06 Dekabr 2025 08:00
1251
İQTİSADİYYAT
A- A+
İlham Əliyevin enerji siyasəti

İlham Əliyevin enerji siyasəti


Bu il Zəfər tariximizin adını daşıyan müstəqillik dövrünün ən iri elektrik stansiyası istifadəyə verildi


Energetika hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və Avropanın enerji təhlükəsizliyinə dəstək verən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Avropa İttifaqı ölkəmizi etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki Azərbaycan 14 ölkəyə qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsidir. İndi Azərbaycan təbii qaz, xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elekrik enerjisinin ixracatçısıdır. "Yaşıl enerji" layihələrimiz gerçəkləşdikdən sonra kabellər vasitəsilə bu növ enerji də ixrac olunacaq. 

Yaxın keçmişdə elektrik enerjisi sarıdan korluq çəkən, nəinki kəndləri, hətta şəhərləri də işığı saatla alan Azərbaycan bu gün başdan-başa nur içindədir. Bu, son iki onillik ərzində tikilən və yenidən qurulan onlarla enerji obyektləri sayəsində mümkün olub. İndi ölkəmiz elektrik enerjisi ilə həm özünü təmin edir, həm də onu qonşusu olduğu bir neçə ölkəyə ixrac edir.

"Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur". 2020-ci il iyunun 25-də Mingəçevir şəhərində yenidən qurulmuş "Azərbaycan" İES-in açılış mərasimində Prezident İlham Əliyevin dediyi bu sözlər, ümumiyyətlə, ölkəmizdə həmin istiqamətdə aparılan genişmiqyaslı işləri xarakterizə edir.

Yola salmağa hazırlaşdığımız 2025-ci il ərzində də respublikanın müxtəlif yerlərində yeni elektrik stansiya və yarımstansiyaları istifadəyə verilib. Bu il istifadəyə verilən həmin enerji obyektləri əsasən regionları əhatə edir. Prezident İlham Əliyevin bu enerji obyektlərinin hər birinin açılışında iştirak etməsi onların əhəmiyyətinə bir daha diqqət çəkir.

İyunun 24-də dövlətimizin başçısı Mingəçevirdə yeni enerji nəhənginin - 1880 meqavatlıq elektrik stansiyasının açılışını etdi. Yeni stansiya üçün təklif olunan adlar sırasında Prezidentimiz məhz "8 Noyabr"ı seçib. "Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır". Stansiyanın açılışındakı çıxışında dövlətimizin başçısı bunu bir daha vurğuladı. 

Yeni stansiya Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirdi. Belə ki, hazırda ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxu bu şəhərdə istehsal olunur.

"8 Noyabr" Elektrik Stansiyasının istifadəyə verilməsi həm də Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platformasının daha bir təsdiqidir. Belə ki, bu önəmli layihə İtaliya və Çin şirkətləri ilə birlikdə araya-ərsəyə gəlib. Stansiyanın açılışında sözügedən bu iki ölkənin strateji tərəfdaşlarımız olduğu qeyd edildi. O da diqqətə çatdırıldı ki, "8 Noyabr" stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Məsələn, ölkəmizin enerji sisteminin səmərəliliyi, generasiya gücü artacaq, eyni zamanda şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, təbii qaza qənaət etmək imkanı yaranacaq. Daxildə nə qədər təbii qaza qənaət edilsə, ixrac imkanlarımız bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması ölkəmizə əlavə qazanc gətirəcək. 

Ümumiyyətlə, son illər bir sıra enerji obyektləri əsaslı təmir olunub, yaxud onların yerində təzə stansiya və yarımstansiyalar tikilib. Bunların sırasında 2025-ci il iyunun 23-də açılan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Yevlax" qovşaq yarımstansiyasının özünəməxsus yeri var. Belə ki, bu enerji obyekti 60 il əvvəl tikildiyindən tələbatı ödəmirdi. Respublikanın Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamilə yenidən qurulub. 

Bu enerji obyekti Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən "Varvara" Su-Elektrik Stansiyasında istehsal edilən "yaşıl enerji"nin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malikdir. Burada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.

Kiçik arayış: son beş ildə "Azərenerji" ASC tərəfindən ümumilikdə 47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiya tikilib və ya tam yenidən qurulub, 2500 kilometr uzunluğunda yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Ölkədə ümumi gücü 3000 meqavatdan artıq elektrik enerjisi istehsal edən 45 stansiya tikilib. Təkcə işğaldan azad edilmiş ərazilərdə tikilən su-elektrik stansiyalarının sayı 38, gücü isə 307 meqavatdır.

İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən qeyd edək ki, bu il həmin yerlərdə də bir sıra yeni enerji obyektləri fəaliyyətə başlayıb. Bir zaman mənfur düşmənin əli ilə çırağı söndürülən Xocalıda indi işığımız daha gur yanır. Mayın 9-da açılışı olan "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi də məhz bunun göstəricisidir.

"Azərişıq" ASC-nin məlumatına görə, 3200 KVA gücündə "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayış komplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə də sosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı, etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirmək məqsədi daşıyır. Yarımstansiyanın elektrik təchizatı üçün "Xankəndi-1" və "Əsgəran" yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləri çəkilib. 

Bu il Laçında da iki enerji obyekti işə başlayıb. Bunlar Prezident İlham Əliyevin mayın 27-də açılışını etdiyi "Azərenerji"nin "Aşağı Malıbəy" və "Mirik" su-elektrik stansiyalarıdır. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə "Aşağı Malıbəy" və 3,5 MVt gücündə "Mirik" su-elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub.

"Aşağı Malıbəy" və "Mirik" SES-lərdə il ərzində 20 milyon kilovat-saat "yaşıl enerji"nin istehsalı nəzərdə tutulub. Bu, 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.  

Dövlətimizin başçısının avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində "Azərenerji" ASC-nin 3 enerji obyektinin - "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su-elektrik stansiyalarının da açılışını etməsi bir daha göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının "yaşıl enerji" zonasına çevrilməsi hədəfinə doğru inamlı addımlar atılır.

Kəlbəcərdə tikilən 8,6 meqavatlıq "Aşağı Vəng" və 8,8 meqavatlıq "Nadirxanlı" stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal olunan ekoloji təmiz "yaşıl enerji" ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin ediləcək.

Beləliklə, təkcə Kəlbəcərdə istifadəyə verilən "yaşıl enerji" obyektlərinin sayı 11-ə çatdı. Bu da Qarabağda və Şərqi Zəngəzurda həmin istiqamətdə gedən işləri aydın xarakterizə edir. Burada istifadəyə verilən müasir elektrik stansiya və yarımstansiyalar bir çox digər sahələrin inkişafını təmin edir, nəticə etibarilə insanların doğma yurd-yuvalarına qayıtmasını tezləşdirir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Numan Kurtulmuş: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqının müstəqillik əzminin təzahürüdür  

15:15
20 Yanvar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

15:00
20 Yanvar

Lavrov ATƏT-də dərin böhran olduğunu bildirib  

14:38
20 Yanvar

Hava şəraiti ilə əlaqədar yollarda görülən işlər açıqlanıb  

14:29
20 Yanvar

Gənclər və İdman Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

14:21
20 Yanvar

ABŞ Prezidenti: Böyük Britaniyanın Çaqos adaları üzərində suverenliyi təhvil verməsi böyük axmaqlıqdır  

14:08
20 Yanvar

Qurban Qurbanov: Sabah azarkeşləri uğurlu nəticə ilə sevindirmək istəyirik  

14:01
20 Yanvar

Prezident İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun Baş naziri ilə görüşüb 

13:58
20 Yanvar

Türkiyə Müdafiə Nazirliyi: Azərbaycan xalqının ağrısını bölüşürük  

13:47
20 Yanvar

Sabah yağıntılar tədricən kəsiləcək  

13:34
20 Yanvar

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:33
20 Yanvar

BMT-Habitat eksperti: Yaşıl memarlıq Azərbaycanda şəhərlərin inkişafının getdikcə daha mühüm tərkib hissəsinə çevrilir 

13:29
20 Yanvar

Ümumxalq Hüzn Günü ilə əlaqədar ETSN-in kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

13:28
20 Yanvar

Dini konfessiyaların rəhbərləri və din xadimləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər  

13:23
20 Yanvar

Türk ekspert: 20 Yanvar Azərbaycan xalqının müstəqilliyə gedən yolunda qanlı, lakin həlledici dönüş nöqtəsidir  

13:17
20 Yanvar

Laçında 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram 

13:12
20 Yanvar

Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb 

13:11
20 Yanvar

Gürcüstan portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub  

13:08
20 Yanvar

Xankəndi, Ağdərə və Xocalıda sükut dəqiqəsi – 20 Yanvar şəhidlərinin xatirəsi anıldı  

12:57
20 Yanvar

İsrailli politoloq: 20 Yanvar təkcə faciə deyil, insanlıq və ləyaqət dərsidir  

12:56
20 Yanvar

Donald Tramp Emmanuel Makronu Fransa şərablarına 200 faizlik rüsumla hədələyib  

12:55
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!