Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” (bundan sonra – Strategiya) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirsin;
2.2. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planı və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Strategiyada nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikasının dövlət büdcəsi layihəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2025-ci il