerdə hakimiyyətə gələn üsyançılarla bağlı fərqli mövqelər tuturlar. Benin rəhbərliyindən fərqli olaraq, Toqo hakimiyyəti onları qəbul edib.
Çevrilişə rəhbərlik edən Paskal Tiqri əvvəllər Benin ordusunda birləşmiş silahlı batalyona komandanlıq edib və sonra Milli qvardiyanın tərkibində xüsusi təyinatlı qüvvələr bölməsinin (ölkənin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyinə cavabdehdir) rəhbəri olub. O, 2026-cı il prezident seçkilərində iştirak etməkdən məhrum edilmiş "Demokratlar" müxalifət partiyası sədrinin müavini Alassane Tiqrinin kiçik qardaşıdır.
Medianın xəbər verdiyi kimi, P.Tiqrinin dövlət televiziyasındakı açıqlaması Mali, Niger və Burkina Fasodakı çevriliş təşkilatçılarının oxşar açıqlamalarını təkrarlayır. O, ordunun hərəkətlərinin səbəbləri kimi ölkədəki "pisləşən təhlükəsizlik vəziyyətini" və korrupsiyanı göstərib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”